“Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq”

09.09.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi və İsveçrənin Sent-Qallen Universitetinin nəzdində fəaliyyət göstərən Avropada İdarəçilik və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib.

İki gün davam edən konfrans çərçivəsində Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlığın gələcəyi, 44 günlük müharibədən sonra regionda formalaşan yeni geosiyasi reallıqlar, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, nəqliyyat və kommunikasiya əlaqələrinin inkişafı, yeni infrastruktur layihələri, iqtisadi inteqrasiya, TRIPP layihəsi, mümkün xarici risklər, eləcə də Avropa İttifaqının regionda dayanıqlı əməkdaşlığın və bağlantıların gücləndirilməsində rolu əsas müzakirə istiqamətlərini təşkil edib.

BMTMM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Azərbaycanın coğrafi mövqeyi və həyata keçirdiyi nəqliyyat layihələri onu Şimal və Cənub istiqamətlərində mövcud geosiyasi qarşıdurmalar arasında mühüm bağlantı məkanına çevirib. Bu baxımdan, Azərbaycanın təşəbbüsü ilə inkişaf etdirilən Orta Dəhlizin fəaliyyəti regionun nəqliyyat və iqtisadi əlaqələrinin genişləndirilməsində xüsusi əhəmiyyət daşıyır.

Avropada İdarəçilik və Mədəniyyət Mərkəzinin Akademik Şurasının üzvü Ulrix Şmid Cənubi Qafqazda baş verən proseslər, Azərbaycan-Ermənistan arasında yeni sülh təşəbbüsünün regional əməkdaşlıq üçün yaratdığı imkanlar və bu proseslərin Rusiyanın regiondakı mövqeyinə mümkün təsirləri beynəlxalq ekspert dairələrinin diqqət mərkəzində olduğunu qeyd edib.

İsveçrənin Azərbaycan və Türkmənistandakı səfirliyinin regional əməkdaşlıq bölməsi rəhbərinin müavini Qay Bonvin qeyd edib ki, Cənubi Qafqazın coğrafi mövqeyi regionu Avropa, Qara dəniz və Mərkəzi Asiya arasında mühüm bağlantı məkanına çevirir. Azərbaycanın bu prosesdə mühüm rol oynadığını deyən diplomat ölkənin son 30 ildə keçdiyi inkişaf yolunun və regional əlaqələrin genişlənməsinin diqqətəlayiq olduğunu vurğulayıb.

Tədbir çərçivəsində Avropada İdarəçilik və Mədəniyyət Mərkəzinin direktoru, idarəçilik, regional siyasət və sosial-siyasi transformasiya üzrə ekspert Alexander Meienbergerin moderatorluğu ilə keçirilən birinci panel “İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqaz: Yeni regional düzən?” mövzusuna həsr olunub. Paneldə hüquqşünas, araşdırmaçı, İspaniya Deputatlar Konqresinin və Senatının keçmiş üzvü Jordi Xucla “Azərbaycanın Cənubi Qafqazda dəyişən geosiyasi roluna və Avropa İttifaqının strateji dönüşü”nə dair yanaşmalarını təqdim edib.

Konfrans proqramının davamı olaraq, iştirakçıların Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sahə tədqiqatları aparması, Ermənistanın işğalı dövründə ərazilərdə törədilmiş dağıntılarla və regionda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri ilə yerində tanış olması məqsədilə infoturun keçirilməsi nəzərdə tutulur. İnfotur Ağdam, Cəbrayıl, Füzuli, Şuşa və Laçın ərazilərini əhatə edəcək.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью