Çexiya şirkətlərinin ölkəmizə investisiya marağı

13.10.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünən Bakıda Azərbaycan və Çexiya arasında iqtisadi və biznes əlaqələrinin inkişaf etdirilməsi, iki ölkənin şirkətləri arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə biznes forumu keçirilib.

Azərbaycan nümayəndə heyətinin rəsmi təmsilçisi Yusif Abdullayev müzakirələrdə bildirib ki, iki ölkə arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün möhkəm çərçivə yaradılıb. Azərbaycanın Çexiya ilə ikitərəfli ticarət dövriyyəsində müsbət dinamika müşahidə olunduğunu vurğulayan Y.Abdullayevin sözlərinə görə, Çexiya Azərbaycanın əsas ticarət tərəfdaşları arasında 8-ci, əsas ixrac istiqamətləri arasında isə 5-ci yerdə qərarlaşıb.

Qeyd olunub ki, ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 800 milyon dollar olduğu halda, bu ilin yanvar-avqust aylarında isə, təqribən, 760 milyon dolları təşkil edib. Xam neft Azərbaycanın Çexiya bazarına əsas ixrac məhsulu olaraq qalır və bu ilin 8 ayında neft ixracının dəyəri 700 milyon dollardan çox olub. Gübrələr, metanol, alüminium, eləcə də bəzi meyvə və tərəvəzlər Çexiya bazarına ixrac potensialı yüksək olan məhsullar sırasındadır.

1995-ci ildən cari ilin birinci yarısına qədər Çexiyadan Azərbaycana birbaşa investisiyaların, təxminən, 74 milyon dollar təşkil etdiyini diqqətə çatdıran Y.Abdullayevin sözlərinə görə, bunun da 70 milyon dolları qeyri-neft sektorunun payına düşür. O bildirib ki, hazırda Azərbaycanda kənd təsərrüfatı, sənaye, nəqliyyat, tikinti, ticarət və xidmət sektorlarında Çexiyanın 34 şirkəti fəaliyyət göstərir. 2025-ci ildə ölkələr arasında tranzit daşımaları 47 faiz artaraq 32 min tona çatıb.

Çexiya Respublikasının Sənaye və Nəqliyyat Konfederasiyasının vitse-prezidenti Radek Spicar isə bildirib ki, ölkəsi Azərbaycanın neft hasil edən iqtisadiyyatdan yüksək səviyyəli sənaye və xidmət əsaslı iqtisadiyyata transformasiya etmək, bölgədə lider mərkəzə çevrilmək üzrə çox iddialı və maraqlı strategiyasını yaxından izləyir.

Diqqətə çatdırılıb ki, Çexiya nümayəndə heyətinə yerli şirkətlərlə yanaşı, həm də qlobal miqyasda uğurlu biznes qurmuş, hətta qitə bazarlarından daha uğurlu olan, Birləşmiş Ştatlar, Cənub-Şərqi Asiya, Latın Amerikası və ya Afrika kimi çox rəqabətli, tələbkar qlobal bazarlarda fəaliyyət göstərən tanınmış şirkətlər daxildir. Onun sözlərinə görə, yerli şirkətlərlə tərəfdaşlıq etmək istəyi çex şirkətlərini xaricə gedərkən fərqləndirən cəhətdir: “Bir çox çex şirkətləri, o cümlədən nümayəndə heyətində olanlar həm də yerli insanlara, işçi qüvvəsinə təlim keçməkdə kömək etməyə hazırdırlar ki, yerli şirkətlər sonradan birgə müəssisələri və ya həmin biznes layihələrindən törəyən sahələri idarə edə bilsinlər”.

AZCON Holding-in icraçı direktoru Şahin Babayev qeyd edib ki, qlobal təchizat zəncirləri inkişaf etdikcə, biznesin getdikcə etibarlı, səmərəli və dayanıqlı nəqliyyat marşrutlarına ehtiyacı yaranır. Onun sözlərinə görə, Azərbaycan Şərq – Qərb dəhlizinə əhəmiyyətli dərəcədə sərmayə qoymaqla Şimal – Cənub əlaqələrindəki rolunu gücləndirir.

Ölkəmizin dəmir yolları, limanlar və logistika infrastrukturlarına qoyulan investisiyalarla dəstəklənən bu marşrutların kəsişməsindəki strateji mövqeyinin beynəlxalq ticarət üçün mühüm imkanlar yaratdığını vurğulayan icraçı direktor deyib: “Məqsədimiz, sadəcə, tranzit dəhlizi olmaq deyil, həm də biznes və investorlar üçün dəyər yaradan regional logistika mərkəzinə çevrilməkdir. İnanırıq ki, Çexiya şirkətləri texnologiya, mühəndislik təcrübəsi və uzunmüddətli sənaye tərəfdaşlığı vasitəsilə bu inkişafa töhfə verə bilərlər”.

Forumda çıxış edən Çexiyanın nəqliyyat naziri İvan Bednarik isə ölkəsinin Azərbaycanı mühüm strateji tərəfdaş hesab etdiyini diqqətə çatdırıb. Qeyd edilib ki, ölkələrimiz arasında iqtisadi əlaqələrin möhkəm təməli var və nəqliyyat əməkdaşlığını daha da irəliyə aparmaq üçün potensial olduqca yüksəkdir.

Azərbaycanın Avropanı Cənubi Qafqaz, Mərkəzi Asiya və digər regionlarla birləşdirməkdə mərkəzi rola malik olduğunu vurğulayan nazirin sözlərinə görə, Çexiya şirkətləri də bu işə töhfə verməyə hazırdırlar: “Onlar dəmir yolu nəqliyyat vasitələri, siqnal və telekommunikasiya, ağıllı nəqliyyat sistemi, şəhər hərəkətliliyi və telekommunikasiya sahələrində sübut edilmiş həllər təklif edirlər. Biz xüsusilə Bakının ictimai nəqliyyatının, o cümlədən metro və tramvay sistemlərinin modernləşdirilməsində, Orta Dəhlizin və Ələt logistika mərkəzinin daha da inkişafında və aviasiya sahəsində əməkdaşlıqda güclü imkanlar görürük”.

Qeyd edək ki, forumda Çexiyanın ağıllı nəqliyyat sistemlərinin hazırlanması ilə məşğul olan “CAMEA Technology”, dəmir yolu nəqliyyatı üçün avadanlıq və komponentlər tədarük edən “BONATRANS GROUP”, aviasiya sahəsində kadr hazırlığı üzrə ixtisaslaşan “Czech Aviation Training Centre”, beynəlxalq logistika xidmətləri göstərən “EGT Express CZ”, dəmir yolu yükdaşımaları sahəsində fəaliyyət göstərən “ČD Cargo”, hava limanı xidmətləri göstərən “Ostrava Airport” və “Karlovy Vary Airport”, müdafiə və müşahidə texnologiyaları üzrə ixtisaslaşan “ERA”, eləcə də sənaye mühəndisliyi sahəsində çalışan “Škoda Group və Wikov Group” yer alıblar.

Forumun gedişində Çexiya şirkətləri nəqliyyat, dəmir yolu infrastrukturu, aviasiya, logistika, müdafiə sənayesi, mühəndislik, sənaye texnologiyaları və maliyyə xidmətləri kimi sahələrdə əməkdaşlıq imkanları təklif ediblər. Bundan əlavə, forumda iştirak edən şirkətlərin fəaliyyət istiqamətləri ağıllı mobillik, nəqliyyatın rəqəmsallaşdırılması, sənaye avadanlıqları, metal emalı texnologiyaları və infrastruktur layihələri üzrə əməkdaşlıq üçün potensial yaradıb.

Biznes forumu Azərbaycan və Çexiya şirkətləri arasında birbaşa əlaqələrin qurulması, yeni tərəfdaşlıqların yaradılması və qarşılıqlı investisiya imkanlarının müzakirəsi baxımından əhəmiyyət daşıyıb.

M.YAQUBZADƏ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью