Cəsarətli siyasət RƏY

22.05.2026

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Dünyanın istənilən dövlətinin tarixini zənginləşdirə biləcək möhtəşəm tədbirlər, möhtəşəm hadisələr, möhtəşəm miqyas, ölkəmizə ayrılan inanılmaz beynəlxalq diqqət və nəhayət qibtə edilən, hətta bəzən aqressiv olan informasiya aktivliyi – bütün bunları yaşadığımız həftə ərzində görə bildik. Bəli, ölkəmizdə beynəlxalq siyasi stereotipləri dəyişdirə biləcək və yeni tendensiyaların yaranmasına səbəb ola biləcək hadisələr yaşandı. Deyə bilərik ki, Bakı dünyanın ekspert camiyəsinin və siyasi isteblişmentin mərkəzinə çevrilmişdir.
Strateji hədəflərdən yayındıran bəzi təfərrüatlardan uzaqlaşsaq görə bilərik ki, yaşadığımız həftənin siyasi və beynəlxalq tutumu o qədər böyükdür ki, dünyanın bir çox ölkələri bu cür miqyası öz tarixlərində heç görməyib. Əlbəttə, beynəlxalq hüquq işləməyən və dünyada təkrar olaraq qütbləşmə tendensiyaları müşahidə olunan tarixi dövrdə bu cür miqyasa iddialı olmaq məsələsi özü belə cəsarət tələb edir. Ən azından ona görə ki, bu cür iddianı region və dünyada həzm edə bilməyənlərin sayı heç də az deyil. Axı bu “iddia” ilk növbədə müstəqil siyasətin təzahürüdür. Azərbaycanın müstəqil siyasət aparmaq bacarığına malik olması isə hələ də bəzilərinin geosiyasi strategiyalarına görə qəbulolunmazdır. Qeyd etdiyimiz sərt geosiyasi həqiqəti heç zaman unutmamalıyıq.


Belə ki, mayın 18-də Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi keçirilib. “Azərbaycan növbəti dəfə nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi etdi və tədbir çərçivəsində beynəlxalq ictimaiyyətə yönəlmiş mühüm mesajlar səsləndirilib”, – buna oxşar cümlələrə bizim ictimaiyyət artıq alışıb və təəssüf ki, onları adi hal kimi qəbul edir.
Etiraf etməliyik ki, informasiya məkanında hadisələrin sadəcə nəqlinə hesablanmış şərh və məlumatların mütləq üstünlük təşkil etməsi səbəbindən hətta mühüm beynəlxalq hadisələr belə zamanla adiləşir, onların siyasi tutumu isə tədricən azalır. Bəli, konkret məlumat və bəzi siyasi vurğuların sürətli tirajlanması informasiya siyasətinin önəmli hissəsidir, ancaq bu cür yanaşma əsasən cari vəzifələrin icrasında faydalıdır. Ona görə də bu cür yanaşmanın effektivliyi əsasən qısa müddətli olur. Qeyd olunan yanaşma üstünlük təşkil edən zaman cəmi bir qərəzli və emosional informasiya təxribatı əldə olunan vacib nəticələri belə itirtdirir. Uzunmüddətli hədəflərə xidmət edən və ideoloji müstəviyə daha yaxın olan strateji məqsədlərə nail olmaq üçün mütləq milli siyasi fikri zənginləşdirə biləcək analitikadan istifadə olunmalıdır.
Dünya ölkələrinin müasir siyasi təcrübəsinə müraciət etsək görə bilərik ki, milli siyasi fikir “xəzinəsinə” daxil ola biləcək dərin düşüncələrin sayı azaldıqca ictimai-siyasi münasibətləri sürətlə ibtidai səviyyəyə qədər sürükləyən sosial şəbəkələrin “hökmranlığı” daha da artır. Bu mənada heç də təsadüfi deyil ki, sosial şəbəkələr artıq siyasi mühiti “silkələyən” alətə çevrilib. “İnformasiya texnologiyaları” dövründə sözügedən “alət” obyektiv və subyektiv səbəblərdən durmadan inkişaf edir, onun potensiallarına müraciətlərin sayı isə sürətlə artır.
İnformasiya məkanında dolaşan fikirlər dayazlaşdıqca siyasi baxışlar bəsitləşir. Oxşar vəziyyət tendensiya halına çatan zaman isə siyasi münasibətlərin məzmunu daha çox konkret hadisə ətrafında dolaşan emosiyalardan asılı olur. Əlbəttə ki, bu cür mühitin yaranması ilk növbədə siyasi alverçi və manipulyatorlara sərf edir. İdeoloji məzmun, fikir dərinliyi və analitika olmayan yerdə peşəkarlıq və yüksək amallardan uzaq olan təxribatçı manipulyatorlar özlərini çox rahat və sərbəst hiss edirlər. Qalmaqal, böhtan və təxribat məhz dayaz, ucuz, qərəzli və sifarişli yanaşmanın məhsullarıdır. Qərəzə yoluxmuş bu cür “xəstə” yanaşma vasitəsilə ölkənin tarixinə unudulmaz hadisə kimi daxil olmuş tədbirin mahiyyətini hava şəraiti ilə bağlı ucuzlaşdırma cəhdlərinin də əsas səbəblərindən biri məhz ciddi təhlil və analitikadan uzaq dayanmağımızdır.
Sözsüz ki, dayazlıq olan yerdə “bəsitlik” özünü çox rahat hiss edir. Bəsit fikir və məsuliyyətsizlik bir arada olan zaman isə fəlakətlər qaçılmaz olur. Sözün hərfi mənasında bütün dünyanın diqqəti vətəndaşı olduğumuz doğma məmləkətimizə yönəldiyi zaman ölkənin beynəlxalq nüfuzuna qarşı yönəlmiş hətta ən kiçik bir istehza hansısa uydurma siyasi mübarizənin yox, məhz təxribatın və xain mövqeyin təzahürü ola bilər. Bu eyni zamanda tarixən mütəfəkkirlər tərəfindən tənqid olunan fürsətcilliyin əlamətidir. Odur ki, bu cür möhtəşəm tədbirdən öncə və bilavasitə tədbir zamanı bəzilərinin təxribat xarakterli aqressiv informasiya aktivliyinin əsl səbəbləri bəllidir. Onu da unutmayaq ki, məhdud düşüncənin şərhləri qeyri peşəkar və qərəzli olur.
Analitik və strateji yanaşma kontekstində yuxarıda adını qeyd etdiyimiz tədbirin rəsmi açılış mərasimində Prezident İlham Əliyev tərəfindən səsləndirilmiş fikirlərdən birinin siyasi interpretasiyasını diqqətinizə təqdim edək: “Biz inkişafda, insanlarımız üçün daha yaxşı şəraitin yaradılmasında, müasirləşmədə cəsur olmalıyıq”. Qlobal təşkilatların şüarına çevrilməli və bütün tərəqqipərvər qüvvələr tərəfindən ayaq üstə alqışlanası bu fikir nədənsə diqqətdən kənar qalıb.
Bəli, beynəlxalq hüquq işləməyən dünyada, habelə “ikili standartlar” siyasəti və riyakarlıq hökm sürən yerdə siyasətdə uğuru təmin edən amil “hiyləgərlik” deyil, məhz cəsarətdir. Rəhbərlik etdiyin dövləti dünyanın bir nömrəli ölkəsinin strateji tərəfdaşına çevirmək də cəsarət tələb edir. Konkret ölkələrin təhdidlərinə, eləcə də beynəlxalq təşkilatların təzyiqlərinə rəğmən müharibə aparmaq və bu müharibədə qalib olmaq da inanılmaz cəsarət tələb edir. Bəlli ölkələr ilə ümumi sərhədlərə malik olmaq şəraitində mürəkkəb coğrafiyada müstəqil siyasət aparmaq iddiası da dövlət başçısından cəsarət tələb edir. Təhdid və kirli manipulyasiyalara rəğmən prinsipial mövqeni qorumaq üçün də mütləq cəsarət tələb olunur. Mülki təyyarəmiz vurulan zaman milli maraqları hər şeydən üstün tutmaq üçün də müstəsna cəsarət tələb olunurdu. Hətta ailə üzvləri ilə bağlı ucuz demaqoji informasiya təxribatlarına rəğmən strateji xəttə sadiq qalmaq üçün də siyasətçidən inanılmaz cəsarət tələb olunur. Beynəlxalq təşkilatları “ikili standartlar” siyasətinin aparılmasında açıq şəkildə tənqid etmək üçün də iradə və cəsarət tələb olunur. Beynəlxalq münasibətlər sistemində daşlaşmış stereotipləri qırmaq üçün də güc və cəsarət tələb olunur. Müasir beynəlxalq münasibətlər sisteminə “türkdilli dövlətlər” faktorunu alternativ qlobal qütb kimi gətirmək üçün də möhtəşəm inam və cəsarət tələb olunur. Sözsüz ki, emosional xarakterli informasiya təhriklərini cavabsız saxlamaq üçün də cəsarət tələb olunur. Prezident İlham Əliyev ötən müddət ərzində bütün bu cəsarətləri dəfələrlə nümayiş etdirib və Azərbaycan xalqı bunun şahididir. Buna görə dövlət başçısının beynəlxalq ictimaiyyət qarşısında cəsarət və cəsarətli siyasət haqqında danışmaq üçün tam haqqı var. Heç şübhəsiz, bu cəsarət olmasa idi bizim Qələbə əldə etmək ehtimalımız da beynəlxalq təşkilatların müvafiq qətnamələri kimi yalnız kağız üzərində qalardı.
Əlbəttə ki, siyasi meydanı və dövlətçiliyin aqibətini amorf demokratik şüarlar arxasında gizlənən, habelə ipləri kimlərin əlində olduğu bilinməyən, həmçinin nəzarətsiz sosial şəbəkə hüdudlarında yaşayan populist avantüristlərə buraxmaq olmaz. Milli maraqlar populist və şou xarakterli debatlarda yox, beynəlxalq müstəvidə peşəkarlıq və cəsarət nümayiş etdirməklə təmin olunur. “Cəngəllik” qanunları ilə idarə olunan müasir beynəlxalq münasibətlər sistemində müstəqil siyasət həyata keçirtmək üçün dövlətdən cəsarət tələb olunur. Bu dəfə tədbir çərçivəsində sadəcə beynəlxalq ictimaiyyətə yönəlmiş mühüm mesajlar səsləndirilməyib, dövlət başçısının mesajları və tədbirin bütövlüklə tematikası gələcək nəsillərə yönəlmiş sülh ilə bağlı olan siyasi təlimatlardır. Bu cür taleyüklü mesajların səsləndirilməsi üçün qlobal urbanizasiya platformasının seçilməsi heç də təsadüfi deyil. Qlobal siyasət kontekstində urbanizasiya hansısa mühəndis həllinin müzakirəsi demək deyil, qlobal kontekst daha çox gələcək ilə bağlı düşüncə və yanaşma paradiqmalarının müəyyən olunması deməkdir.
Politoloq Asif Adil

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью