Icma.az, Azertag saytına istinadən bildirir.
Cəlilabad, 30 yanvar, İlkin Adıyev, AZƏRTAC
Son günlər ölkə ərazisində müşahidə olunan qarlı hava və ardınca temperaturun yüksəlməsi Cənub bölgəsinin çaylarında bol sululuq yaradıb. Xüsusilə dağlıq ərazilərdə qarın sürətlə əriməsi nəticəsində çaylara daxil olan suyun həcmi artıb. Bu baxımdan Cəlilabad rayonundan keçən Mişarçayda da suyun səviyyəsinin artımı müşahidə olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əsasən yağış və qar suları ilə qidalanan Mişarçay Cəlilabad rayonunun bir sıra yaşayış məntəqələri və əkin sahələri üçün mühüm su mənbəyi hesab olunur. Son günlər müşahidə edilən yağıntılar və qarın intensiv əriməsi nəticəsində çayın su səviyyəsində nəzərəçarpacaq artım qeydə alınıb. Çay üzərində yerləşən 4 su anbarı və 2 sututarda da suyun həcmi yüksək həddə çatıb.
Məsələ ilə bağlı Su Meliorasiya Sistemləri İdarəsinin əməkdaşı Rafiq Allahverdiyev bildirib ki, yaranmış vəziyyət diqqətlə izlənilir və bütün ərazi tam nəzarətə götürülüb. Onun sözlərinə görə, mümkün risklərin qarşısının alınması məqsədilə aidiyyəti qurumlar tərəfindən qabaqlayıcı tədbirlər görülür: “Hazırda Cəlilabad şəhəri və Göytəpə ərazisində yerləşən su anbarları nəzarət altındadır. Anbarlarda ehtiyat sahə saxlanılır, suyun həcmi tənzimlənir. Məqsəd aşağı ərazilərdə subasma hallarının qarşısını almaqdır. Suyun gəlişi və çıxışı daim monitorinq edilir, vəziyyət dəyişərsə, dərhal operativ tədbirlər görüləcək”.
Yağıntılardan sonra yalnız Mişarçayda deyil, Cənub bölgəsində yerləşən digər çaylarda da bol sululuq müşahidə olunur. Mütəxəssislərin fikrincə, hazırkı mərhələdə çaylarda suyun səviyyəsi təhlükəli həddi aşmasa da, qarşıdakı günlərdə intensiv yağıntıların davam etməsi və temperaturun yüksəlməsi nəticəsində qarın ərimə prosesinin sürətlənməsi riskləri artıra bilər.
Bununla əlaqədar olaraq, əkin sahələrinin, həyətyanı torpaq sahələrinin və yaşayış məntəqələrinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəzarət tədbirləri gücləndirilib. Əraziyə əlavə texnikalar cəlb edilib, çay məcraları və suötürücü qurğular yoxlanılır. Yerli sakinlərə isə ehtiyatlı olmaları, çay məcralarına yaxın ərazilərdə təhlükəsizlik qaydalarına əməl etmələri tövsiyə olunur.