Çərkəzlər Şuşa Zəfərini tarixi ədalətin məşəli adlandırdılar

23.11.2026

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Litvanın paytaxtı Vilnüsdə çərkəz icmalarının və digər Qafqaz xalqlarının nümayəndələrinin iştirakı ilə beynəlxalq forum keçirilib.

Modern.az xəbər verir ki, Litva Seyminin binasında təşkil olunan “Qafqazda tarixi yaddaş və dekolonizasiya çağırışları: Avropa dialoqu və regional sabitliyin perspektivləri” adlı tədbirə dünyanın müxtəlif ölkələrindən icma və vətəndaş cəmiyyəti təmsilçiləri qatılıblar.

Forumdan əvvəl “Qafqaz: ekoloji müstəmləkəçiliyin və itirilmiş azadlığın salnaməsi” adlı sərgi açılıb. Sərgidə Rusiyanın müstəmləkəçilik siyasətinin Qafqaz xalqlarının həyatına və ekoloji təhlükəsizliyinə vurduğu zərər, ağır fəsadlar nümayiş etdirilib.

Forumun “İmperiya müstəmləkəçiliyinin anatomiyası: “yandırılmış torpaq” taktikasından deportasiyalara qədər” adlı ilk panelində Litva Seyminin üzvü, professor Valdas Rakutisin məruzəsi dinlənilib.

“Çeçen İçkeriya Respublikası”nın müstəqilliyi uğrunda mübarizə aparan Çeçen Milli Azadlıq Hərəkatı – “Vahid Qüvvə” təşkilatının sədri Sayxan Muzayev çıxışında bildirib ki, Moskva rejimi tərkibindəki respublikaların əksəriyyətində anadilli məktəbləri bağlayır, xalqların hüquqlarını pozur.

Tbilisi Dövlət Universitetinin Qafqazşünaslıq İnstitutunun sədri, professor Merab Çuxua dünyada çərkəzlərin sayının 6 milyondan çox olduğunu bildirib. Onun sözlərinə görə, bu xalqın yalnız təxminən 10 faizi tarixi vətənində yaşayır, 90 faizi isə müxtəlif ölkələrə səpələnib. Professor beynəlxalq ictimaiyyəti çərkəzlərin soyqırımı faktını rəsmən tanımağa çağırıb.

Merab Çuxua bu ilin iyulunda Şuşada keçirilən “Mədəni və etnik müxtəliflik: tarixin dərsləri və müasir çağırışlar” adlı beynəlxalq konfransın yekununda qəbul edilmiş Birgə Bəyannamənin əhəmiyyətini də vurğulayıb.

Bəyannamədə Rusiyada etnik azlıqların – çərkəzlərin, ləzgilərin, avarların, tatarların, kumıkların, çeçenlərin, saxaların, buryatların və digər qeyri-rus xalqların təzyiq, təqib, şantaj və həbs yolu ilə Ukrayna cəbhəsinə göndərilməsinin dayandırılması tələb olunur.

Sənəddə Rusiyanın tarixdən dərs çıxarmalı, çərkəzlərə və digər xalqlara qarşı törədilmiş soyqırımlarını etiraf etməli, onların qanını tökən şəxsləri qəhrəmanlaşdırmamalı olduğu bildirilir. 

Forumda iştirak edən çərkəz icmalarının nümayəndələri Azərbaycanın Şuşa Zəfərini müstəmləkə xalqlarının tarixi ədalət arzusunun məşəli adlandırıblar.

Azərbaycanın “İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Aida Eyvazlı Göytürk  tədbirdə Azərbaycan bayraqlarının yer almasına görə təşkilatçılara təşəkkür edib. O, xalqların milli ləyaqət və heysiyyətinə hörmətlə yanaşılmasının, humanizm prinsiplərinin rəhbər tutulmasının vacibliyini vurğulayıb. Bildirib ki, qarşıdurma və toqquşmaları dialoq, əməkdaşlıq və etimad mühiti əvəz etməlidir.

Foruma onlayn qoşulan Azərbaycanın Mədəni və Etnik Müxtəliflik Mərkəzinin sədri Seyfəddin Hüseynli (Səfərov) Rusiyada azərbaycanlılar da daxil olmaqla, bir çox xalqların etnik və dini mənsubiyyətinə görə sistemli ayrı-seçkiliyə məruz qaldığını, fundamental hüquqlarının pozulduğunu diqqətə çatdırıb.

O, 2025-ci il iyunun 27-də Yekaterinburqda yaşayan üç qardaşının və bir neçə yaxın qohumunun Rusiya hüquq-mühafizə orqanlarının əsassız hücumuna məruz qaldığını xatırladıb. Seyfəddin Hüseynli iki qardaşı – Hüseyn Səfərov və Ziyəddin Səfərovun işgəncələrlə qətlə yetirildiyini, digər qardaşı Bakir Səfərovun isə indiyədək saxta ittihamlarla həbsdə saxlanıldığını bildirib.

O, mədəni və etnik müxtəlifliyin, tolerantlığın hər bir dövlət üçün sərvət sayılmalı, etnik və dini mənsubiyyətə görə ayrı-seçkiliyin rədd edilməli olduğunu bir daha vurğulayıb.

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli də onlayn çıxışında etnik və mədəni müxtəlifliyin qorunması, dinlərarası, mədəniyyətlərarası və sivilizasiyalararası harmoniya və dialoqun təşviqi sahəsində Azərbaycanın nümunəvi modelə malik olduğunu qeyd edib.

Beynəlxalq forumun yekununda Litva, Avstriya, Fransa, Almaniya, Finlandiya, Türkiyə, Gürcüstan, Azərbaycan və digər ölkələrdən olan vətəndaş cəmiyyəti fəalları Birgə Bəyannamə qəbul ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью