Cənubi Qafqazda yeni reallıqlar və əməkdaşlıq perspektivləri

03.11.2026

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində qazandığı tarixi Qələbə Cənubi Qafqazın geosiyasi mənzərəsində köklü dəyişikliklərə yol açdı. Bu hadisə yalnız regionda uzun illər davam edən münaqişənin hərbi-siyasi nəticələrini dəyişmədi, eyni zamanda bölgədə dövlətlərarası münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən yeni reallıqlar yaratdı. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası regionda qüvvələr nisbətini, təhlükəsizlik arxitekturasını, nəqliyyat-kommunikasiya əlaqələrini və iqtisadi əməkdaşlıq perspektivlərini yenidən gündəmə gətirdi.

Əslində, 44 günlük müharibənin nəticələri Cənubi Qafqazda əvvəlki siyasi status-kvonun davam etdirilməsinin mümkünsüzlüyünü nümayiş etdirdi. Uzun illər münaqişə amili ilə məhdudlaşan regional münasibətlər artıq yeni məzmun qazanmağa başladı. Müharibədən sonrakı dövrdə əsas məsələ yalnız əldə olunmuş nəticələrin qorunması deyil, həm də onların əsasında davamlı sülhün, qarşılıqlı etimadın və iqtisadi tərəfdaşlığın formalaşdırılmasıdır. Bu baxımdan Azərbaycanın yaratdığı yeni geosiyasi reallıq region ölkələrinin əməkdaşlığında keyfiyyət və mahiyyət etibarilə yeni dövrün başlanğıcı kimi qiymətləndirilə bilər.

İlk növbədə, regionda təhlükəsizlik məsələlərinə münasibət dəyişib. Əvvəllər Cənubi Qafqazda sabitlik əsasən münaqişənin idarə olunması, atəşkəsin qorunması və beynəlxalq vasitəçilik mexanizmlərinin fəaliyyəti ilə əlaqələndirilirdi. İndi isə təhlükəsizlik anlayışı daha geniş məzmun kəsb edir. Söhbət dövlətlərin suverenliyinə hörmət, sərhədlərin toxunulmazlığı, qarşılıqlı etimad, iqtisadi qarşılıqlı asılılıq və nəqliyyat əlaqələrinin bərpası əsasında uzunmüddətli sabitliyin təmin edilməsindən gedir.

Azərbaycanın müharibədən sonrakı siyasətinin əsas istiqamətlərindən biri də məhz bu yanaşmanın təşviqidir. Bakı dəfələrlə bəyan edib ki, regionun gələcəyi qarşıdurma deyil, əməkdaşlıq üzərində qurulmalıdır. Bu mövqenin mühüm tərəfi ondan ibarətdir ki, sülh yalnız siyasi bəyanatlarla məhdudlaşmamalı, konkret iqtisadi layihələr, nəqliyyat xətləri, ticarət əlaqələri və humanitar təmaslarla möhkəmləndirilməlidir.

Bu kontekstdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması xüsusi əhəmiyyət daşıyır. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzaladıqları Birgə Bəyannamə sülh prosesində yeni mərhələnin əsasını qoydu. Tərəflər sülh sazişinin mətnini parafladılar, ATƏT-in Minsk prosesi və onunla əlaqəli strukturların bağlanması barədə birgə müraciət imzaladılar, həmçinin nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasının vacibliyini təsdiqlədilər.

Bu sənədin əhəmiyyəti yalnız iki ölkə arasındakı münasibətlərin normallaşdırılması ilə məhdudlaşmır. O, bütövlükdə Cənubi Qafqazda yeni iqtisadi və siyasi münasibətlər sisteminin formalaşmasına imkan yaradır. Bununla belə, paraflanmış sülh sazişinin imzalanması, ratifikasiyası və müddəalarının tam icrası ayrıca mərhələlər tələb edir. Deməli, əldə edilmiş siyasi razılaşmaların real nəticələrə çevrilməsi üçün qarşılıqlı öhdəliklərin ardıcıl yerinə yetirilməsi vacibdir.

Yeni geosiyasi reallığın ən mühüm istiqamətlərindən biri nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasıdır. Cənubi Qafqaz coğrafi mövqeyinə görə Avropa ilə Asiya arasında mühüm tranzit məkanıdır. Lakin uzun illər davam edən münaqişələr, qapalı sərhədlər və siyasi ziddiyyətlər bu potensialın tam reallaşmasına mane olub.

Bu gün Azərbaycanın təşəbbüsləri ilə regionun tranzit imkanlarının genişləndirilməsi məsələsi daha böyük aktuallıq qazanıb. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı, Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Limanı və Zəngəzur istiqamətində kommunikasiyaların açılması perspektivi Azərbaycanın regional və beynəlxalq nəqliyyat sistemindəki rolunu daha da artırır.

Xüsusilə, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin edilməsi məsələsi strateji əhəmiyyət daşıyır. Vaşinqton Bəyannaməsində bu istiqamətdə kommunikasiyaların dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası əsasında açılması nəzərdə tutulub. TRIPP – Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu təşəbbüsü də məhz bu kontekstdə gündəmə gəlib.

Bu layihə yalnız Azərbaycanın Naxçıvanla quru əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətli deyil. O, Ermənistan üçün də yeni tranzit imkanları, Türkiyə üçün Mərkəzi Asiyaya daha əlverişli çıxış, bütövlükdə region üçün isə əlavə iqtisadi inteqrasiya perspektivləri yarada bilər. Burada əsas məsələ ondan ibarətdir ki, nəqliyyat marşrutları siyasi qarşıdurmanın alətinə deyil, qarşılıqlı iqtisadi faydanın mənbəyinə çevrilməlidir.

Müharibədən sonra Azərbaycanın mövqelərinin möhkəmlənməsi onun regional proseslərdəki rolunu da dəyişib. Əvvəllər daha çox münaqişənin tərəfi kimi təqdim olunan Azərbaycan indi regionun iqtisadi inteqrasiyası, enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və beynəlxalq tərəfdaşlıq məsələlərində mühüm təşəbbüslərlə çıxış edir.

Bu dəyişiklik, ilk növbədə, Azərbaycanın iqtisadi və enerji potensialı ilə bağlıdır. Xəzər hövzəsinin enerji resurslarının dünya bazarlarına çatdırılmasında ölkəmizin oynadığı rol Avropanın enerji təhlükəsizliyi baxımından da əhəmiyyətlidir. Azərbaycan qazının Avropa bazarlarına nəqli, Cənub Qaz Dəhlizi, eləcə də bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr ölkəmizin regional və qlobal iqtisadi münasibətlərdəki mövqeyini genişləndirir.

Digər mühüm amil Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşməsidir. Azərbaycan, Türkiyə və Mərkəzi Asiya dövlətləri arasında siyasi, iqtisadi, nəqliyyat və mədəni əlaqələrin genişlənməsi Türk dünyasının strateji bağlantılarının möhkəmlənməsinə xidmət edir. Bu prosesdə Azərbaycanın coğrafi mövqeyi və nəqliyyat infrastrukturu xüsusi əhəmiyyət daşıyır.

Cənubi Qafqazın geosiyasi əhəmiyyəti yalnız region ölkələrinin maraqları ilə məhdudlaşmır. Avropa İttifaqı, ABŞ, Rusiya, Türkiyə, İran və Çin kimi aktorların bölgəyə münasibəti onun beynəlxalq münasibətlər sistemindəki yerini müəyyənləşdirən əsas amillərdəndir. Mövcud şəraitdə bu dövlətlərin hər biri regionda öz siyasi, iqtisadi və təhlükəsizlik maraqlarını qorumağa çalışır. Nəqliyyat marşrutları, enerji infrastrukturu, ticarət əlaqələri və kommunikasiya xətləri uğrunda rəqabət Cənubi Qafqazın strateji əhəmiyyətini daha da artırır.

Lakin yeni geosiyasi şəraitdə regional ölkələrin əsas vəzifəsi xarici aktorların rəqabət meydanına çevrilməmək, öz milli maraqlarına uyğun əməkdaşlıq mexanizmləri formalaşdırmaqdır. Bunun üçün regional dialoq, qarşılıqlı məsləhətləşmələr və iqtisadi maraqların uzlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın xarici siyasətində müxtəlif beynəlxalq tərəfdaşlarla münasibətlərin inkişaf etdirilməsi ilə yanaşı, regional məsələlərin həllində birbaşa qonşu dövlətlərin maraqlarının nəzərə alınması da mühüm yer tutur.

Yeni regional reallığın davamlılığı, ilk növbədə, onun iqtisadi nəticələrindən asılı olacaq. Çünki sülhün real dəyəri yalnız siyasi sənədlərlə deyil, insanların həyatında yaratdığı müsbət dəyişikliklərlə ölçülür. Sərhədlərin açılması, ticarətin genişlənməsi, nəqliyyat xərclərinin azalması, yeni investisiyaların cəlb edilməsi və regional istehsal zəncirlərinin formalaşması bütün Cənubi Qafqaz ölkələri üçün iqtisadi dividendlər vəd edir. Ermənistanın regional iqtisadi əlaqələrə qoşulması da onun uzun müddət davam edən nəqliyyat məhdudiyyətlərinin aradan qaldırılması baxımından əhəmiyyətli ola bilər.

Azərbaycan üçün isə bu proses işğaldan azad edilmiş ərazilərin bərpası, Böyük Qayıdış proqramının həyata keçirilməsi, yeni iqtisadi zonaların yaradılması və regional infrastrukturun genişləndirilməsi ilə paralel inkişaf edir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işləri ölkənin iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Beləliklə, 44 günlük Vətən müharibəsinin nəticələri Cənubi Qafqazın siyasi və geosiyasi inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə formalaşan yeni reallıq regionda əvvəlki münasibətlər sisteminin dəyişməsinə, dövlətlərarası əlaqələrin yeni prinsiplər əsasında qurulmasına və iqtisadi əməkdaşlıq imkanlarının genişlənməsinə zəmin yaratdı.

Bu gün qarşıda duran əsas vəzifə əldə edilmiş geosiyasi dəyişiklikləri davamlı sülhə, təhlükəsizliyə və iqtisadi tərəfdaşlığa çevirməkdir. Bunun üçün region ölkələri tarixi ziddiyyətlərdən daha çox ortaq maraqlara, qarşıdurmadan daha çox qarşılıqlı faydaya, siyasi bəyanatlardan isə konkret əməkdaşlıq layihələrinə üstünlük verməlidirlər.

Azərbaycanın təşviq etdiyi regional əməkdaşlıq gündəliyinin əsas mahiyyəti də məhz bundan ibarətdir: Cənubi Qafqaz münaqişələrin və geosiyasi rəqabətin məkanı olmaqdan çıxaraq, nəqliyyat, enerji, ticarət və humanitar əlaqələrin qovuşduğu əməkdaşlıq regionuna çevrilməlidir.

Yeni reallığın tarixi əhəmiyyəti yalnız müharibədən sonra yaranmış siyasi mənzərə ilə deyil, həm də gələcək nəsillər üçün hansı inkişaf modelinin formalaşdırılacağı ilə müəyyən olunacaq. Bu mənada 44 günlük müharibədən sonra yaranmış imkanların sülh və quruculuq gündəliyinə çevrilməsi Cənubi Qafqazın gələcək inkişafının başlıca istiqamətidir.

Səbuhi MƏMMƏDOV,

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью