Ceyhun Sultanov: “Bu iş məşqçilər heyətinin üzərinə düşür”

09.11.2026

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"İlk dövrədə qələbə qazana biləcəyimiz oyunlar var idi. Sadəcə, üstünlüyümüzü qoruya bilmədik. Öz səhvlərimiz səbəbindən ilk dövrəni qələbəsiz başa vurduq. Qapımızda çox bəsit qollar görürük". Bu sözləri Sport24.az-a açıqlamasında "Araz-Naxçıvan"ın prezidenti Ceyhun Sultanov deyib.
Sultanov Misli Premyer Liqasının ilk dövrəsində komandasının çıxışını dəyərləndirərək müdafiədəki problemlərə diqqət çəkib:
"Bu, diqqətsizlikdən irəli gəlir. Müdafiə zamanı tam diqqətli oynamırıq və rəqib də bundan istifadə edir. Qol vurub, eyni zamanda qol buraxırıqsa, deməli, müdafiədə problemimiz var. Bunu aradan qaldırmalı və buraxdığımız səhvlər üzərində işləməliyik. Zədəlilərimizin də sayı çoxdur. Bizim kimi komandalar üçün hətta bir futbolçunun belə sıradan çıxması problem yaradır. Hazırda 5-6 oyunçumuz zədəlidir. Bu da komandaya müəyyən çətinliklər yaradır. Buraxdığımız səhvləri aradan qaldırmaq və müdafiədə oyunumuzu yaxşılaşdırmağımız lazımdı. Bu iş isə məşqçilər heyətinin üzərinə düşür".
Qeyd edək ki, "Araz-Naxçıvan" Misli Premyer Liqasında 11 turdan sonra 4 xalla sonuncu - 12-ci pillədə qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью