Cəzasızlıq həqiqətin ən böyük düşmənidir

02.11.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

2 noyabr - Jurnalistlərə qarşı cinayətlərin cəzasızlığına son qoyulması beynəlxalq gün

Həqiqətin ardınca gedən jurnalistin əlindəki qələm, kamerası və mikrofonu cəmiyyətin yaddaşına çevrilir. O, hadisə yerinə yalnız görüntü əldə etmək üçün deyil, baş verənləri araşdırmaq, insanların suallarına cavab tapmaq, ictimaiyyətin bilməli olduğu həqiqətləri üzə çıxarmaq üçün gedir. Bəzən bu yol onu təhlükə ilə üz-üzə qoyur. Təəssüf ki, dünyanın müxtəlif bölgələrində jurnalistlər məhz öz peşə borclarını yerinə yetirdiklərinə görə təhdid edilir, fiziki zorakılığa məruz qalır, hətta həyatlarını itirirlər. Bu cinayətlərin cəzasız qalması isə təkcə media nümayəndələrinin deyil, bütövlükdə cəmiyyətin hüquqlarına vurulan zərbədir.

Noyabrın 2-də qeyd olunan Jurnalistlərə qarşı cinayətlərə görə cəzasızlığa son qoyulması üzrə Beynəlxalq Günün təsis edilməsi də məhz bu narahatedici reallığa diqqət çəkmək məqsədi daşıyır. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2013-cü il dekabrın 18-də  müvafiq qətnamə ilə noyabrın 2-ni beynəlxalq gün elan edib. Tarixin seçilməsi təsadüfi deyil. 2013-cü il noyabrın 2-də Fransanın “Radio France Internationale” radiosunun jurnalistləri Ghislaine Dupont və Claude Verlon Malinin Kidal şəhərində oğurlanaraq qətlə yetirilmişdilər. Onların faciəli taleyi jurnalistlərin təhlükəsizliyinin təmin olunması və peşə fəaliyyətinə görə törədilən cinayətlərin cəzasız qalmaması məsələsini beynəlxalq gündəliyin ön sıralarına çıxardı.

BMT-nin qətnaməsi üzv dövlətləri jurnalistlərə və media işçilərinə qarşı zorakılığın qarşısının alınması, belə cinayətlərin hərtərəfli araşdırılması, təqsirkarların məsuliyyətə cəlb edilməsi və zərərçəkənlərin hüquqlarının müdafiəsi üçün konkret tədbirlər görməyə çağırır. Çünki jurnalistə qarşı törədilən cinayət yalnız bir insanın peşə hüququnun pozulması deyil. Bu, cəmiyyətin məlumat almaq, hadisələri olduğu kimi öyrənmək və ictimai nəzarət həyata keçirmək imkanına da zərbə vurur.

UNESCO-nun 2026-cı il üzrə açıqladığı məlumatlar problemin miqyasını bir daha nümayiş etdirir. 2024–2025-ci illərdə dünyada 189 jurnalist zorakılıq nəticəsində öldürülüb. Bu qətllərin 67 faizi münaqişə zonalarında baş verib. Təşkilatın məlumatına görə, 2006-cı ildən bəri qeydə alınan jurnalist qətllərinin 86 faizi hüquqi baxımdan hələ də açılmamış və ya nəticəsiz qalmış işlər sırasındadır. Bu rəqəmlər təkcə faciələrin sayını deyil, cəzasızlığın nə qədər ciddi və davamlı problem olduğunu göstərir. Cinayət açılmadıqda, təqsirkar cəzasını almadıqda, növbəti hücum üçün də təhlükəli zəmin yaranır.

Məsələ yalnız silahlı münaqişə bölgələri ilə məhdudlaşmır. Jurnalistlər gündəlik həyatın müxtəlif sahələrində - korrupsiya, cinayət, sosial problemlər, fövqəladə hadisələr və ictimai əhəmiyyətli proseslər barədə məlumat hazırlayarkən də təzyiq və zorakılıqla üzləşirlər. Azərbaycanda da son günlər hadisə yerlərində çəkiliş aparan media nümayəndələrinə qarşı fiziki müdaxilə və peşə fəaliyyətinə maneçilik halları cəmiyyətdə haqlı narahatlıq doğurub. Bu faktlarla bağlı Mətbuat Şurası və Media və Yayım Şurası mövqelərini açıqlayaraq jurnalistlərə qarşı zorakılığı yolverilməz hesab edib, hadisələrin obyektiv araşdırılmasına çağırıblar. Hüquq-mühafizə orqanları tərəfindən də müvafiq araşdırma və hüquqi tədbirlər həyata keçirilib. Bütün bunlar bir daha göstərir ki, jurnalistin təhlükəsizliyi yalnız media ictimaiyyətinin deyil, dövlət qurumlarının və bütövlükdə cəmiyyətin diqqət mərkəzində olmalıdır.

Azərbaycanda jurnalistlərin hüquqlarının qorunması qanunvericiliklə təsbit edilib. “Media haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsi jurnalistlərin peşə fəaliyyətinə qanunsuz müdaxiləni, onlara təzyiq göstərilməsini və qanunla məhdudlaşdırılmayan məlumatların toplanması və yayılması ilə əlaqədar təqib edilməsini yolverilməz sayır. Bu hüquqi norma jurnalistin hadisə yerində işləmək, məlumat toplamaq və onu ictimaiyyətə çatdırmaq imkanının qorunmasına xidmət edir. Qanun qarşısında hər kəsin bərabərliyi prinsipi isə jurnalistə qarşı törədilən zorakılığın da obyektiv araşdırılmasını və təqsirkarın məsuliyyətə cəlb edilməsini tələb edir.

Dövlətin media sahəsinə diqqəti və qayğısı da ölkəmizdə jurnalistikanın inkişafının mühüm istiqamətlərindən biridir. Jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, redaksiyaların fəaliyyət imkanlarının genişləndirilməsi bu siyasətin konkret təzahürləridir. Medianın İnkişafı Agentliyinin fəaliyyəti də media mühitinin institusional inkişafına, peşəkarlığın artırılmasına, çap və onlayn media subyektlərinin dəstəklənməsinə xidmət edir. Bu istiqamətdə həyata keçirilən layihələr, müsabiqələr və maliyyə dəstəyi mexanizmləri ölkənin informasiya məkanının güclənməsinə töhfə verir. Lakin dövlət qayğısının ən mühüm tamamlayıcı şərtlərindən biri də jurnalistin özünü təhlükəsiz hiss etməsi, hadisə yerində maneəsiz işləyə bilməsi, topladığı məlumatı təzyiq və qorxu olmadan ictimaiyyətə çatdırmasıdır.

Əlbəttə, jurnalistikanın azadlığı peşə məsuliyyətindən ayrı düşünülə bilməz. Dəqiqlik, obyektivlik, etik normalara riayət, şəxsi həyatın və xüsusilə uşaqların hüquqlarının qorunması media fəaliyyətinin ayrılmaz prinsipləridir. Ancaq peşə etikası tələblərinin mövcudluğu heç kimə jurnalistə qarşı zor tətbiq etmək, onu təhdid etmək və qanuni fəaliyyətinə mane olmaq hüququ vermir. Qanun həm jurnalistin hüquqlarını, həm də cəmiyyətin informasiya almaq haqqını qoruyur.

Noyabrın 2-si bizə bir daha xatırladır ki, həqiqətin işıqlandırılması təhlükəli peşəyə çevrilməməlidir. Jurnalistin kamerasına uzanan zorakı əl əslində cəmiyyətin gözünü, onun mikrofonunu susdurmağa çalışan səs isə ictimaiyyətin eşitmək haqqını hədəfə alır. Bu səbəbdən jurnalistlərə qarşı törədilən hər bir cinayət diqqətlə araşdırılmalı, təqsirkarlar məsuliyyətə cəlb edilməli, heç bir belə hadisə unudulmuş və cavabsız qalmamalıdır. Həqiqətin müdafiəsi yalnız jurnalistin deyil, hüquqa, ədalətə və sağlam cəmiyyətə inanan hər kəsin borcudur.

Cünki, həqiqət susanda onun yerini qaranlıq, ədalət susanda isə cəzasızlıq tutur. Jurnalistin qələmini sındırmaq, kamerasını əlindən almaq, səsini qorxu ilə boğmaq mümkündür, amma cəmiyyətin həqiqəti bilmək haqqını əbədi susdurmaq mümkün deyil. Unutmayaq: həqiqətin müdafiə olunmadığı yerdə nə azadlıq tamdır, nə də ədalət.

Nurəngiz Adilqızı
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью