Çexiyanın potensial Baş naziri maraqlar münaqişəsini həll edə biləcəkmi?

06.10.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Praqa, 6 oktyabr, AZƏRTAC

Çexiyada əhalinin əksəriyyəti hesab edir ki, ötən həftəsonu bu ölkədə keçirilən seçkilərdə qalib gələn ANO partiyasının lideri Andrey Babişin “Agrofert” kənd təsərrüfatı holdinqi üzərində nəzarəti əlində saxlaması onun Baş nazir olmasına mane olur.

AZƏRTAC Çexiya Televiziyasının sifarişi ilə “Kantar CZ” və “Data Collect” agentliklərinin keçirdiyi sorğuya istinadla xəbər verir ki, respondentlərin 59 faizi buna inanır, 39 faizi isə bu məsələdə problem görmür.

Babişin özü və onun ANO hərəkatı milyarderin Baş nazir postuna yeganə namizəd olduğunu və partiyanın kabinet yaratmaq qərarına gəldiyini iddia edirlər.

Qeyd edək ki, 2017-ci ilin fevralında maraqların toqquşması haqqında qanuna dəyişikliklərin qüvvəyə minməsindən sonra Babiş “Agrofert” səhmlərini rəsmi olaraq trast fondlarına köçürüb. Bununla belə, Faktiki Sahiblər Reyestrinə əsasən, o, holdinqin benefisiar sahibi olaraq qalır.

Siyasətçi bundan əvvəl Çexiya Prezidenti Petr Paveli əmin edib ki, o, yeni hökumət qurulacağı təqdirdə maraqlar toqquşması vəziyyətini həll etmək niyyətindədir. Babiş bunun necə baş verəcəyini hələ dəqiqləşdirməyib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью