Cenk Sümer: “Çempion olmaq istəyirik”

19.09.2026

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Neftçi” Misli Premyer Liqasının VI turunda “Qəbələ”ni məğlub etdi – 3:0.

Matçdan sonra “ağ-qaralar”ın baş icraçı direktoru Cenk Sümer jurnalistlərin suallarını cavablandırdı:

– Qələbəni şərh edərdiniz.
– Mövsüm bizim üçün çətin başladı. Yeni komandamız var, 9 transfer etmişik, bir neçə futbolçu ilə də vidalaşmışıq. Konfrans Liqasından kənarlaşmağımız ruh düşkünlüyü yaratdı. Amma yaxşı reaksiya verdik, yaxşı işlər gördük. Bu gün də 1000-ci oyunumuzda qələbə qazandıq. Bu uğura sahib olan komanda kimi qürurluyuq. Azarkeşlərimizə, camiəmizə xeyirli olsun. “Qəbələ”yə uğurlar arzu edirəm. İnanıram ki, yeni baş məşqçi ilə oyunlarını tapacaqlar və yaxşı nəticələr qazanacaqlar. Əvvəldən demişəm, 90-cı ildönümümüzdə çempion olmaq istəyirik.

– Qarşıda iddialı rəqiblərlə oyunlar var. Heyət yaxşı nəticələr üçün yetərlidir?
– Rəqibin böyüyü, kiçiyi olmaz. Turnir cədvəlində yuxarıda olan komandalarla hələlik oynamasaq da, hər matçın öz çətinliyi var. Mövsümün əvvəlində də baş məşqçimizlə danışanda bildirdik ki, hədəfimiz yaxşı oynayan komanda qurmaq idi. Yenə qeyd edirəm, yeni transferlərimiz var, buraya uyğunlaşmağa çalışırlar. Bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Hər birinə eyni tərzdə hazırlaşırıq.

– Rəqabətin ötən mövsümlə müqayisədə artdığını düşünürsünüz?
– Burada üçüncü mövsümümdür. Hər il rəqabət artır. AFFA, PFL gözəl işlər görür. Eyni zamanda klublarımız da inkişafa can atır. Azərbaycan ardıcıl iki il Çempionlar Liqasının əsas mərhələsində təmsil olunur. Ümid edirəm, növbəti mövsüm biz də orada olacağıq. Bu nəticələrin milli komandaya da müsbət təsir göstərəcəyini düşünürəm.

– Ardıcıl qələbələrdən sonra fasilənin olması komandaya necə təsir edəcək?
– Ardıcıl qələbələr pis təsir etməz. Komandanı hazırlamağa, uyğunlaşma prosesini tamamlamağa çalışırıq. Çalışqan məşqçilər heyətimiz var, gecə-gündüz işləyirlər. Bu iş təkcə meydanda olmaq, rəqibi təhlil etməkdən ibarət deyil. Fasilənin bizim üçün faydalı olacağını düşünürəm.

– Azərbaycan milli komandasının Millətlər Liqasındakı şanslarını necə dəyərləndirirsiniz?
– Millinin səviyyəsi artır. Keyfiyyətli futbolçular var, məşqçi Ayxan Abbasov da özünü futbola həsr edən biridir. Yığma hər oyunda xal və ya xallar qazanmağa çalışır. Düşünürəm ki, şanslarımız var və daha da inkişaf edəcəyik. Matçlar oynanılmadan qazanılmaz. Hər futbolçu meydanda aslan kimi döyüşməlidir.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью