Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 28 yanvar, AZƏRTAC
“Qarabağ” İngiltərədə meydana xal qazanmaq üçün çıxacaq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov “Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində İngiltərədə “Liverpul”la keçirəcəyi sonuncu – VIII tur oyunu barədə danışarkən deyib.
O, Mersisayd təmsilçisini cütün favoriti hesab etdiyini söyləyib: “Amma bütün matçlara nəzər yetirəndə görürük ki, “Qarabağ”ın indiyə qədər qarşılaşdığı rəqiblərin hamısı güclü və favorit komandalar olub. Buna baxmayaraq, təmsilçimiz onlardan xal və xallar almağı bacarıb. Bu görüşdə də eyni ssenari təkrarlana bilər. Rəqibin dünya nəhəngi olmasına baxmayaraq, “Qarabağ” meydançaya xal qazanmaq üçün çıxacaq”.
Mütəxəssis bildirib ki, Azərbaycan çempionu həmişəki kimi qol imkanlarından düzgün istifadə etsə və müdafiədə səhvlərə yol verməsə, İngiltərədən xalla dönə bilər: “Fikrimcə, “Qarabağ” öz oyun üslubu ilə hamını təəccübləndirməyi bacarıb və məhz bu oyun üslubu da komandaya nəticə qazandırıb. İnanıram ki, eyni taktika İngiltərədə də işə yarayacaq”.
Qeyd edək ki, yanvarın 28-dən 29-na keçən gecə keçiriləcək “Liverpul” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.