Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
Misli Premyer Liqasının XII turu çərçivəsində səfərdə “Şəfa” üzərində qələbə qazanan (2:0) “Qəbələ”nin baş məşqçisi Yeton Bekiri qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.
“Futbolpress.az” xəbər verir ki, mütəxəssis ilk növbədə görüş haqqında fikirlərini bölüşdü:
– Məncə, bu gün ümumilikdə 90 dəqiqə ərzində komandamız yaxşı oyun nümayiş etdirdi. Əlbəttə ki, görüş boyunca problemli vəziyyətlərimiz də oldu, lakin bu gün qələbəyə layiq olan tərəf biz idik. “Zirə” ilə sonuncu oyundakı məğlubiyyətdən sonra bugünkü zəfər çox önəmli idi.
– Ötən mövsüm 10 qol vuran Kərim Rossinin zədədən sonra əsas heyətə düşməkdə çətinlik çəkməsini nə ilə əlaqələndirirsiniz?
– Mən “Qəbələ”yə gələndə Rossinin zədəsi var idi və o, uzun müddət məşq edə bilmədi. Yalnız son həftə məşqlərdə aktiv iştirak etməyə başladı və fiziki formasını bərpa etdi. Bu gün də ehtiyatdan oyuna qoşuldu. Düşünürəm ki, zədəsini tam sağaltdığı üçün növbəti matçlarda daha çox oynamaq şansı qazanacaq.
– Komandanı qarşıda “Şamaxı” və “İmişli” ilə ardıcıl iki səfər matçı gözləyir. Hər iki rəqib süni örtüklü meydançada çıxış edir. Təbii qazonda məşq edən komanda üçün bu amil sizi narahat etmir?
– Düzünü desəm, əlbəttə ki, bu məsələ məni narahat edir. Çünki süni meydançada oynamaq müəyyən çətinliklər yaradır. Amma başqa seçimimiz yoxdur. Bunlar rəqiblərin meydançalarıdır və orada oynamağa məcburuq. Yaxşı ki, Qəbələdə də süni örtüklü meydançamız var. Həmin oyunlara hazırlıq məqsədilə bəzi məşqlərimizi, çox güman, orada keçirəcəyik. Ümid edirəm ki, gələcəkdə federasiya bütün stadionların təbii ot örtüklü olması ilə bağlı qərar qəbul edər. Mən bu ölkəni və bu liqanı çox sevirəm, çempionatımız ən yaxşısına layiqdir. Buna görə də meydançaların keyfiyyətli olması vacibdir.
– Komandanız çempionatın ən az qol vuran kollektivlərindəndir. Heyətdə kifayət qədər sürətli futbolçuların olmasına baxmayaraq, hücum məhsuldarlığının aşağı olmasının səbəbi nədir?
– Sizinlə razıyam. Düz vurğuladınız ki, mən bura gələndə komanda altı oyunda cəmi iki qol vurmuşdu. Lakin sonradan yavaş-yavaş sistemi və oyun üslubunu dəyişdik, nəticədə qolların sayı artmağa başladı. Düşünürəm ki, zamanla bu göstərici daha da yaxşılaşacaq.
Ayxan Zayıdzadə