Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı – Berlin etimad körpüsü daha da möhkəmlənir
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri və Federal Kansler Fridrix Merts ilə apardığı müzakirələr qitələrarası təhlükəsizlik paradiqmasının dəyişdiyini nümayiş etdirir. Diplomatik təmaslar Avropanın aparıcı dövlətinin regiona yönəlik geostrateji baxışlarının yenilənməsini təsdiqləyir. Keçmiş illərin stereotiplərindən imtina edən rəsmi Berlin artıq Cənubi Qafqazda yaranmış yeni reallıqları tam adekvat şəkildə dəyərləndirir.
Aparılan danışıqların mahiyyəti sübut edir ki, xarici müdaxilələr və qərəzli təzyiqlər dövrü tamamilə arxada qalıb. İkitərəfli formatda həyata keçirilən yüksək səviyyəli siyasi dialoq regional sabitliyin təminatında suveren iradənin əsas rol oynadığını ortaya qoyur. Kansler Fridrix Mertsin başçılıq etdiyi Almaniya hökuməti xarici siyasət kursunda realizm prinsipləri ilə Bakının formalaşdırdığı sülh gündəliyini qətiyyətlə dəstəkləyir.
Beynəlxalq hüququn aliliyi prinsipi onilliklər ərzində, sadəcə, kağız üzərində qalaraq qlobal təşkilatların nüfuzuna ciddi zərbə vurmuşdu. Azərbaycanın apardığı qətiyyətli mübarizə nəticəsində BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin bilavasitə icra edilməsi qlobal siyasi tarixdə nadir presedent yaratdı. Həmin addım beynəlxalq ictimaiyyətə sübut etdi ki, ərazi bütövlüyünün və suverenliyin bərpası ancaq dövlətlərin milli iradəsi hesabına mümkündür. İlham Əliyevin Berlində mətbuat konfransında səsləndirdiyi fikirlər həmin tarixi nailiyyətin konseptual əsaslarını aydınlığı ilə ifadə edir. Dövlət başçısı qeyd etdi ki, uzun illər davam edən işğala son qoyulması ölkənin hərbi-siyasi qüdrətinin və müstəqil qərar qəbuletmə mexanizminin məntiqi nəticəsidir. Beləliklə, güc yolu ilə yaradılmış köhnə status-kvo ləğv edildi və Cənubi Qafqazda davamlı sülhün arxitekturası qurulmağa başlandı. Almaniya hökumətinin bu prosesə adekvat mövqe sərgiləməsi Qərb diplomatiyasının təkamülündən xəbər verir. Qərəzli dairələrin regiona yönəlik pozucu fəaliyyətlərinə rəğmən, Berlinin mövqeyi sülh sazişinin qısa müddətdə imzalanmasına xidmət edən konstruktiv xarakter daşıyır.
Avropa qitəsində təhlükəsizlik mühitinin kəskin şəkildə pisləşdiyi indiki şəraitdə Azərbaycan dövlətinin nümayiş etdirdiyi mövqe xüsusi aktuallıq kəsb edir. Rusiya ilə Ukrayna arasında davam edən hərbi münaqişə, eyni zamanda, Yaxın Şərq coğrafiyasında genişlənən hərbi əməliyyatlar qlobal nizama ağır zərbələr endirir. Fridrix Mertsin vurğuladığı qlobal təhdidlər göstərir ki, müxtəlif qitələrdə baş verən böhranlar zəncirvari reaksiya doğuraraq bütün ölkələrin milli təhlükəsizliyinə təsir göstərir. Belə mürəkkəb geosiyasi fonda Azərbaycanın Cənubi Qafqazı sabitlik zonasına çevirməsi Avrasiyanın ümumi təhlükəsizlik arxitekturası üçün əhəmiyyət daşıyır. Berlin çox yaxşı anlayır ki, Bakının qətiyyətli addımları olmadan regionda sülhün bərqərar edilməsi qeyri-mümkündür. Ona görə də Almaniya siyasi elitası keçmiş dövrün lüzumsuz vasitəçilik strukturlarından uzaqlaşaraq bərabərhüquqlu tərəfdaşlıq modelini seçib. Xarici işlər nazirləri səviyyəsində Almaniyada təşkil edilən görüşlər platforması məhz həmin konstruktiv yanaşmanın əyani sübutudur.
Almaniya hökumətinin xarici siyasət doktrinası praqmatizm və realizm prinsipləri üzərində yenidən formalaşır. Uzun illər ərzində bəzi Avropa strukturlarının nümayiş etdirdiyi utopik və qərəzli yanaşmalar regiondakı reallıqlarla qətiyyən uzlaşmırdı. Lakin Bakının yaratdığı yeni geostrateji mənzərə qitənin aparıcı güclərini köklü dəyişikliklərə məcbur etdi. Prezident İlham Əliyevin Berlin təmasları təsdiqlədi ki, beynəlxalq münasibətlərdə yaranan boşluqları doldurmaq üçün möhkəm siyasi iradə mütləq şərtdir. Azərbaycan dövləti həmin iradəni ortaya qoyaraq, təkcə daxili təhlükəsizliyini qorumadı, həmçinin geniş Avropa məkanı üçün strateji balans yaratdı. Məhz qeyd olunan amillərə görə Federal Kansler çıxışlarında rəsmi Bakının regional rolunu yüksək qiymətləndirərək, ikitərəfli əlaqələrin gələcək perspektivlərinə inamla baxdığını bəyan etdi.
