Çexiyada qətlə görə məsuliyyətə cəlb edilmə müddətinin ləğvi təklif olunur

27.10.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Praqa, 27 oktyabr, AZƏRTAC

Çexiya hökuməti qəsdən adam öldürmə cinayətinə görə məsuliyyətə cəlb edilmə müddətinin ləğvini dəstəkləyib.

AZƏRTAC xəbər verir ki, bu təşəbbüsün məqsədi cinayət törətmiş şəxslərin hadisədən uzun illər keçsə belə, məsuliyyətdən yayınmasının qarşısını almaqdır.

Təklif bir qrup deputat və senator tərəfindən irəli sürülüb. Təşəbbüsün tərəfdarları müasir texnologiyaların, xüsusilə DNT analizinin inkişafının köhnə cinayətlərin araşdırılmasına yeni imkanlar yaratdığını bildirirlər.

Qeyd edək ki, 2026-cı ilin yanvarından Çexiyada qətl cinayətlərinin araşdırılması üçün müddət 20 ildən 30 ilədək artırılıb. Yeni təklif həmin müddətin tamamilə aradan qaldırılmasını nəzərdə tutur.

Bununla belə, hüquq ekspertləri təşəbbüsə ehtiyatla yanaşırlar. Onların fikrincə, uzun illər keçdikdən sonra şahidlərin xatirələri zəifləyə, sübutlar itə və istintaqın səmərəliliyi azala bilər. Tənqidçilər, həmçinin dəyişikliklərin hüquqi nəticələrinin ətraflı təhlil edilməsinin vacibliyini vurğulayırlar.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью