Çempion qaldığı yerdən davam edir

16.08.2026

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Misli Premyer Liqasının son qalibi “Sabah” çempionatda yeni mövsümə qələbə ilə başladı. Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv I turda “Kəpəz”i məğlub etdi – 2:0.

Çempionlar Lİqasında pley-off mərhələsini “Hapoel”lə (Beer Şeva) səfər matçı ərəfəsində liqa görüşünə rotasiyalarla çıxan “bayquşlar” kritik qələbə qazandı.

Xüsusilə birinci hissədə balanslı oyun keçdi. Bəzən “Sabah”, bəzənsə “Kəpəz” oyun üstünlüyünü ələ aldı. Matçda hesabı “Kəpəz” açsa da, qol VAR müdaxiləsindən sonra ofsayda görə ləğv olundu.

Fasilədən sonra üstünlüyünü artıran və irəlidə pressinq tətbiq edən meydan sahibləri penaltidən fərqləndi. İkinci hissədə əsas heyətin bir neçə üzvünü döyüşə atan Dambrauskas “Kəpəz”in sürpriz arzusuna imkan vermədi.

Severina, Mikels, Alekseyin oyuna qoşulmasından sonra daha aktiv oynayan “Sabah” son dəqiqələrdə daha bir qol vurmaqla görüşün taleyini həll etdi.

“Kəpəz” isə növbəti dəfə mövsümə məğlubiyyətlə başladı. Gəncə təmsilçisində komanda oyununda axsamalar var. Yeni transferlər hələ adaptasiya ola bilməyib və legionerlər daha çox fərdi oyuna üstünlük vermələri ilə diqqət çəkdi. Xüsusilə, Abubakar fərq yaratmağa çalışırdı.

İlk oyundan sonra “sarı-göylər” haqqında konkret fikir söyləmək olmur. Görünənin qısa izahı “köhnə hamam, köhnə tas”dır. Qarşıdakı turlarda “Kəpəz”lə bağlı daha dolğun fikirlər irəli sürmək mümkün olacaq.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью