Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.
Qadınlar güclü doğulmur, güclü olmağa məcbur edilir.
Qadın güclü olmalıdır, deyirlər. Bu cümlə artıq bir gözləntidir, hətta bir hökm kimidir. Sanki qadın doğulduğu andan etibarən psixoloji dözümlülük, emosional nəzarət və fədakarlıq mexanizmi ilə təchiz olunub. Əslində isə bu “güc” çox vaxt sosial istismarın nəticəsidir. Dost üçün dinləyən qulaq, tanış üçün rahat sığınacaq, bacı-qardaş üçün səssiz daşıyıcı, ailə üçün tükənməz resurs… Hamı ondan bir parça alır. Onun ehtiyacları isə “sonra”ya saxlanılır. Həmişə sonra. İnsanın başqalarının rifahı üçün öz emosiyalarını davamlı şəkildə tənzimləməsinə psixologiyada emosional əmək deyilir. Qadınlar bu yükü illərlə daşıyır və buna “xarakter” adı verilir. Halbuki bu, yavaş-yavaş parçalanmaqdır. Bütün bunların fonunda qadın yenə də ayaqdadır. Bəli, o hələ də güclüdür. Amma bu güc seçilmiş deyil, məcbur qalınmış gücdür.
Onu qınayanlar bunu bilirmi? Əsla!.
Çünki bir insanı anlamaq üçün onun həyatını yaşamaq lazımdır. Onun gecələrini, susduğu cümlələri, içində boğduğu ağrıları. Kənardan “sən dəyişmisən” demək asandır. İçəridə nələrin dağıldığını görmək isə çətindir.
Qadın güclüdür, çünki başqa seçimi olmayıb.
Amma bu, onun zəif olmaq haqqını əlindən almır.
Zəriflik lüks deyil, insan ehtiyacıdır.
Və bəlkə də ən böyük faciə budur!
Və qadın hələ də güclüdür!. Amma onu güclü edənlərin heç biri bunun nə bahasına başa gəldiyini bilmir. Bilmirlər ki, bəzən bu “güc” qadını içindən parçalayır. Susmaqdan yaranan güc, dözməkdən böyüyən güc, hər kəsə dayaq olub özü yıxılanda görünməyən güc… Bu güc əslində güc deyil — bu, yorğunluqdur. Qadın hər səhvi ilə, hər doğrusu ilə yaşayır. Yanılmağa haqqı yoxdur guya. Ağlasa zəifdir, susarsa soyuq. Güclü olmazsa qınanır, güclü olanda isə tək qalır. Qadın güclü yox, zərif olmaq istəyir. Birinin onu “düzəltmədən” sevməsini, daşıdığı yükü sorğulamadan bölüşməsini istəyir. Bir gün “mən bacarmıram” demək, bir gün sadəcə ağlamaq, heç nəyi izah etməmək istəyir. Qadın güclü olmaqdan yorulur. Səhvləri ilə, doğruları ilə sadəcə qadın olmaq istəyir.Və hər tənha qadin da Tanrının rəfiqəsidir.