Cənubi Qafqaz artıq kənardan diktə edilən region deyil

19.11.2026

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Fransanın Avropa və Xarici İşlər Nazirliyində xarici ticarət və iqtisadi cəlbedicilik məsələləri üzrə səlahiyyətli nazir Nikola Forissyenin və Fransa Avropa və Xarici İşlər Nazirliyinin fransalı deputatın suallarına cavablarında Azərbaycana qarşı səsləndirdikləri iddialar və o cümlədən Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı fikirlər tamamilə əsassızdır. Fransalı nazirlər və deputatlar sanki başqa planetdən gəlmiş, reallıqlardan qopmuş insanlar kimi danışırlar. Onların iddiaları elə ilk başdan qərəzli və birtərəflidir. Ən gülməlisi də budur ki, Fransa hökuməti öz ölkəsinin köklü problemlərini həll edə bilmir, lakin utanmadan Azərbaycanın daxili işlərinə qarışır və əhkam kəsməyə çalışır. Bir zamanlar Ermənistanın havadarı rolunda çıxış etməyə can atmış Fransa prezident Emmanurel Makron özü qeyri-ciddi lider olduğu üçün, onun hökuməti də liderinə bənzəyir.
Bu yanaşma Fransanın xarici siyasətində obyektivlik və ardıcıllıq prinsiplərinin nə dərəcədə arxa plana keçdiyini bir daha göstərir. Rəsmi Parisin Azərbaycanla bağlı açıqlamaları regionun yeni reallıqlarını, beynəlxalq hüququn tələblərini və son illərdə Cənubi Qafqazda baş verən proseslərin mahiyyətini qətiyyən nəzərə almır. Fransa rəsmiləri məsələlərə tərəfsiz vasitəçi kimi deyil, Ermənistanın siyasi mövqeyini müdafiə edən tərəf kimi yanaşırlar.
Halbuki Azərbaycan uzun illər ərzində öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək, regionda davamlı sülh və sabitlik yaratmaq üçün ardıcıl siyasət yürüdüb. Azərbaycan-Ermənistan normallaşma prosesinin irəliləməsi üçün müxtəlif platformalarda konkret təşəbbüslər irəli sürülüb, bir sıra mühüm razılaşmalar əldə olunub. Lakin Fransanın birtərəfli mövqeyi, Ermənistanı reallıqdan uzaqlaşdıran bəyanatları və regiona kənardan müdaxilə cəhdləri sülh prosesinə xidmət etmir, əksinə, yeni gərginliklər üçün zəmin yaradır.
Fransa özünü beynəlxalq hüququn və insan hüquqlarının müdafiəçisi kimi təqdim etməyə çalışsa da, onun müxtəlif regionlarda yürütdüyü siyasət bu iddialarla heç də həmişə uzlaşmır. Parisin müstəmləkəçilik keçmişi, ayrı-ayrı ölkələrin daxili işlərinə müdaxilə təcrübəsi və ikili standartlara əsaslanan yanaşması hamıya məlumdur. Belə bir dövlətin Azərbaycana demokratiya, hüquq və ədalət dərsi keçməyə çalışması ən azı siyasi ironiya doğurur.
Fransa rəsmiləri ilk növbədə öz ölkələrində dərinləşən sosial, iqtisadi və siyasi problemlərə diqqət yetirməlidirlər. Fransız cəmiyyətində artan narazılıq, siyasi qütbləşmə, sosial bərabərsizlik və hökumətə etimadsızlıq fonunda başqa dövlətlərə qarşı əsassız ittihamlar səsləndirmək məsuliyyətsiz davranışdır. Xarici siyasətdə nüfuz qazanmaq üçün emosional bəyanatlar deyil, obyektivlik, peşəkarlıq və ədalətli yanaşma tələb olunur.
Azərbaycan Fransa rəsmilərinin bu cür qərəzli açıqlamalarını rədd edir və belə bəyanatların ikitərəfli münasibətlərin inkişafına zərər vurduğunu bildirir. Əgər Paris həqiqətən Cənubi Qafqazda sülh və sabitlik istəyirsə, ilk növbədə tərəfkeş mövqedən əl çəkməli, region ölkələrinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməlidir. Ermənistanı birtərəfli qaydada müdafiə etmək, Azərbaycanı isə davamlı olaraq ittiham etmək sülhə vasitəçilik deyil, siyasi təzyiq cəhdidir.
Azərbaycan bundan sonra da öz milli maraqlarını qətiyyətlə müdafiə edəcək, beynəlxalq hüquqa əsaslanan mövqeyini qoruyacaq və regionda dayanıqlı sülhün təmin olunması üçün konstruktiv fəaliyyətini davam etdirəcək. Fransanın siyasi dairələri isə anlamalıdırlar ki, Cənubi Qafqaz artıq kənardan diktə edilən qərarlarla idarə olunan region deyil. Burada əsas söz sahibi region dövlətlərinin özləri və onların iradəsidir.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью