Cəmiyyətin nəbz i... Bir ildə dördəm olmadı: Statistikanın arxasındakı maraqlı mənzərə

22.01.2026

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Bəzən rəqəmlər səssiz danışır, amma diqqətlə baxanda cəmiyyətin demoqrafik nəbzini tutmaq olur. 2025-ci il üçün açıqlanan rəsmi statistika da məhz belə məlumatlardandır. Ötən il Azərbaycanda dördəm uşaq dünyaya gəlməyib. Bəli, bir dənə də olsun.

Ədliyyə Nazirliyinin məlumatına görə, 2025-ci il ərzində ölkə üzrə dördəm doğumu qeydə alınmayıb. Bununla yanaşı, 3 064 əkiz uşaq dünyaya gəlib. Onlardan 1 517-si qız, 1 547-si isə oğlan olub. Rəqəmlər göstərir ki, əkizlər arasında oğlanların sayı cüzi fərqlə üstünlük təşkil edir.

Bu statistika 2024-cü ilin göstəriciləri ilə müqayisədə daha da maraqlı görünür. Belə ki, 2024-cü ildə 3 386 əkiz uşaq (1 709 qız, 1 677 oğlan) doğulmuşdu. Həmin il həmçinin dörd dördəm dünyaya gəlmişdi ki, maraqlıdır, onların hamısı oğlan olub. Bu fakt bir il sonra tam fərqli mənzərə ilə əvəzlənib: əkizlərin sayı azalıb, dördəmlər isə statistikadan “yoxa çıxıb”.

Mütəxəssislər hesab edirlər ki, çoxdöllü hamiləliklərin sayı birbaşa tibbi texnologiyalar, reproduktiv sağlamlıq xidmətləri və ailə planlaşdırılması ilə bağlıdır. Xüsusilə süni mayalanma üsullarının tətbiqi bu cür doğumların artmasına təsir göstərən əsas amillərdən sayılır. Digər tərəfdən, hamiləliklərin daha diqqətli aparılması və risklərin minimuma endirilməsi məqsədilə həkimlərin çoxdöllü hamiləliklərə daha ehtiyatla yanaşması da rəqəmlərə təsirsiz ötüşmür.

Dördəm doğumunun bir il ərzində qeydə alınmaması nadir hal sayılsa da, bu, demoqrafik baxımdan həyəcan siqnalı deyil. Əksinə, bu cür hamiləliklər yüksək risk daşıdığı üçün onların azlığı ana və uşaq sağlamlığı baxımından müsbət tendensiya kimi də qiymətləndirilə bilər.

Bir sözlə, statistika göstərir ki, 2025-ci ildə Azərbaycan xəstəxanalarında körpə səsləri eşidilib, amma bu səslər dördəm harmoniyası yaratmayıb. Ola bilsin ki, növbəti illərdə bu nadir hadisə yenidən qeydə alınacaq. Axı demoqrafiya da həyat kimi sürprizlərlə doludur.

Leyla Mirzə, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью