Icma.az, Mia.az saytına istinadən bildirir.
Fuad Kərimov adlı Bakı sakini kreditlə rəsmi servisdən aldığı avtomobilin 1 gün sonra istismara yararsız vəziyyətə düşdüyünü iddia edir.
Redaksiyamıza müraciət edən şəxsin iddiasına görə "Changan"ın rəsmi servisindən 2025-ci ildə avtomobil alıb. Aldıqdan bir gün sonra avtomobildə ciddi problemlərin olduğu məlum olub.
Ona müraciət etdiyi andan maşındakı problemlərin aradan qaldırılacağı bildirilib, amma vədlərə əməl edilməyib. Fuad Kərimov texniki problemlər səbəbindən bu müddət ərzində avtomobili idarə etməsə də, ondan aylıq ödənişlərin tələb olunduğunu deyir.
Problemlə bağlı Demokrat.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, yaxın 8 il ərzində yararsız hala düşmüş Çin avtomobillərinin utilizasiyası və təkrar emalı məsələsi gündəmə gələcək:
"Vətəndaş avtomobili rəsmi diler mərkəzindən, yəni salon vasitəsilə yeni alıbsa, istehlakçının tam hüquqi təminatı mövcuddur. Bu halda satıcı tərəf zəmanət öhdəliklərini yerinə yetirməli, texniki nasazlıqlar yarandıqda istehlakçıya tam servis və texniki dəstək göstərməlidir".
O bildirib ki, avtomobil işlənmiş halda alınıbsa, burada vəziyyət fərqlidir:
"İşlənmiş avtomobil alan vətəndaş şüurlu şəkildə riskə getmiş sayılır. Çünki dünya praktikasında da qəbul olunur ki, işlənmiş məhsulun texniki problemləri ola bilər və bu risk istehlakçı tərəfindən əvvəlcədən nəzərə alınmalıdır. Bununla belə, əgər satıcı tərəf tərəfindən hər hansı zəmanət öhdəliyi təqdim edilibsə, həmin öhdəliklər mütləq icra olunmalıdır".
O deyib ki, zəmanət öhdəlikləri yerinə yetirilmir və istehlakçının hüquqları pozulursa, vətəndaşlar müvafiq dövlət qurumlarına müraciət etməlidirlər.
"Bu məqsədlə vətəndaşlar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edərək hüquqlarının qorunması üçün müvafiq tədbirlərin görülməsini tələb edə bilərlər", - deyə ekspert bildirib.