Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanın praqmatik xətti köhnə stereotipləri tarixə çevirir
Bu gün Cənubi Qafqaz köhnəlmiş stereotipləri və ənənəvi nüfuz bölgülərini geridə qoyaraq, müstəqil siyasi çəkisi olan yeni güc mərkəzi kimi formalaşır. Avropanın aparıcı analitik institutlarında, beynəlxalq diplomatik dairələrdə regiona yönəlmiş arxaik baxış bucaqları formalaşmış mövcud vəziyyətlə qətiyyən uzlaşmır.
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev xüsusi əhəmiyyət kəsb edən konfransdakı nitqində məhz sadalanan ziddiyyəti aktuallaşdırıb. Səsləndirilən elmi çıxışın fəlsəfəsi təsdiqləyir ki, bölgə ilə bağlı akademik araşdırmaların davamlı surətdə sovetşünaslıq şablonları daxilində aparılması qlobal ictimaiyyətin obyektiv dərk prosesini iflic edir. Sovet İttifaqının süqutundan üç onillikdən çox vaxt keçsə də, aparıcı Qərb tədqiqatçılarının köhnəlmiş yanaşmalardan qurtula bilməməsi Cənubi Qafqazla bağlı ardıcıl strateji yanlışlıqlara səbəb olur.
İsveçrənin Azərbaycan və Türkmənistandakı Səfirliyinin Regional Əməkdaşlıq bölməsi rəhbərinin müavini Qay Bonvin tədbirdəki çıxışında Cənubi Qafqazın strateji coğrafi mövqeyinə xüsusi diqqət çəkib. Qərbli diplomat vurğulayıb ki, bölgə Avropa, Qara dəniz və Mərkəzi Asiya arasında mühüm bağlantı məkanına çevrilir. Bütün nəhəng tranzit marşrutlarının kəsişməsində məhz rəsmi Bakı əvəzsiz rol oynayır. Mütəxəssis respublikamızın son 30 ildə keçdiyi şanlı inkişaf yolunun, həmçinin regional əlaqələrin intensiv genişlənməsinin dünya ictimaiyyəti üçün diqqətəlayiq olduğunu əsaslandırıb.
***
Tədbir çərçivəsində təşkil olunan müzakirələr müasir reallıqların mahiyyətini və geosiyasi dəyişikliklərin istiqamətlərini açmaq baxımından yüksək intellektual dərinliyi ilə seçildi. Avropada İdarəçilik və Mədəniyyət Mərkəzinin direktoru, idarəçilik, regional siyasət və sosial-siyasi transformasiya üzrə ekspert Alexander Meienbergerin moderatorluğu ilə keçirilən ilk panel postmünaqişə dövrünün siyasi və iqtisadi reallıqlarına həsr olundu.
“İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqaz: Yeni regional düzən?” adlı sessiyada bölgədə formalaşan yeni geosiyasi mənzərə ətrafında geniş fikir mübadiləsi aparıldı. Tədqiqatçılar Azərbaycanın artan iqtisadi və hərbi gücü, xarici siyasət prioritetləri, eləcə də irəli sürdüyü beynəlxalq təşəbbüslər barədə ətraflı müzakirələr apardılar. Qlobal güc mərkəzləri arasında mürəkkəbləşən münasibətlər və onların Cənubi Qafqazdakı strateji maraqlarının kəsişmə nöqtələri də panelin əsas müzakirə mövzularından biri oldu.
Sessiyanın davamında hüquqşünas, araşdırmaçı, İspaniya Deputatlar Konqresinin və Senatının keçmiş üzvü Jordi Xucla Avropa İttifaqının mövqeyində yaranan strateji dönüşə dair fikirlərini iştirakçılara təqdim etdi. Təqdimat çərçivəsində “Azərbaycanın Cənubi Qafqazda dəyişən geosiyasi rolu” mövzusunu təhlil edən ispan mütəxəssis yaxın keçmişin xüsusi mərhələlərinə toxundu. Tədqiqatçının sözlərinə əsasən, 2025-ci ilin avqustundan etibarən ərazidə cərəyan edən proseslər regional inteqrasiyanın uğurla irəlilədiyini göstərir: “Baş verən köklü dəyişikliklər qədim coğrafiyada əvvəlki dağıdıcı reallıqların tədricən sıradan çıxmasına, eyni zamanda, tamamilə fərqli əməkdaşlıq proseslərinin meydana gəlməsinə münbit şərait yaradır”.
Qərb siyasi təfəkküründəki sinifləşməni vurğulayan digər vacib çıxış Yeni Avrasiya Observatoriyasının həmtəsisçisi, Mərkəzi Asiya və Rusiyanın Asiya siyasəti üzrə ekspert Mixael Levystone tərəfindən səsləndirildi. Fransız analitik “2020-ci il İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın xarici siyasəti” adlı araşdırmasında rəsmi Bakının yürütdüyü praqmatik dövlət kursuna xüsusi diqqət çəkdi. Mütəxəssis respublikamızın atdığı inamlı addımları şərh edərək formalaşan regional təhlükəsizlik memarlığında ölkəmizin həlledici mərkəz olduğunu tutarlı dəlillərlə əsaslandırdı. ADA Universitetində Dövlət İdarəçiliyi üzrə dosent, postsovet məkanında dövlət siyasəti, idarəçilik, demokratiya və şəhər inkişafı üzrə ekspert Anar Vəliyev isə polemikaya qoşularaq məsələnin elmi-nəzəri bazasını daha da zənginləşdirdi. “Tarazlıq axtarışında: Cənubi Qafqazda rəqabət aparan regional yanaşmalar fonunda Azərbaycan və qoşulmama siyasəti” mövzusunda təqdimat edən alim uğurlu xarici siyasət modelinin görünməyən tərəflərini açdı. Çıxışdan aydın olur ki, qlobal qütbləşmənin ən kəskin dövründə respublikamız heç cür hərbi bloka daxil olmadan, məhz Qoşulmama Hərəkatının prinsiplərinə sadiq qalaraq nəhəng imperiyalar arasındakı qorxunc rəqabəti son dərəcə ustalıqla balanslaşdırır.
***
Avropalı diplomatların, beynəlxalq tədqiqatçıların gəldiyi müştərək qənaət konfransın əsas missiyasını, məhz zərərli stereotiplərin sındırılması reallığını tam mənası ilə təsdiqlədi. Məlum olduğu kimi, xarici platformalarda Qafqaz barəsində yazılan mühüm hesabatlar onilliklər boyunca yanlış, həmçinin qərəzli arqumentlər üzərində inşa olunurdu. Region xalqlarının mədəni irsi, fərqli dövlətçilik ənənələri əsaslı şəkildə yox sayılaraq, bütöv coğrafiya yalnız totalitar keçmişin qalıqları prizmasından analiz edilirdi.
Tədbirdə səslənən fikirlər metodoloji xətaların artıq sona çatmalı olduğunu diktə edir. Qərb paytaxtlarında oturan analitiklər dərk etməlidirlər ki, formalaşan azad cəmiyyəti, modern dövlət idarəçiliyini sovet ənənələri ilə əlaqələndirmək dəhşətli savadsızlıqdır. Problemin növbəti qatı xarici institutlarda və tədqiqat mərkəzlərində dərin kök salmış orientalist yanaşmalarla bağlıdır. Şərqşünaslığın müəyyən istiqamətində formalaşan orientalizm uzun müddət Şərq cəmiyyətlərini qeyri-rasional, özünüidarəetmə imkanları məhdud və daim xarici təsirə ehtiyac duyan məkanlar kimi təqdim etməyə çalışıb. Təəssüf ki, bu cür yanaşmalar əsassız və zərərli stereotiplərin bir sıra beyin mərkəzlərində möhkəmlənməsinə zəmin yaradıb. Xarici tədqiqatçıların bir qismi güclü dünyəvi dövlət modelini real siyasi kontekst daxilində qiymətləndirmək əvəzinə, mürəkkəb geosiyasi prosesləri ekzotik ziddiyyətlər, mədəni fərqliliklər və hətta xurafat səviyyəsinə endirməyə üstünlük verib. Lakin konfrans zamanı səsləndirilən fikirlər, xüsusilə isveçrəli diplomatın Azərbaycanın son 30 ildən artıq dövrdə keçdiyi inkişaf yoluna verdiyi obyektiv qiymət bu qərəzli təsəvvürlərin artıq aşındığını göstərir. Bu mənada, dünyanın aparıcı dövlətlərinin Cənubi Qafqaza münasibətində də mühüm dəyişiklik müşahidə olunur. Orientalist stereotiplərin yerini tədricən real siyasi, iqtisadi və geostrateji dinamikaya əsaslanan daha rasional yanaşma tutur.
Qlobal qütblərin kəskin toqquşması fonunda rəsmi Bakının irəli sürdüyü siyasi doktrina diplomatik manevr sənətinin ali zirvəsini təcəssüm etdirir. Qərbdən Şərqə, Şimaldan Cənuba uzanan qanlı nüfuz davasında heç kimin tərəfini tutmadan, bütün beynəlxalq aktorlarla məsafəli, lakin sağlam münasibət qurmaq dərin dövlətçilik zəkası tələb edir. Aparılan təhlillər göstərir ki, respublikamız nəinki siyasi-hərbi cəbhədə, həmçinin intellektual-analitik sferada mütləq hegemonluğa sahibdir. Siyasi analitikanın gəldiyi qəti yekun nəticə yalnız ondan ibarətdir: heç kim Azərbaycanla təzyiq dili ilə danışmaq iqtidarında olmayıb, gələcəkdə də əsla olmayacaq. Kənar qüvvələr bölgəyə dağıdıcı ssenarilər ixrac etməyə cəhd göstərsələr də, rəsmi Bakının qurduğu sarsılmaz xarici siyasət balansı formalaşan bütün təhlükələri asanlıqla neytrallaşdırır. Yeni yaranan qlobal sistemdə beynəlxalq hüquq, habelə real güc davamlı inkişafın, möhkəm sülhün bayraqdarı olan rəsmi Bakının tam yanındadır.
Yusif ŞƏRİFZADƏ
XQ