futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Sabah” Misli Premyer Liqasında XXIX turda autsayder “Karvan-Yevlax”ı məğlub edib – 2:0. “Bayquşlar” ikinci hissədə vurduğu qollarla çempionluğa bir addım da yaxınlaşıb.
Turnir cədvəlinin ikinci pilləsində yer alan “Qarabağ” aprelin 30-da “Neftçi”yə təxirə salınmış oyunda məğlub olacağı halda, “Sabah”ın birinciliyi rəsmiləşəcək. Bu hal baş verməzsə, “futuristlər” bir həftə gözləməli olacaq. Valdas Dambrauskasın yetirmələri XXX turda səfərdə “Şamaxı”ya qarşı keçirilən matçda üç xal əldə etsə, “Qarabağ”ın nəticəsindən asılı olmayaraq, qızıl medalları rəsmiləşdirəcək.
“Sabah”ın autsayder “Karvan-Yevlax”la matçda rahat və böyükhesablı qələbə qazanacağı ehtimal edilirdi. Lakin komandanın “Qarabağ”a qarşı keçirdiyi ardıcıl iki oyunun yorğunluğu özünü göstərdi. “Bayquşlar” ilk hissədə bir neçə real qol şansı yaxalamasına baxmayaraq, hesabı aça bilmədi. Fasilədən sonra ardıcıl qollar vuran “Sabah” oyunun taleyini altı dəqiqəyə vurduğu qollarla həll etdi.
“Sabah” çempionluğa, Yevlax təmsilçisi isə I Liqaya yaxınlaşdı. “Karvan-Yevlax”ın artıq elitada qalması şansları minimumdur. Sanki komanda da taleyi ilə barışıb. “Sabah”a “diş keçirə bilməyən” Füzuli Məmmədovun yetirmələri növbəti turda məğlub olsa və “Qəbələ” qələbə qazansa, onların da liqanı tərk etməsi dəqiqləşəcək.
Şahin Cəfərov