Çətin hava şəraiti yollarda risk yaradır DYP dən HAVA XƏBƏRDARLIĞI

14.01.2026

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib.

Bu barədə Avtosfer.az-a idarədən məlumat verilib.

Qeyd olunub ki, hazırda ölkənin bir neçə ərazilərdə, xüsusi ilə Abşeron yarımadasında güclü, arabir şiddətlənən külək, eləcə də müxtəlif intensivlikdə yağıntılar müşahidə olunur. Mövcud hava şəraiti yol hərəkətinin təhlükəsizliyinə ciddi təsir göstərir və əlavə risklər yaradır.

Bununla əlaqədar yol polisi bir daha bütün yol hərəkəti iştirakçılarını son dərəcə diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etməyə çağırır:

" -hava və yol şəraitinə uyğun təhlükəsiz sürət rejiminə riayət edilsin;

-nəqliyyat vasitələri arasında məsafə və yan interval qorunsun;

-manevr zamanı, xüsusilə güclü külək və sürüşkən yol şəraitində ehtiyatlı davranılsın;

-işıqlandırma cihazlarından düzgün istifadə edilsin.

Eyni zamanda bildiririk ki, belə hava şəraitində piyadalar daha həssas vəziyyətdə olurlar. Sürücülərdən piyada keçidlərinə, ictimai nəqliyyat dayanacaqlarına və yaşayış məntəqələrinə yaxın ərazilərdə xüsusi diqqət tələb olunur. Yolun su yığılan hissələrindən keçərkən piyadaların üzərinə su sıçratmaq yolverilməzdir və bu cür davranış təhlükə yaradır".

Yol polisi bütün yol hərəkəti iştirakçılarını qarşılıqlı hörmətə, məsuliyyətə və ehtiyatlılığa çağırır. Qaydalara əməl olunması və diqqətli davranış çətin hava şəraitində yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında vacib amildir.

Oxunub 108

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью