Cərimə olsa: Boşanma olmayacaq?

11.02.2026

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müğənni Eldəniz Məmmədov boşanmalardan danışıb.

Sənətçi "Günə bax" verilişində son günlər ayrılıqların çoxalmasından şikayətlənib.

Müğənni münasibətlərdə sevginin azaldığını deyərək, bəzi ölkələrdə tətbiq olunan cərimə mexanizmlərinin Azərbaycanda da olmasının tərəfdarı olduğunu bildirib:

"Sevgi azalır, boşanmaların sayı çoxalır. Sevgi olsa, boşanmazlar. Sosial şəbəkədə tanışlıq artıb. Türkiyədə qanun var ki, ayrılanlar dövlətə 30-40 min dollar cərimə ödəməlidirlər. Bizdə də bu qanun olsun. 50 min dollar cərimə yazsınlar. Onda görün hamısı necə yola gedir. Bir yerə getmə deyirsə, dava düşür. Xırda şeylərə görə yola getmirlər".

Bəs bu kimi qadağalar boşanmaların qarşısını ala bilər?

Bu mövzu ilə bağlı psixoloq, pedaqoq Zeynəb Əyyubova “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, boşanmaların artmasını təkcə “sevginin azalması” ilə izah etmək doğru olmaz:

“Münasibətlərin sonlanmasının arxasında sosial, psixoloji, iqtisadi və fərdi amillər dayanır. Cərimə və ya hüquqi qadağalar boşanmaların sayını statistik olaraq azalda bilər, amma sağlam ailələrin sayını artırmaz. İnsanları maddi cəza ilə münasibətdə saxlamaq mümkündür. Lakin bu, sevgi, hörmət və emosional təhlükəsizlik yaratmır. Əksinə, məcburi davam edən münasibətlərdə psixoloji zorakılıq, aqressiya və daxili narazılıq arta bilər”.

Psixoloq əlavə edib ki, sağlam nikahın təməli qorxu və ya cərimə deyil, emosional yetkinlikdir:

“Müasir dövrdə insanlar artıq yalnız “ailə dağılmasın” deyə münasibətdə qalmaq istəmirlər. Qadınların iqtisadi müstəqilliyi, fərdi sərhədlərin güclənməsi və psixoloji maarifləndirmənin artması da boşanma statistikasına təsir edir. Bu, bəzən ailə institutunun zəifləməsi kimi görünür, amma digər tərəfdən sağlam olmayan münasibətlərdən çıxmaq bacarığının artması deməkdir”.

Pedaqoq vurğulayıb ki, burada sosial şəbəkələrin təsiri də danılmazdır:

“Alternativlərin çoxluğu bəzi insanlarda müqayisə, narazılıq və ideal partnyor axtarışı yaradır. Lakin problem platformalarda deyil, münasibət bacarıqlarının zəifliyindədir. Ünsiyyət qurmağı, konflikt həllini, empati qurmağı bilməyən cütlüklər ən kiçik məsələdə belə toqquşa bilirlər”.

Onun sözlərinə görə, boşanmaların azalması üçün cərimə yox, maarifləndirmə lazımdır:

“Nikah öncəsi psixoloji hazırlıq proqramları, ailə terapiyasına əlçatanlıq, məktəblərdə emosional zəka və münasibət bacarıqlarının öyrədilməsi daha effektiv addımlar olar. Unutmaq olmaz ki, hər boşanma uğursuzluq deyil. Bəzən boşanma iki insanın daha sağlam həyat yaşaması üçün verilmiş şüurlu qərardır. Məqsəd nikahı istənilən qiymətə qorumaq deyil, sağlam və təhlükəsiz ailə mühiti yaratmaqdır”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью