Cənubi Qafqazdan Mərkəzi Asiyaya strateji körpü

22.08.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son 1 ildə Özbəkistanla ticarət 3 dəfə yüksəlib

Azərbaycanla Özbəkistan arasında münasibətlər son illərdə yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibədən də aydın olur ki, iki ölkə arasında iqtisadi-ticari əlaqələr yüksək dinamika ilə davam edir. Qarşılıqlı ticarətin sürətlə artması, investisiya layihələrinin genişlənməsi, sənaye kooperasiyasının dərinləşməsi və nəqliyyat-logistika imkanlarının genişlənməsi Bakı ilə Daşkənd arasında iqtisadi tərəfdaşlığın artıq yeni miqyas qazandığını göstərir.

Çoxtərəfli əməkdaşlıq

Ticarət, investisiya, energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat və logistika istiqamətlərində reallaşdırılan layihələr qardaş ölkələrin iqtisadi potensialının bir-birini tamamladığını nümayiş etdirir. Bu proses, eyni zamanda, Azərbaycanın Cənubi Qafqaz, Özbəkistanın isə Mərkəzi Asiyadakı strateji mövqeyini vahid regional iqtisadi əlaqələr sistemində daha sıx birləşdirir. İqtisadi münasibətlərin intensivliyini ticarət dövriyyəsinin dinamikasından da görmək mümkündür.

2025-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 3 dəfədən çox artaraq 795 milyon dollara çatıb. 2026-cı ilin yanvar–may aylarında isə ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollar təşkil edib.

Bu dinamikanın mühüm qaynaqlarından biri investisiya əməkdaşlığıdır. 3 il əvvəl 500 milyon ABŞ dolları ümumi kapitalla yaradılan Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti qarşılıqlı sərmayələrin təşviqində mühüm platformaya çevrilib. Şirkət həm Azərbaycanda, həm də Özbəkistanda müxtəlif iqtisadi sektorlar üzrə perspektivli layihələrin maliyyələşdirilməsinə və həyata keçirilməsinə mühüm töhfə verir. Belə bir mexanizmin mövcudluğu iki ölkənin iqtisadi münasibətlərini ticarət əlaqələrindən daha dərin investisiya və birgə istehsal əməkdaşlığı səviyyəsinə daşımaq baxımından əhəmiyyətlidir.

İki ölkə arasında iqtisadi gündəliyin formalaşmasında Hökumətlərarası Komissiyanın fəaliyyəti də mühüm rol oynayır. Bu günə qədər komissiyanın 15 iclasının keçirilməsi əməkdaşlığın sistemli və institusional xarakter aldığını göstərir. Daşkənddə keçirilən son iclasda Azərbaycan-Özbəkistan iqtisadi-ticari əməkdaşlığının mövcud vəziyyəti, əldə olunan nəticələr və gələcək inkişaf istiqamətləri ətraflı müzakirə edilib. Bu mexanizm yeni layihələrin müəyyənləşdirilməsi və sahibkarlıq əlaqələrinin daha da genişləndirilməsi baxımından mühüm platformadır.

“Yaşıl dəhliz birliyi”

Energetika da Azərbaycan–Özbəkistan iqtisadi tərəfdaşlığında xüsusi yer tutur. Özbəkistanın OZLITINEFTGAZ institutu və “SOCAR NIPI Nefteqaz”ın bazasında yaradılan “Neftegaztexnologiya” birgə müəssisəsi 2016-cı ildən neft-qaz sahəsində uğurla fəaliyyət göstərir. Bu əməkdaşlıq enerji sektorunda texnoloji və peşəkar təcrübə mübadiləsinin dərinləşməsinə imkan yaradıb. Eyni zamanda, enerji əməkdaşlığı ənənəvi neft-qaz sahəsindən yeni istiqamətlərə doğru genişlənir.

2024-cü ildə SOCAR və “Özbəknefteqaz” SC arasında yaradılan “Turan Energy AFEZCO” “Azərikimya” İstehsalat Birliyi tərəfindən istehsal olunan yüksəktəzyiqli polietilenin Özbəkistana ixracını həyata keçirir. Bu, iki ölkənin neft-kimya sənayeləri arasında qarşılıqlı əlaqələrin inkişaf etdiyini və əməkdaşlığın hazır məhsullar, sənaye kooperasiyası və ixrac imkanları ilə zənginləşdiyini göstərir.

