Icma.az bildirir, Axar.az portalına istinadən.
Avqustun 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın ölkəmizdəki yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirklə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Axar.az-a verilən məlumata görə, səfir Tiina Nirk etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri yeni təyinatı münasibətilə təbrik edərək, ona Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı Azərbaycan ilə Estoniya arasında siyasi, iqtisadi, ticarət, nəqliyyat, rəqəmsallaşma, təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Estoniyanın Azərbaycanda səfirlik təsis edilməsi barədə qərarı məmnunluqla qarşılanaraq, bu addımın ikitərəfli münasibətlərin daha da inkişafına, siyasi dialoqun intensivləşməsinə və əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Tərəflər Azərbaycan ilə Estoniya arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb, Komissiyanın növbəti iclasının keçirilməsinin əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafına təkan verəcəyini qeyd ediblər. Həmçinin təhsil sahəsində əməkdaşlığın, akademik mübadilə proqramlarının və ali təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.
Səfir Tiina Nirk ölkəsinin Azərbaycan ilə münasibətlərin inkişafına böyük önəm verdiyini bildirərək, ikitərəfli əməkdaşlığın bütün istiqamətlər üzrə daha da genişləndirilməsi naminə səylərini əsirgəməyəcəyini qeyd edib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.