Uzunmüddətli işğal dövrü başa çatdıqdan sonra qarşıda duran əsas vəzifə sərhədlərin toxunulmazlığını hüquqi müstəvidə təsbit edən yekun sülh müqaviləsinin imzalanmasıdır. Almaniyanın diplomatik dəstəyi həmin istiqamətdə atılan addımların beynəlxalq legitimliyini artırır. Bəzi qüvvələrin regiona müdaxilə cəhdləri və gərginliyi süni şəkildə artırmaq siyasəti iflasa uğradı. Çünki Azərbaycan rəhbərliyinin strateji baxışı istənilən neqativ ssenarilərin qarşısını almağa qadirdir. İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət kursu münaqişələrin tamamilə həll edilməsinə xidmət edir. Berlin görüşlərində səsləndirilən fikirlər təsdiqlədi ki, Avropa İttifaqının ən qüdrətli dövləti məhz yaranmış yeni reallığı müdafiə edir. Sülh prosesinə kənardan zərər gətirmək istəyən dairələrə verilən ən təsirli cavab iki suveren ölkənin qətiyyətli siyasi iradəsi hesab olunur.
Müasir dünya siyasətində tərəflərin bərabərhüquqlu mövqedən çıxış etməsi nadir hadisəyə çevrilib. Böyük güclərin kiçik dövlətlərə diktə vərdişləri regional böhranları daha da dərinləşdirir. Lakin Prezident İlham Əliyevin qurduğu diplomatik struktur xarici güclərin regionda hegemonluq etmək cəhdlərini sıfıra endirdi. Kansler Fridrix Merts regionda sülh sazişinin paraflanmasına nail olunmasını tarixi hadisə adlandıraraq, həmin nailiyyətin əhəmiyyətini Avropa ictimaiyyətinin diqqətinə çatdırdı. Əldə olunan irəliləyişlər onilliklər ərzində davam edən qeyri-müəyyənliyə son qoyaraq, dövlətlərin dinc-yanaşı yaşama prinsiplərini bərqərar edir. Almaniyanın vasitəçilik missiyasında neytrallığı qoruyub saxlaması digər qərb ölkələri üçün də ibrətamiz nümunədir. Qərəzli mövqe tutan və vəziyyəti qəsdən mürəkkəbləşdirən bəzi xarici aktorlar artıq kənarda qalmağa məhkumdur.
Tarixi proseslərin inkişaf dinamikası göstərir ki, xalqların təhlükəsiz gələcəyi hərbi ritorikadan imtina edilməsi və hüquqi çərçivələrin gücləndirilməsi ilə sıx bağlıdır. Azərbaycan işğala son qoyduqdan dərhal sonra Ermənistana sülh gündəliyi təqdim edərək, praqmatik və uzaqgörən qonşuluq siyasətinin əsasını qoydu. BMT nizamnaməsinə tam uyğun gələn həmin yanaşma sivil dövlət modelinin ali təzahürüdür. Almaniya rəhbərliyinin həmin təşəbbüslərə verdiyi siyasi dəstək Avropa məkanında sağlam düşüncənin qələbə çaldığını göstərir. Şərqi Avropada yaranmış təhlükəsizlik boşluğu fonunda Cənubi Qafqazın sabitləşdirici rolu əvəzolunmazdır. Rəsmi Bakı tərəfindən həyata keçirilən geostrateji addımlar qitənin cənub-şərq hüdudlarında etibarlı müdafiə xəttinin formalaşmasını təmin edir. Beləliklə, regional münaqişələrin həlli təkcə lokal xarakter daşımır, eyni zamanda, qlobal təhlükəsizlik memarlığının mühüm elementinə çevrilir.
Berlin görüşü Azərbaycan və Almaniya arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlığın yeni formatını ortaya qoydu. Ermənistana təklif edilən sülh gündəliyi regionda gələcək hərbi toqquşmaların qarşısını alan yeganə hüquqi sənəddir. Almaniyanın yürütdüyü konstruktiv vasitəçilik kursu və reallığı olduğu kimi qəbul etməsi Qərb diplomatiyası üçün fərqli mərhələnin başlanğıcını simvolizə edir. Cənubi Qafqaz artıq müstəqil siyasi iradənin zəfər çaldığı tərəqqi mərkəzidir. Bu tarixi mərhələ gələcək nəsillərə sabit, təhlükəsiz və qüdrətli inkişaf modelini miras qoyacaq.
Yusif ŞƏRİFZADƏ
XQ