Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanın təşəbbüsü ilə formalaşan regional əməkdaşlıq modeli qarşıdurmadan tərəfdaşlığa, siyasi gərginlikdən iqtisadi inteqrasiyaya keçid üçün tarixi imkanlar yaradır.
Son dövrlərdə Azərbaycan və Ermənistan arasında vətəndaş cəmiyyəti nümayəndələrinin, ekspertlərin və ictimai fəalların iştirakı ilə keçirilən görüşlər Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqların mühüm göstəricisidir. Uzun illər qarşıdurmanın, qarşılıqlı etimadsızlığın və bağlı sərhədlərin hökm sürdüyü regionda bu gün sülhün perspektivləri, iqtisadi əməkdaşlıq imkanları və iki xalq arasında münasibətlərin gələcəyi müzakirə olunur. Dövlətlərarası diplomatik dialoqun tədricən ictimai müstəviyə keçməsi regionda baş verən geosiyasi dəyişikliklərin mahiyyətini anlamaq baxımından xüsusi əhəmiyyət daşıyır.
Noyabrın 26-da Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə “Sülh körpüsü” təşəbbüsü çərçivəsində beşinci görüşün başlaması bu prosesin növbəti təzahürüdür. Bu geniştərkibli ikitərəfli dəyirmi masa müzakirələrində hər iki ölkədən ümumilikdə 60 vətəndaş cəmiyyəti nümayəndəsi iştirak edir. Müzakirələrin gündəliyinə 2025-ci il avqustun 8-də Vaşinqton sammitində razılaşdırılmış sülh gündəliyi, Azərbaycan–Ermənistan sülh prosesinin möhkəmləndirilməsi və institusionallaşdırılması, iki cəmiyyət arasında qarşılıqlı etimadın inkişaf etdirilməsi, Cənubi Qafqazda dayanıqlı iqtisadi əməkdaşlığın, ticarət əlaqələrinin və nəqliyyat marşrutlarının yaradılması imkanları daxildir. Humanitar məsələlər, gənclərlə iş, təhsil sahəsində əməkdaşlıq, eləcə də vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri də müzakirə olunur.
Bu görüşləri yalnız vətəndaş cəmiyyətləri arasında dialoq təşəbbüsü kimi qiymətləndirmək kifayət deyil. Onlar Cənubi Qafqazda baş verən daha geniş siyasi transformasiyanın tərkib hissəsidir. Bir neçə il əvvəl reallaşması olduqca çətin görünən belə təmasların bu gün davamlı xarakter alması regionda yeni münasibətlər sisteminin formalaşdığını göstərir. Bu dəyişikliklərin siyasi əsaslarından birini Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və praqmatik sülh siyasəti təşkil edir. Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etməsindən sonra rəsmi Bakının regional sülh təşəbbüsləri ilə çıxış etməsi Cənubi Qafqazın gələcəyinin yeni prinsiplər əsasında qurulmasına imkan yaradıb.
Ümumiyyətlə, müasir beynəlxalq münasibətlər sistemində geosiyasi ziddiyyətlərin dərinləşdiyi, hərbi qarşıdurmaların genişləndiyi və qlobal təhlükəsizlik arxitekturasının ciddi sınaqlarla üzləşdiyi bir dövrdə Azərbaycanın sülh və əməkdaşlığa əsaslanan regional siyasəti xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasi kurs Cənubi Qafqazın geosiyasi mənzərəsini dəyişdirməklə yanaşı, regionun beynəlxalq münasibətlər sistemində yeni mövqe qazanmasına zəmin yaradır.
Azərbaycanın irəli sürdüyü sülh konsepsiyasının əsasını dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət, sərhədlərin toxunulmazlığı, ərazi iddialarından imtina, nəqliyyat kommunikasiyalarının açılması və mehriban qonşuluq münasibətlərinin qurulması təşkil edir. Beynəlxalq hüququn fundamental normalarına əsaslanan bu prinsiplər regionda uzunmüddətli təhlükəsizlik sisteminin formalaşdırılmasına xidmət edir.
Prezident İlham Əliyevin sülh siyasətinin mahiyyəti yalnız Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə məhdudlaşmır. Söhbət bütövlükdə Cənubi Qafqazın siyasi və iqtisadi gələcəyinin yenidən müəyyənləşdirilməsindən gedir. Azərbaycanın təşəbbüsləri regionun onilliklər boyu münaqişə və geosiyasi rəqabət məkanı kimi formalaşmış imicinin dəyişdirilməsinə, onun beynəlxalq əməkdaşlıq və iqtisadi inteqrasiya məkanına çevrilməsinə istiqamətlənib.
Bu baxımdan 2025-ci il avqustun 8-də keçirilmiş Vaşinqton sammiti Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması prosesində mühüm siyasi mərhələdir. Sammitdə razılaşdırılmış sülh gündəliyi regional kommunikasiyaların inkişafı, iqtisadi əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı etimadın formalaşdırılması üçün yeni imkanlar açıb. Bu gün həmin gündəliyin praktiki nəticələri həm dövlətlərarası münasibətlərdə, həm iqtisadi əlaqələrdə, həm də vətəndaş cəmiyyətləri arasında keçirilən görüşlərdə özünü göstərir.
Rəsmi Bakının həyata keçirdiyi siyasətin başlıca xüsusiyyətlərindən biri sülhün iqtisadi əsaslarının yaradılmasıdır. Müasir dünyada davamlı sülh yalnız siyasi sənədlər və diplomatik razılaşmalarla deyil, həm də dövlətlər arasında qarşılıqlı iqtisadi maraqların formalaşması ilə möhkəmlənir. Ticarət əlaqələrinin qurulması, nəqliyyat marşrutlarının açılması, tranzit imkanlarının genişləndirilməsi və birgə iqtisadi layihələrin həyata keçirilməsi qarşıdurma risklərinin azalmasına xidmət edə bilər.
Prezident İlham Əliyevin noyabrın 25-də Litvanın xarici işlər naziri Kestutis Budrisi qəbul edərkən səsləndirdiyi fikirlər bu siyasətin praktiki nəticələrini nümayiş etdirir. Dövlətimizin başçısı Azərbaycanla Ermənistan arasında iqtisadi və ticari əlaqələrin qurulduğunu, üçüncü ölkələrdən Ermənistana və Ermənistandan üçüncü ölkələrə yüklərin Azərbaycan ərazisindən tranzitlə daşınması üçün imkanların yaradıldığını bildirib. Prezidentin qeyd etdiyi kimi, son bir il ərzində Azərbaycan ərazisindən Ermənistana 100 min tondan artıq yük daşınıb.
Bu göstərici, sadəcə, nəqliyyat statistikasından ibarət deyil. O, regionda formalaşan yeni siyasi münasibətlərin iqtisadi təzahürüdür. Onilliklər ərzində hərbi qarşıdurmanın və bağlı kommunikasiyaların hökm sürdüyü coğrafiyada yükdaşımaların həyata keçirilməsi sülhün tədricən praktiki məzmun qazandığını göstərir.
Əgər dünən Cənubi Qafqazın siyasi gündəliyində hərbi qarşıdurmalar, təhlükəsizlik böhranları və bağlı sərhədlər üstünlük təşkil edirdisə, bu gün iqtisadi əməkdaşlıq, tranzit daşımaları, regional bağlantılar və ictimai dialoq getdikcə daha çox ön plana çıxır. Bu dəyişiklik Azərbaycanın regionda yeni geosiyasi mənzərənin formalaşmasında oynadığı rolun mühüm göstəricisidir. Azərbaycanın sülh gündəliyinin üç əsas istiqamətdə – siyasi, iqtisadi və ictimai müstəvidə inkişaf etməsi xüsusi diqqət çəkir. Dövlətlərarası münasibətlərin normallaşdırılması siyasi sabitliyin, ticarət və nəqliyyat əlaqələrinin qurulması iqtisadi əməkdaşlığın, vətəndaş cəmiyyətləri arasında dialoqun genişləndirilməsi isə qarşılıqlı etimadın əsaslarını möhkəmləndirir.
Tarixi təcrübə göstərir ki, dövlətlər arasında əldə olunan siyasi razılaşmaların davamlılığı onların cəmiyyətlər tərəfindən nə dərəcədə qəbul edilməsindən də asılıdır. Bu baxımdan “Sülh körpüsü” təşəbbüsü uzun illər ərzində formalaşmış düşmənçilik stereotiplərinin aradan qaldırılması, qarşılıqlı etimad mühitinin yaradılması və gələcək nəsillər arasında münasibətlərin əməkdaşlıq prinsipləri əsasında qurulması üçün mühüm platforma ola bilər.
Cənubi Qafqazda yeni geosiyasi mənzərənin formalaşmasında Azərbaycanın nəqliyyat və enerji siyasəti də xüsusi rol oynayır. Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, Orta Dəhlizin tranzit imkanlarının genişləndirilməsi, regional kommunikasiyaların açılması və Zəngəzur dəhlizi ilə bağlı təşəbbüslər Azərbaycanın strateji mövqeyini gücləndirməklə yanaşı, bütövlükdə regionun iqtisadi əhəmiyyətini artırır.
Azərbaycan Cənubi Qafqazı geosiyasi qarşıdurmaların kəsişdiyi məkandan beynəlxalq iqtisadi maraqların uzlaşdığı coğrafiyaya çevirmək istiqamətində siyasət yürüdür. Bu yanaşma regionun tranzit potensialından daha səmərəli istifadə olunmasına, yeni investisiyaların cəlb edilməsinə və Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin genişləndirilməsinə xidmət edir. Enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və regional sabitlik məsələlərinin vahid strateji konsepsiyada birləşdirilməsi Prezident İlham Əliyevin xarici siyasətinin mühüm xüsusiyyətlərindəndir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində iştirakı, Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının genişləndirilməsi, Türk dünyasının iqtisadi inteqrasiyasına verdiyi töhfələr Cənubi Qafqazda formalaşan yeni geoiqtisadi sistemin əsas elementləridir.
Bu siyasətin mühüm istiqamətlərindən biri də Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləridir. Yeni şəhər və kəndlərin salınması, müasir infrastrukturun yaradılması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı postmünaqişə dövrünün inkişaf strategiyasının əsasını təşkil edir. Azərbaycan müharibənin dağıdıcı nəticələrinin aradan qaldırılmasına, insanların təhlükəsiz yaşayışının təmin edilməsinə və regionun iqtisadi potensialının reallaşdırılmasına böyük resurslar yönəldir. Bununla yanaşı, mina təhlükəsi, sərhədlərin müəyyənləşdirilməsi və münasibətlərin tam normallaşdırılması kimi məsələlər davamlı sülh yolunda həllini gözləyən çağırışlar olaraq qalır. Bu problemlərin beynəlxalq hüquq və diplomatik dialoq əsasında həlli regional təhlükəsizlik sisteminin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin sülh təşəbbüsləri beynəlxalq ictimaiyyətin sülhü, sabitliyi və qarşılıqlı faydalı əməkdaşlığı müdafiə edən mütərəqqi dairələri tərəfindən də təqdir olunur. Xarici dövlətlərin nümayəndələrinin Azərbaycan – Ermənistan sülh gündəliyində əldə olunan irəliləyişlərə müsbət münasibəti bu siyasətin beynəlxalq əhəmiyyətini göstərir. Litvanın xarici işlər naziri Kestutis Budrisin Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsində əldə olunan uğurlar münasibətilə Prezident İlham Əliyevi təbrik etməsi bunun konkret diplomatik nümunələrindən biridir. Bu mövqe Azərbaycanın regional sabitliyin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslərinin Avropanın siyasi dairələrində də müsbət qarşılandığını nümayiş etdirir.
Qlobal qarşıdurmaların, iqtisadi parçalanmanın və təhlükəsizlik böhranlarının dərinləşdiyi bir şəraitdə Azərbaycanın əməkdaşlıq, açıq kommunikasiyalar və qarşılıqlı iqtisadi maraqlar üzərində qurulan sülh konsepsiyası xüsusi aktuallıq kəsb edir. Bu siyasətin əsas məntiqi ondan ibarətdir ki, dövlətlərin milli maraqları regional sabitlik və qarşılıqlı iqtisadi fayda ilə uzlaşdırıla bilər. Əlbəttə, davamlı sülhün təmin edilməsi bütün tərəflərin siyasi iradəsindən, qarşılıqlı öhdəliklərə sadiqliyindən və etimadın möhkəmləndirilməsindən asılıdır. Azərbaycanın təşəbbüsləri isə bu istiqamətdə yeni imkanlar yaradır və regional münasibətlərin inkişafı üçün konkret siyasi, iqtisadi və humanitar perspektivlər təqdim edir.
Bu gün Azərbaycan Cənubi Qafqazda baş verən geosiyasi dəyişikliklərin, sadəcə, iştirakçısı deyil, yeni regional münasibətlər sisteminin formalaşmasının əsas təşəbbüskarlarından biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sülh siyasəti Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirməklə yanaşı, regionun uzunmüddətli inkişaf perspektivlərinə də mühüm təsir göstərir. Tarixi Zəfərlə başlanan yeni mərhələnin strateji hədəfi davamlı sülhün təmin olunmasıdır. Dövlətlərarası siyasi dialoq, iqtisadi əlaqələrin qurulması, nəqliyyat kommunikasiyalarının açılması və vətəndaş cəmiyyətləri arasında “sülh körpüləri”nin yaradılması bu hədəfə doğru atılan addımlardır.
Vaxtilə hərbi qarşıdurmalarla dünya gündəminə çıxan Cənubi Qafqazın bu gün sülh təşəbbüsləri, iqtisadi əməkdaşlıq layihələri və ictimai dialoq platformaları ilə diqqət mərkəzinə gəlməsi regionda baş verən tarixi transformasiyanın ifadəsidir. Bu transformasiyanın əsas siyasi istiqamətlərindən birini Prezident İlham Əliyevin müəyyənləşdirdiyi sülh və əməkdaşlıq strategiyası təşkil edir. Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqlar Cənubi Qafqazın gələcəyinin keçmişin qarşıdurmaları ilə deyil, sülh, təhlükəsizlik, qarşılıqlı hörmət və ortaq inkişaf perspektivləri ilə müəyyənləşdirilməsi üçün tarixi imkan yaradır.
Səbuhi MƏMMƏDOV,
XQ