“Yaşıl enerji” sahəsində formalaşan əməkdaşlıq isə gələcək üçün daha geniş perspektivlər açır. 2025-ci ildə Azərbaycan, Qazaxıstan və Özbəkistanın müvafiq energetika qurumları tərəfindən Bakıda “Yaşıl dəhliz birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis olunması üç ölkə arasında enerji əməkdaşlığının yeni mərhələsinin əsasını qoyub. Bu qurum Azərbaycan-Mərkəzi Asiya yaşıl enerji dəhlizinin inkişafını, bərpaolunan enerjinin ixracını və elektrik enerjisinin Xəzər dənizinin dibi ilə nəqli imkanlarının əlaqələndirilməsini hədəfləyir. Belə layihələr enerji təhlükəsizliyi ilə yanaşı, region ölkələri arasında yeni iqtisadi qarşılıqlı asılılıq və inteqrasiya imkanları formalaşdırır.

Türk birliyinə ortaq töhfələr

Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın başqa mühüm istiqaməti nəqliyyat və logistika sahəsidir. 2025-ci ildə iki ölkə arasında tranzit daşımaların həcmi 6,7 faiz artaraq 1,4 milyon tona çatıb. 2026-cı ilin yanvar–iyun aylarında isə daha 12,2 faizlik artım qeydə alınıb və daşımaların həcmi 675 min ton təşkil edib. Bu rəqəmlər göstərir ki, iki ölkə arasında nəqliyyat əlaqələri iqtisadi münasibətlərin yardımçı elementi olmaqdan çıxaraq əməkdaşlığın əsas strateji istiqamətlərindən birinə çevrilir.

Prezident İlham Əliyevin müsahibəsində diqqət çəkdiyi məqamlar sırasında Azərbaycan və Özbəkistanın Türk Dövlətləri Təşkilatı çərçivəsindəki rolu da xüsusi əhəmiyyət daşıyır. Hər iki ölkənin TDT daxilində siyasi dialoqun, iqtisadi əlaqələrin, nəqliyyat və logistika imkanlarının, eləcə də təhsil, elm və mədəni-humanitar əməkdaşlığın inkişafına verdiyi töhfə türk dövlətləri arasında inteqrasiyanı daha da dərinləşdirir. Burada iqtisadi amil xüsusilə önə çıxır. Çünki siyasi etimadın möhkəmlənməsi yeni ticarət marşrutlarının, investisiya mexanizmlərinin və birgə istehsal layihələrinin genişlənməsi üçün əlverişli mühit yaradır.

Bu baxımdan Azərbaycan və Özbəkistanın coğrafi mövqeyi onların əməkdaşlığını daha geniş regional mənzərədə əhəmiyyətli edir. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada mühüm mövqeyə malik olması bu ölkələri Şərqlə Qərbi birləşdirən strateji marşrutlarda təbii tərəfdaşlara çevirir. Azərbaycanın formalaşdırdığı nəqliyyat infrastrukturu ilə Özbəkistanın Mərkəzi Asiyanın dərinliklərinə çıxışı bir-birini tamamlayır.

Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə mümkün inteqrasiyası bu baxımdan xüsusi strateji əhəmiyyət daşıyır. Belə bağlantı reallaşarsa, Mərkəzi Asiyanın şərqindən başlayan yük axınlarının Özbəkistan üzərindən Xəzər dənizinə, oradan Azərbaycan və Cənubi Qafqaz üzərindən Avropaya çıxışı daha çevik və səmərəli marşrutlarla təmin oluna bilər.

TRIPP istiqaməti ilə əlaqələndirmə isə regional nəqliyyat şəbəkələrinin qarşılıqlı tamamlanmasına və yeni tranzit imkanlarının yaranmasına əlavə təkan verə bilər. Nəticədə Azərbaycan və Özbəkistanın nəqliyyat potensialı ikitərəfli ticarətin hüdudlarını aşaraq daha böyük Avrasiya logistika sisteminin mühüm elementinə çevrilə bilər.

Qardaşlığın artan gücü

İki ölkə arasında əməkdaşlığın konkret nəticələri müxtəlif birgə layihələrdə də öz əksini tapır. İşğaldan azad edilmiş Füzuli rayonunda “Dostluq bağı” adlandırılan 100 hektarlıq nar bağının salınması kənd təsərrüfatı sahəsində əməkdaşlığın diqqətçəkən nümunəsidir. Avtomobil sənayesində tərəfdaşlıq da uğurlu nəticələri ilə seçilir. Bu il iyulun 13-nə olan məlumata görə, Azərbaycanda ümumilikdə, “Chevrolet” markalı 10 min 720 avtomobil və “Isuzu” markalı 275 avtobus istehsal edilib. Bu göstəricilər sənaye kooperasiyasının real istehsal imkanlarına çevrildiyini göstərir.

Özbəkistan kapitalının Azərbaycandakı iştirakı da əməkdaşlığın geniş miqyasından xəbər verir. Hazırda ölkəmizdə Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatı qeydiyyatdan keçib. Onlar sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sahələrində fəaliyyət göstərirlər. Özbək şirkətlərinin Azərbaycanda fəallığı qarşılıqlı etimadın və sərmayə əməkdaşlığının möhkəmləndiyini göstərməklə yanaşı, ölkəmizin özbək biznesi üçün yaratdığı əlverişli imkanların göstəricisidir.

Beləliklə, Azərbaycan–Özbəkistan iqtisadi tərəfdaşlığı iki ölkənin milli maraqlarını daha geniş Avrasiya iqtisadi məkanının imkanları ilə birləşdirən strateji platformaya çevrilir. Ticarət və investisiyadan energetikaya, nəqliyyat dəhlizlərindən sənaye kooperasiyasına qədər uzanan bu əməkdaşlıq qarşıdakı illərdə daha böyük layihələrin reallaşdırılması üçün möhkəm zəmin yaradır.

Vüqar BAYRAMOV,
Milli Məclisin deputatı

Azərbaycan və Özbəkistan arasında strateji və iqtisadi münasibətlər son illərdə daha da dərinləşməkdədir. Nəzərə alsaq ki, ölkə rəhbərlərinin qarşılıqlı səfərləri, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatları Azərbaycan ilə Özbəkistan arasındakı iqtisadi münasibətlərə, o cümlədən ticarət dövriyyəsinə birbaşa təsir göstərib, bu dinamikanı konkret rəqəmlərdə də aydın görmək mümkündür. 2023-cü ildə Özbəkistan və Azərbaycan arasında ticarət dövriyyəsi 178 milyon dollar olmuşdusa, bu rəqəm 2024-cü ildə 252 milyon dollara, 2025-ci ildə isə 795 milyon dollara yüksəlib.

Praktik olaraq, rəqəmlər göstərir ki, xüsusilə 2025-ci ildə Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsində ciddi artım müşahidə olunub, iki ölkə arasında qarşılıqlı investisiya qoyuluşları genişlənib və münasibətlərin kifayət qədər yüksək strateji səviyyədə inkişaf etdiyi bir daha öz təsdiqini tapıb. Eyni zamanda, nəzərə alsaq ki, hazırda Özbəkistan Mərkəzi Asiyada Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır, eləcə də Türk Dövlətləri Təşkilatında Türkiyədən sonra Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır, bütün bunlar göstərir ki, münasibətlərin inkişafı hər iki ölkənin iqtisadi baxımdan qarşılıqlı faydalanmasına imkan yaradıb.

Birgə layihələrin həyata keçirilməsi, investisiya fondlarının yaradılması, qarşılıqlı sərmayələrin genişlənməsi və eyni zamanda, iki ölkənin liderləri arasında mövcud olan dostluq və səmimi münasibətlər növbəti mərhələdə də Azərbaycan və Özbəkistan arasındakı əlaqələrin daha da dərinləşməsinə imkan yaradacaq. Bu isə onu deməyə əsas verir ki, qarşıdakı dövrdə Azərbaycan və Özbəkistan arasında təkcə ticarət dövriyyəsində artımların deyil, iqtisadi münasibətlərin məzmun və miqyas baxımından daha da dərinləşməsinin şahidi olacağıq.

Nurlan ABDALOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью