Cənnət Parkda nə baş verir? Sakinlər narazıdır: AÇIQLAMA

23.01.2026

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

"Cənnət Park" Yaşayış Kompleksinin 10 və 11-ci binalarının sakinləri artıq iki ildən çoxdur ciddi problemlə üzləşiblər. Şikayətçilərin sözlərinə görə binalar təhvil verilsə də, hələ də qazla təmin olunmayıb. Halbuki müqavilə şərtlərinə əsasən, mənzillər qaz, işıq və su ilə tam təmin olunmuş şəkildə təqdim edilməli idi. Sakinlər bildirirlər ki, kompleks rəhbərliyinə etdikləri müraciətlər nəticəsiz qalır, onlara yalnız gözləyin cavabı verilir və bəzən qeyri-etik münasibətlə qarşılaşırlar. Şikayətdə qeyd olunur ki, binalarda yaşayanların əksəriyyəti azyaşlı uşaqları olan gənc ailələrdir və mövcud şəraitdə mənzillərin qızdırılması mümkün deyil. Sakinlər aidiyyəti qurumlardan məsələyə müdaxilə olunmasını və problemin həllini gözlədiklərini bildirirlər.
Məsələ ilə bağlı əmlak eksperti Rəşad Quliyev Demokrat.az-a açıqlamasında deyib ki, Cənnət Park Yaşayış Kompleksində yaranmış vəziyyət təkcə məişət problemi deyil, eyni zamanda ciddi hüquqi pozuntudur:
“Çünki tikinti şirkəti mənzili təhvil verərkən onu yaşayış üçün yararlı vəziyyətdə təqdim etməyə borcludur və kommunal təminatın olmaması bu öhdəliyin yerinə yetirilmədiyini göstərir. Müqavilədə qaz, işıq və suyun təmin ediləcəyi qeyd olunubsa, bu şərtin icra olunmaması istehlakçı hüquqlarının pozulması deməkdir”. 
O bildirib ki, bu cür hallar gələcəkdə həmin layihənin bazar dəyərinə də mənfi təsir göstərir və alıcıların etimadını zəiflədir:
“Üstəlik, iki il ərzində qaz təminatının olmaması binanın faktiki olaraq istismara tam hazır olmadığını göstərir. Məsələnin həll olunmaması isə sakinlərin məhkəməyə və aidiyyəti dövlət qurumlarına müraciət etməsi üçün hüquqi əsas yaradır”.
Məsələ ilə bağlı Cənnət Park Yaşayış Kompleksi ilə əlaqə saxladıq. 
Kompleksdən bildirdilər ki, yaşayış kompleksində yerləşən 11 binadan 9-da qaz, lift, işıq, su və digər kommunal xidmətlər tam şəkildə təmin olunub:
“Hazırda digər iki binada qaz xəttinin çəkilişi üzrə texniki işlər aparılır. Qış mövsümündə sakinlərin narahatlığı anlayışla qarşılayırıq. Bu prosesin bir-iki gün ərzində başa çatdırılması texniki baxımdan mümkün deyil və şirkət üzərinə düşən öhdəlikləri icra edir. Ümumilikdə 120 sakindən yalnız 5–10 nəfər məsələ ilə bağlı narazılıq bildirib. Sakinlərin fərdi mövqelərinin olduğu anlayırıq. Məsələ ilə bağlı aidiyyəti rəsmi qurumlara zəruri məlumat və izahatların verilib”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью