Cənubi Qafqaza sülh gətirən Vaşinqton görüşü

08.08.2026

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Ağ Evdə əldə edilmiş Azərbaycan–Ermənistan razılaşmasından 1 il keçir

Bu gün sülhün 1 ili tamam olur. Söhbət Prezident İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzaladıqları Birgə Bəyannamədən və hər iki ölkənin xarici işlər nazirlərinin barış sazişini paraflamalarından gedir. O hadisələrdən ki, onlardan keçən müddətin Cənubi Qafqazı sülhə daha çox yaxınlaşdırdığını söyləyə bilərik. Mövzumuz bu barədədir. Ona görə 1 il öncəyə ekskurs edək.

“Bu, həqiqətən tarixi gündür - biz Qafqazda sülhü bərqərar edirik və bu fürsət təkcə bizim regionla məhdudlaşmayacaq. Prezident Trampın düzgün qeyd etdiyi kimi, “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” yeni bağlantı əlaqələri yaradacaq, sədləri aradan qaldıracaq və sərmayələr, firavanlıq, sabitlik sayəsində çoxsaylı ölkələr üçün bağlantı imkanları yaradacaq. Azərbaycan və Ermənistan Sovet İttifaqının süqutu nəticəsində eyni vaxtda müstəqillik əldə edib. Ancaq artıq o vaxt biz müharibə şəraitində idik. Biz müharibələrə, işğal dövrünə və qan tökülməsinə uzun illər sərf etdik. Bu gün tarixi gündür, çünki biz sülhü bərqərar edirik. Prezident Tramp Qafqaza sülh gətirir və biz buna görə ona minnətdarıq. Əminəm ki, Ermənistan ilə Azərbaycan sülhün əldə olunması üçün özlərində cəsarət və məsuliyyət tapacaq, xalqlarımız da barışacaqlar. Biz qarşıdurma və qan tökülməsi səhifəsini çevirəcəyik, uşaqlarımız üçün işıqlı və təhlükəsiz gələcək təmin edəcəyik. Mən çox şadam ki, biz bu gün yeni, gözəl tarix yazırıq”.

Bu fikirlər Prezident İlham Əliyevin 2025-ci il avqustun 8-də Ağ Evdə mətbuata bəyanatındandır. Qeyd edək ki, dövlətimizin başçısından əvvəl Birləşmiş Ştatlar Prezidenti D.Tramp, belə demək mümkünsə, sülh gününün əhəmiyyətinə özünə xas üslubda qiymət vermiş və bildirmişdi ki, “bu ölkələr (Azərbaycan və Ermənistan – red.) uzun illər ərzində - 35 il müharibə şəraitində olublar. İndi isə onlar dostdur və bundan sonra uzun müddət dost qalacaqlar. Bu gün Ağ Evdə Ermənistan ilə Azərbaycan arasında sülh sammitində hər kəsi qəbul etməkdən böyük şərəf duyuram. Mən böyük insanların bir araya toplanmasından böyük zövq alıram və burada məhz bu baş verir. İki uzaqgörən lider – Prezident Əliyev və Baş nazir Paşinyanı Vaşinqtona səfər edərək bu mühüm bəyannamənin imzalanması münasibətilə təbrik edirəm. Bu, çox vacib bir sənəddir. Mənə bildirildi ki, keçmişdə tərəflər dəfələrlə buna nail olmağı mümkün hesab ediblər, lakin bu baş verməyib”.

Prezident Tramp, həmçinin Azərbaycan və Ermənistan arasında münaqişənin uzun illər ərzində insanlara əziyyət və məhrumiyyət gətirdiyini, bir çox ölkələrin, həmçinin Avropa İttifaqının və Rusiyanın mövzunun üzərində gərgin çalışdığını, lakin yekun nəticəyə nail ola bilmədiklərini də vurğulamışdı. O, hətta atmacasından da qalmamışdı: “Ayaq üstə yuxulayan Co Bayden də bu məsələ ilə məşğul olmağa çalışıb, ancaq nəticəsi necə olub bəllidir. O, yəqin ki, bu işə 12 dəqiqə vaxt sərf edib”.

***

Yeri gəlmişkən, bir il əvvəlin Vaşinqton sammiti Bayden və komandasının korladığı ABŞ-Azərbaycan münasibətlərində yeni səhifənin açılması kimi də yadda qaldı. Sammit gedişində Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu imzalandı. O memorandum ki, onun əsasını təşkil edən Tərəfdaşlıq Xartiyası artıq həyata vəsiqə qazanıb. Məlum olduğu kimi, bu sənəd Birləşmiş Ştatların Vitse-prezidenti Ceyms Devid Vensin bu ilin fevralında Bakıya səfəri zamanı imzalandı. Prezident İlham Əliyev isə bir il əvvəlin bu günündə Vaşinqtonda ölkəmizin media vasitələrinə müsahibəsində Azərbaycan-ABŞ əməkdaşlığının nikbinlik fazasını vurğulamış və demişdi: “İlk növbədə, Prezident Trampın dəvəti ilə Amerikada işgüzar səfərdə olmaq, əlbəttə ki, Azərbaycan-Amerika münasibətləri üçün çox önəmli bir məsələdir. Deyə bilərəm ki, bu gün Amerika-Azərbaycan münasibətlərində yeni səhifə açılır: əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi. Əlbəttə ki, Azərbaycanın milli maraqlarının qorunması üçün Amerika Birləşmiş Ştatları ilə bu səviyyədə münasibətlərin qurulması çox önəmli məsələdir”.

Yenidən, bilavasitə, sülhün üzərinə qayıdaraq, Baş nazir N.Paşinyanın 1 il əvvəl Ağ Evdə verdiyi bəyanatdakı fikirlərə diqqət yetirək. “Bu gün biz Ermənistan-Azərbaycan münasibətlərində mühüm nailiyyət əldə etdik. Biz keçmiş tariximizdən fərqli olacaq yeni hekayənin təməlini qoyuruq. Bu sıçrayış Prezident Trampın şəxsi iştirakı və regionumuzda sülhün bərqərar edilməsinə güclü sadiqliyi olmadan mümkün deyildi. Sülh sazişinin paraflanması ölkələrimiz arasında onilliklərdir davam edən münaqişəyə son qoyulmasına yol açacaq, onlar üçün bir-birinin suverenliyinə və ərazi bütövlüyünə tam hörmətlə yanaşaraq, yeni dövrü başladacaq. Bu gün Prezident Trampın şahidliyi ilə onun da imzaladığı bəyannamə daha çox əminlik və inam yaradır ki, biz Cənubi Qafqazda sülh, rifah, təhlükəsizlik və iqtisadi əməkdaşlıq səhifəsini açırıq”, - deyən N.Paşinyan sülhün bərqərar olunması uzaqgörənlik, siyasi cəsarət və qətiyyət tələb etdiyini vurğulamış, “İncil”dən iqtibas da gətirmişdi: “Sülh yaradanlar xoşbəxtdirlər, çünki onlar Allahın oğulları adlandırılacaqlar. Tanrı onların yolunu açıq etsin”.

***

Ötən 1 il Cənubi Qafqazın ictimai-siyasi həyatını sülhə köklədi. Nəzərə alaq ki, hətta barış mühitinə müxalif çıxanların da gətirdikləri arqumentlərdə 8 avqust razılaşmaları müzakirə predmetinə çevrilir. Bəli, həm “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsinin paraflanması, həm də hər iki ölkə liderinin imzaladıqları Birgə Bəyannamə Cənubi Qafqazın gələcək paramentrlərini müəyyənləşdirmək baxımından son dərəcə əhəmiyyətlidir. İkinci sənəd bilavasitə sülh məntiqini rəhbər tutursa, birinci onun faydaları üçün “yaşıl işıq” yandırır. Elə bir işıq ki, regionun son iki yüz illik tarixində buna bənzər hadisəyə təsadüf edilmir.

Tam əminliklə deyə bilərik ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən Azərbaycan–Ermənistan sülh sammiti Cənubi Qafqaz tarixində dönüş nöqtəsidir. Uzun illər davam edən münaqişə, hərbi qarşıdurmalar və qarşılıqlı etimadsızlıq fonunda əldə olunan razılaşmalar regionun gələcəyi üçün yeni siyasi və iqtisadi perspektivlər açır, gözləntilər yaradır. “Vaşinqton sammiti regiona nə qazandırdı və bundan sonra hansı imkanlar formalaşa bilər” sualına isə bir ümumi və mütləq mahiyyət daşıyan cavab var: Sammit münaqişədən əməkdaşlığa keçid yaratdı. Yəni müharibə ritorikası sistemli işbirliyi gündəliyi ilə əvəzləndi.

Əminliklə söyləmək olar ki, Vaşinqtonda Bakı və İrəvan arasında siyasi dialoqun institusional əsaslarının formalaşdırılması, kommunikasiyaların açılması istiqamətində razılaşmalar və iqtisadi əməkdaşlıq perspektivlərinin müzakirəsi regionda yeni təhlükəsizlik arxitekturasının formalaşmasına ciddi təkandır. Əlbəttə, bir il ərzində bütün problemlərin həll olunduğunu söyləmək mümkün deyil. Aydındır ki, onilliklər ərzində formalaşmış qarşılıqlı inamsızlığın qısa müddətdə aradan qalxması çətindir. Ən vacib məqam isə odur ki, Vaşinqton sammiti mübahisələrin həlli üçün əsas vasitənin hərbi güc deyil, siyasi dialoq olduğunu bəyan etdi.

...Birgə Bəyannamədə vurğulandı ki, tərəflər ATƏT-in Minsk prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair Azərbaycan və Ermənistan xarici işlər naziri tərəfindən ATƏT-ə birgə müraciətin imzalanmasına şahidlik etdilər. Sənədin “biz ATƏT-in bütün iştirakçı dövlətlərini bu qərarı qəbul etməyə çağırırıq” müddəası isə artıq yerinə yetib. Çünki ATƏT-in Minsk qrupu ötən ilin dekabrından fəaliyyətini rəsmən dayandırıb. Deməli, münaqişə məntiqi rəsmən tarixin arxivinə göndərilib.

***

Vaşinqton sülh sammitindən danışırıqsa və onun mühüm elementinin müharibə və münaqişə ritorikasının əməkdaşlıq məntiqi ilə əvəzlənməsi olduğunu bildiririksə, məhz əməkdaşlıq və onun gətirəcəyi dividendə diqqət yetirməliyik. O dividend ki, Birgə Bəyannamənin “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) ilə bağlı müddəasında əksini tapır. O dividend ki, Azərbaycan üçün, eyni zamanda, mənəvi anlam daşıyır. Çünki TRIPP faktiki olaraq Naxçıvana maneəsiz yoldur. Buna görə də Bəyannamənin 3 və 4-cü bəndlərinin bir-birini tamamladığını söyləyə bilərik. 3-cü bənddə “biz regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdik. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir”, - deyə bildirilirsə, 4-cü bənddə “Ermənistan Respublikası Ermənistan Respublikasının ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəkdir. Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik” qeydi yer alır.

Vaşinqton sülh sammiti ABŞ-ın vasitəçilik modeli kimi də qəbul edilir. O vasitəçilik ki, Birləşmiş Ştatların Cənubi Qafqaz siyasətində yeni mərhələ açdığını söyləyə bilərik. Əgər əvvəlki illərdə Ağ Ev əsasən barəsində söz açdığımız ATƏT-in Minsk qrupu və ya çoxtərəfli formatlar çərçivəsində fəaliyyət göstərirdisə, sammit ABŞ-ın birbaşa təşəbbüskar və siyasi təminatçı rolunu ön plana çıxardı. Bu yanaşma regionun geosiyasi balansına da təsir göstərdi. Məlum oldu və qətiləşdi ki, ABŞ Cənubi Qafqazı yalnız təhlükəsizlik baxımından deyil, həm də Avropa ilə Mərkəzi Asiyanı birləşdirən strateji nəqliyyat və enerji dəhlizi kimi qiymətləndirir. Yeni geosiyasi reallıqlar fonunda bu, son dərəcə vacib məqamdır.

***

Bəli, Vaşinqton sammitinin ən mühüm və uzunmüddətli nəticələrindən biri nəqliyyat-kommunikasiya layihələrinin gündəmə gəlməsi oldu. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının əsas iştirakçılarından biridir. Ermənistanın regional layihələrə inteqrasiyası isə Cənubi Qafqazın iqtisadi xəritəsini əhəmiyyətli dərəcədə dəyişə bilər. Əgər planlaşdırılan marşrutlar tam şəkildə reallaşarsa, Azərbaycan tranzit imkanlarını daha da genişləndirəcək, Ermənistan uzun illər davam edən iqtisadi təcriddən çıxmaq imkanı qazanacaq, Türkiyə ilə Ermənistan arasında iqtisadi əlaqələr yeni mərhələyə qədəm qoyacaq, Avropa və Mərkəzi Asiya arasında alternativ logistika marşrutları formalaşacaq. Bu isə regionun əhəmiyyətini daha da artıracaq. Bir sözlə, üfüqdə “Tramp marşrutu”nun rifah yoluna çevrilməsi görünür.

Beynəlxalq təcrübə də göstərir ki, uzunmüddətli sülh yalnız siyasi deyil, iqtisadi dividendlər də yaradır. Çünki investorlar üçün sabitlik ən vacib amillərdən biridir. Təsadüfi deyil ki, ötən bir il ərzində Vaşinqton sammitinin gələcək konturlarını bəyan etdiyi regiona maraq artıb. Xüsusilə logistika, enerji, “yaşıl enerji”, rəqəmsal infrastruktur və sərhədyanı ticarət sahələri yeni investisiya istiqamətləri kimi qiymətləndirilir. Azərbaycan üçün proses artıq mövcud nəqliyyat layihələrinin genişlənməsi deməkdirsə, Ermənistan üçün bu, iqtisadi transformasiya imkanları deməkdir. Əlbəttə, imkanlardan, daha doğrusu, şansdan istifadə də edilməlidir.

Sülhün əsas sınağı həm də ictimai barışdır. Vaşinqton sammitinin siyasi nəticələri qədər sosial nəticələri də böyük əhəmiyyət daşıyır. Otuz ildən artıq davam edən qarşıdurma hər iki ölkədə bir neçə nəsli formalaşdırıb. Nəzərə alaq ki, siyasi sənədləri imzalamaq mümkündür, lakin xalqlar arasında etimadın bərpası daha uzun çəkən prosesdir. Bu baxımdan humanitar layihələrin genişləndirilməsi, akademik və mədəni əməkdaşlıq, media dialoqu, gənclər proqramlarının reallaşdırılması uzunmüddətli sülhün əsas dayaqlarından biri ola bilər.

***

Vaşinqton sammitinin region üçün yeni geosiyasi imkanlarına gəlincə, bunların bəzi qismini vurğuladıq. Əlavə edək ki, sammitdən sonra Cənubi Qafqaz ilk dəfə olaraq geosiyasi rəqabət məkanı olmaqdan daha çox əməkdaşlıq platformasına çevrilmək şansı əldə edib. Əgər tərəflər öhdəliklərini ardıcıl şəkildə yerinə yetirərlərsə, region Avropa ilə Asiya arasında əsas logistika qovşaqlarından birinə çevrilər, onun enerji təhlükəsizliyində rolu güclənər, beynəlxalq investisiyalar üçün daha cəlbedici məkana çevrilər, Bu isə yalnız Azərbaycan və Ermənistan üçün deyil, Türkiyə, Gürcüstan, Mərkəzi Asiya ölkələri və Avropa üçün də yeni imkanlar yaradacaq.

Sonda bir məqamı da vurğulayaq. Vaşinqton sammitindən keçən bir il göstərdi ki, sülh bir sənədin imzalanması ilə tamamlanan proses deyil, davamlı siyasi iradə, qarşılıqlı etimad və iqtisadi əməkdaşlıq tələb edən uzunmüddətli strategiyadır. Sammitin ən böyük nailiyyəti tərəflərin gələcəyə baxışını dəyişdirməsi oldu. Əgər əvvəllər region təhlükəsizlik riskləri ilə assosiasiya olunurdusa, indi Cənubi Qafqaz getdikcə daha çox nəqliyyat, enerji, ticarət və əməkdaşlıq imkanları ilə gündəmə gəlir.

Əlbəttə, qarşıda hələ çətin və mürəkkəb yol var. Lakin bu yol artıq müharibəyə deyil, sülhə aparır. Əgər əldə olunan siyasi iradə qorunub saxlanarsa, gələcəkdə 8 avqust təkcə diplomatik görüşün tarixi deyil, Cənubi Qafqazda yeni regional düzənin başlanğıc nöqtəsi kimi xatırlanacaq. Bunun üçün isə paraflanmış sülh müqaviləsinin imzalanması mütləqdir. İmzalanmanın yolu isə etimaddan keçir. Yəni rəsmi İrəvan və bütövlükdə erməni cəmiyyəti sülh etimadı baxımından qətiyyətli mövqe tutmalı, Ermənistan konstitusiyasının işğalçı mahiyyət daşıyan İstiqlaliyyət Bəyannaməsinə istinadı aradan qalxmalıdır. Bir sözlə, Ermənistanda konstitusiya referendumu keçirilməlidir. Prezident İlham Əliyevin bir il əvvəl Vaşinqtonda media nümayəndələrimizə müsahibəsində bildirdiyi kimi, ölkə ev tapşırıqlarını yerinə yetirməlidir.

Ən sonda onu da deyək ki, tarix bəzən onilliklər ərzində dəyişmir, bəzən isə bir günün qərarları bütöv regionun taleyini müəyyən edir. Vaşinqton sammiti də belə günlərdən biri kimi yadda qalmağa namizəddir. Qalır bu sammitin yaratdığı şansdan maksimum istifadə. Əslində, başqa yol da yoxdur. Həm də ona görə yoxdur ki, Vaşinqton sammitinin bir ili tarixin müharibələri başladanlarla deyil, sülh üçün risk edənlərlə yazıldığını göstərdi. Əgər bu iradə qorunarsa, gələcək nəsillər “8 avqust”u təkcə diplomatik görüş kimi deyil, Cənubi Qafqazda yeni bir dövrün başlanğıcı kimi xatırlayacaqlar. Çünki sülh imzalanan sənədlərdə deyil, xalqların gələcəyə inamında yaşayır. Vaşinqton sammiti həmin inamın bərpasına doğru atılmış tarixi addım idi. Bir il sonra geriyə baxanda aydın görünür ki, Vaşinqtonda açılan qapı diplomatiyanın qapısı idi. Əsas məsələ o qapını daim açıq saxlamaq, mənəvi anlama daşımaqdır.

Ə.CAHANGİROĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью