Cənubi Qafqazda üç qüvvənin “savaşı” başladı Bakının planı var

25.11.2026

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Zəngəzur dəhlizinin açılması ilə bağlı müzakirələr yenidən intensivləşib. İran bu prosesə qarşı çıxır. Bəzi iddialara görə isə Ermənistanın Rusiyanın tələbi ilə dəhlizin açılmasını uzadacağı bildirilir.

Bununla yanaşı, Ermənistan müxalifətinin yeni Konstitusiya layihəsinə qarşı çıxacağı və dəyişikliklərin baş tutmayacağı da deyilir. Ümumilikdə, mövcud vəziyyət Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının hələ də real görünmədiyi qənaətini yaradır. Buna əsas səbəb kimi isə Ermənistan hakimiyyətinin Konstitusiyaya dəyişiklik etmək imkanlarının məhdudlaşması göstərilir.

Prosesləri necə oxuya bilərik? Regionda vəziyyət hara doğru gedir? Məişət texnikası

"Yeni Sabah" xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar regionda siyasi və iqtisadi təsir imkanları uğrunda rəqabəti gücləndirir:

“Bu nöqteyi-nəzərdən yanaşdıqda, Zəngəzur istiqamətində nəqliyyat bağlantısının yaradılması yalnız Azərbaycanla Ermənistan arasında kommunikasiyaların bərpası deyil, eləcə də regional güc balansına təsir göstərən strateji məsələdir. İranın “narahatlıqları”, Rusiyanın mövqelərini qorumaq cəhdi və Ermənistanın daxili siyasi problemləri bu prosesin mürəkkəbliyini artırır. Azərbaycan üçün Zəngəzur bağlantısı ilk növbədə ölkənin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz nəqliyyat əlaqəsinin təmin edilməsi, Türkiyə ilə birbaşa bağlantının genişləndirilməsi və Orta Dəhlizin imkanlarının artırılması deməkdir. Ona görə də, layihə Azərbaycanın uzunmüddətli milli və iqtisadi maraqları baxımından xüsusi əhəmiyyət daşıyır.

İranın mövqeyi isə əsasən regional təhlükəsizlik və geosiyasi balansla bağlıdır. İran ABŞ-ın regionda təsir imkanlarının artmasını diqqətlə izləyir. Onun əsas narahatlığı nəqliyyat bağlantısının yaradılmasından daha çox marşrutun idarəetmə və təhlükəsizlik mexanizmləri ilə əlaqədardır. Rusiya isə Ermənistanın Qərblə yaxınlaşmasını və ABŞ-ın TRIPP layihəsində iştirakını regiondakı ənənəvi təsir imkanlarına çağırış kimi qiymətləndirə bilər.

Şübhəsiz ki, sülh prosesinin əsas siyasi-hüquqi maneələrindən biri Ermənistan Konstitusiyası ilə bağlıdır. Azərbaycanın mövqeyinə əsasən Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinad və həmin sənəddə əksini tapan ərazi iddiaları gələcək sülh münasibətləri ilə ziddiyyət yaradır. Ermənistanın Baş naziri Nikol Paşinyanın yeni Konstitusiya layihəsini təqdim etməsi bu məsələnin həlli istiqamətində addım sayıla bilər. Lakin layihənin qəbulu Ermənistanın daxili siyasi vəziyyətindən asılıdır. Hakim partiyanın tələb olunan üçdə iki səs çoxluğuna malik olmaması və müxalifətin müqaviməti referendumun keçirilməsini çətinləşdirir. Beləliklə, Konstitusiya məsələsi Ermənistanın xarici siyasət kursu ilə yanaşı daxili siyasi mübarizənin də əsas mövzularından birinə çevrilib. Amma mövcud çətinlikləri sülh prosesinin dayanması kimi qiymətləndirmək düzgün olmaz. Sülh müqaviləsinin mətninin paraflanması danışıqların müəyyən mərhələyə çatdığını göstərir. Lakin sənədin imzalanması üçün Ermənistanın üzərinə götürdüyü siyasi və hüquqi öhdəliklərin yerinə yetirilməsi vacibdir.

Nəqliyyat kommunikasiyalarının açılması ilə sülh müqaviləsinin imzalanması isə bir-biri ilə əlaqəli, lakin ayrı mexanizmlər tələb edən proseslərdir. Beləliklə də, Cənubi Qafqazda hazırkı rəqabət regionun gələcək siyasi və iqtisadi modelinə təsir göstərmək uğrunda mübarizə olaraq ifadə oluna bilər. İran təhlükəsizlik maraqlarını, Rusiya ənənəvi təsir imkanlarını, ABŞ isə iqtisadi və nəqliyyat əməkdaşlığında iştirakını genişləndirməyə çalışır. Azərbaycanın başlıca hədəfi isə Naxçıvanla etibarlı nəqliyyat bağlantısını təmin etmək və Ermənistanla münasibətlərin beynəlxalq hüquq əsasında normallaşmasına nail olmaqdır. Nəticə etibarilə, Zəngəzur məsələsi Azərbaycanın regional mövqelərinin möhkəmləndirilməsi və Cənubi Qafqazda yeni əməkdaşlıq modelinin formalaşması baxımından strateji əhəmiyyət daşıyır. Davamlı sülh isə siyasi bəyanatlardan deyil, ərazi iddialarının aradan qaldırılmasından, dövlətlərin suverenliyinə hörmətdən və qarşılıqlı öhdəliklərin real icrasından asılıdır”.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью