Çempionlar Liqasında qol vuran ilk azərbaycanlı Bəhlul deyil Ramizdir

26.01.2026

Icma.az, Modern.az saytına istinadən bildirir.

"Qarabağ"ın Almaniyanın "Ayntraxt" komandası ilə Çempionlar Liqası çərçivəsindəki oyununda bir ilk yaşanmışdı. Belə ki, müdafiəçi Bəhlul Mustafazadə matçın 90+4-cü dəqiqəsində vurduğu qolla Çempionlar Liqasının əsas mərhələsində qol vuran ilk Azərbaycan vətəndaşı kimi tarixə düşüb.

Lakin Bəhlul Mustafazadə Çempionlar Liqasının əsas mərhələsində qol vuran ilk azərbaycanlı deyil.

Modern.az-ın məlumatına görə, əslən azərbaycanlı futbolçu Ramiz Məmmədov 1995-ci ildə "Spartak"ın heyətində "Rusenburq"a vurduğu qol ilə UEFA Çempionlar Liqasının qrup mərhələsində qol vuran ilk azərbaycanlı kimi tarixə düşüb.

Ramiz Məmmədov kimdir?

Ramiz Məmmədov 21 avqust 1972-ci ildə Moskvada anadan olub. Atası Mehman Məmmədov milliyətcə azərbaycanlıdır, əslən Gürcüstanın Yuxarı Qarabulaq kəndindəndir. Anası isə milliyətcə rusdur.

Klub karyerası

Ramiz Məmmədov Moskvanın “Spartak” klubunun yetirməsidir. O, 1992–1998-ci illərdə bu komandanın heyətində çıxış edərək 5 dəfə Rusiya çempionu olub.

1998–1999-cu illərdə “Arsenal” (Tula) və “Krılya Sovetov” (Samara) klublarında forma geyinib. Daha sonra “Dinamo Kiyev” klubuna keçib və burada Ukrayna çempionatının qalibi olub.

2000-2001-ci illər mövsümündə Avstriyanın “Şturm Qrats” klubunda çıxış edib. 2002-ci ildə isə “Volqar” klubu ilə müqavilə imzalayıb.

2003-cü ildə Rusiyaya qayıdaraq “Luç-Energiya” klubunun heyətində Rusiya İkinci Divizionunun Şərq zonasında çempionluq qazanıb (kiçik qızıl medal-red). Bundan sonra peşəkar futbolçu karyerasını başa vurub.

O, Rusiya Premyer Liqasında 139 oyunda 7 qol vurub.

Milli komanda

Ramiz Məmmədov 1994-1998-ci illərdə Rusiya milli komandasının heyətində 10 oyun keçirib. Milli komandadakı debütünü 17 avqust 1994-cü ildə Avstriya yığmasına qarşı edib.

O, Birinci Divizion klubunun futbolçusu kimi Rusiya millisində çıxış edən ilk oyunçu kimi tarixə düşüb. Belə ki, 18 noyabr 1998-ci ildə “Arsenal” (Tula-red.) klubunun futbolçusu olarkən Braziliya millisinə qarşı oyunda iştirak edib.

Nailiyyətləri

Beş dəfə Rusiya Çempionatının qalibi olub: 1992, 1993, 1994, 1996, 1997;

Rusiya çempionatının bürünc medalçısı: 1995;

Rusiya Kubokunun qalibi: 1995/1996;

Ukrayna çempionatının qalibi: 1999/2000;

Rusiya İkinci Divizionu, Şərq zonasının çempionu;

R.Məmmədov Rusiya Futbol Federasiyasının tərtib etdiyi “Rusiya çempionatının ən yaxşı 33 futbolçusu” siyahısına daxil edilib (4 dəfə).

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью