“Çətin mübarizə”: İrəvan hər şeyə rəğmən sülhə imza atacaq?

17.09.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Euronews" telekanalı Dubayda keçirilən Ərəb Media Forumunun yekunlarına dair material hazırlayıb və həmin materialda Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakı ilə İrəvan arasındakı sülh prosesi barədə danışıb.

Telekanal H.Hacıyevin Ermənistanla sülhə nail olmağın "çətin mübarizə" olduğu barədə sözlərini sitat gətirib. Bununla yanaşı, o, Azərbaycanın öz ərazisində xristian irsinin qorunmasına sadiq olduğunu vurğulayaraq, bunun ölkə tarixinin bir hissəsi olduğunu qeyd edib.

"Rəsmi Bakı xəbərdarlıq edir: Ermənistandakı və erməni diasporundakı revanşist qüvvələr "əvvəlkitək güclüdür" və keçmiş rəqiblər arasındakı tarixi sülh prosesini pozmağa çalışırlar", - deyə məqalədə vurğulanıb. 

"İndi biz müharibəni qazanmışıq, lakin biz sülh dövründə də qalib gəlirik, bu isə asan məsələ deyil. Qarabağın və Şərqi Zəngəzurun işğalının bütün illəri ərzində məscidlərimiz, islam mədəni irsimiz Ermənistan tərəfindən tamamilə məhv edili, hətta məscidlərə donuzlar salınırdı", - "Euronews" H.Hacıyevin sözlərini sitat gətirib. 

Göründüyü kimi, Ermənistan və erməni diasporundakı revanşist qüvvələr sülh prosesinə real təhlükə yaradır.

"Cebheinfo.az"-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov bildirib ki, Ermənistanda sülhə mane olmaq istəyən ciddi qüvvələr var və onlar parlamentdə də təmsil olunurlar:

“Təxminən parlamentin 40 faizi bu qüvvələrdən ibarətdir. Bundan başqa, Ermənistan cəmiyyətində hələ də Azərbaycanla münasibətlərin normallaşmasını istəməyən ciddi bir kəsim var. Onlar bu prosesə mümkün qədər əngəl olmağa çalışırlar. Bu qüvvələrə erməni diasporunu da əlavə etsək, kifayət qədər böyük qüvvə olduqlarını görə bilərik".

Siyasi şərhçi əlavə edib ki, Ermənistan hakimiyyətinin sülh prosesini irəlilətmək imkanları var:

"Ona görə də Ermənistan hakimiyyətinin əslində bu prosesləri uzatmasının obyektiv səbəblərindən biri məhz budur. Təbii ki, burada subyektiv amillər də var. Paşinyan hakimiyyəti öz siyasi maraqları ilə yanaşı, cəmiyyətdəki əhval-ruhiyyəni də bir çox hallarda nəzərə alır və onunla hesablaşmalı olur.

Amma ümumilikdə hesab edirəm ki, Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsi Paşinyanın siyasətini dəstəkləyir. O, növbəti dəfə seçkilərin qalibi olub. Bu baxımdan, çətinliklər və ciddi əngəllər olsa da, Ermənistan hakimiyyətinin bu addımları atmaq imkanının olduğunu düşünürəm. Proses irəlilədikcə Ermənistan cəmiyyətində də müəyyən dəyişikliklərin baş verməsi istisna deyil". 

Oqtay Qasımov vurğulayıb ki, bəzi güc mərkəzləri Cənubi Qafqazda sülh prosesini "tormozlamağa" çalışırlar:

"Ermənistan daxilində və xaricdə sülh prosesinə mane olmağa çalışan ciddi qüvvələr var. Nəzərə almaq lazımdır ki, bunlar yalnız Ermənistan cəmiyyəti və erməni diasporu deyil, eyni zamanda bəzi güc mərkəzləridir. Həmin güc mərkəzləri də bu prosesdə maraqlı deyillər və onlar da prosesi "tormozlamağa" çalışırlar.

Cənubi Qafqazda proseslərin normal məcrada inkişafını istəməyən kifayət qədər güclərin olduğu bəllidir. Bununla yanaşı, sülh və normallaşmanı istəyən tərəflərin də bu prosesi düzgün idarə edərək məntiqi sonluğa çatdırmaq imkanı var”. 

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Açar sözlər: sülh müqaviləsi Oqtay Qasımov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью