Icma.az, Azertag saytına istinadən bildirir.
Pekin, 1 oktyabr, AZƏRTAC
Cənubi Koreyada əhalinin sürətlə qocalması fonunda yaşlı əhalinin payı ümumi əhalinin 21,6 faizinə çatıb.
AZƏRTAC Cənubi Koreyanın Məlumat və Statistika Nazirliyinə istinadla xəbər verir ki, ölkədə 65 yaş və yuxarı insanların sayı 11,125 milyon nəfərə çatıb.
Ötən il yaşlıların payı 20 faiz həddini keçməklə Cənubi Koreya rəsmən "super yaşlı cəmiyyət" statusunu aldıqdan sonra, əhalinin qocalması prosesi daha da sürətlənib. Nazirliyin proqnozlarına görə, yaşlı əhalinin payı 2036-cı ilə qədər ümumi əhalinin 30 faizini, 2050-ci ilə qədər isə 40 faizini keçəcək.
Yaşlıların əmək qabiliyyətli əhaliyə (15-64 yaş arası) nisbətini göstərən "yaşlılıqdan asılılıq əmsalı"nın 2026-cı ildəki 31,3 səviyyəsindən 2036-cı ildə 50,1-ə və 2066-cı ildə 100,8-ə yüksələcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, 51 milyon əhalisi olan Cənubi Koreyada doğum əmsalı (hər qadının dünyaya gətirdiyi uşaq sayı) 2023-cü ildə tarixi minimuma (0,7 uşaq) endikdən sonra ötən il bir qədər yaxşılaşaraq 0,8-ə yüksəlib. Buna baxmayaraq həmin rəqəm əhalinin sayının sabit qalması üçün lazım olan 2,1 uşaqdan xeyli azdır. Hökumət bir neçə ildir ki, ailələrin daha çox uşaq dünyaya gətirməsini təşviq edən addımlar atsa da, bir çox amil, o cümlədən ev qiymətlərinin və təhsil xərclərinin yüksək olması, karyera məsələləri gəncləri ailə qurmaqdan və uşaq dünyaya gətirməkdən çəkindirir.
Asiyanın 4-cü böyük iqtisadiyyatı olan Cənubi Koreyada əhalinin sayının azalması fonunda demoqrafik problem ildən-ilə kəskinləşir. Ekspertlər Cənubi Koreyada əhalinin sayının 2070-ci ilə qədər 38 milyon nəfərə enəcəyini proqnozlaşdırıblar. Həmin ilədək 65 yaşdan yuxarı koreyalılar ölkə əhalisinin 45 faizini təşkil edəcək. BMT-nin rəyinə əsasən, yaşı 65-dən yuxarı olanların sayı ümumi əhalinin sayının 14 faizindən çoxunu təşkil edərsə, həmin cəmiyyət "yaşlı cəmiyyət", bu rəqəm 20 faizdən çox olarsa "super yaşlı cəmiyyət" kimi xarakterizə olunur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin