Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-nin ikinci ən böyük neft şirkəti olan “Chevron” Venesuelada iki yeni neft yatağının işlənməsi üçün təxminən 7 milyard dollar sərmayə qoyacaq.
Yeniavaz.com “Forbes”ə istinadən xəbər verir ki, şirkət və Venesuelanın dövlət neft şirkəti “Petroindependencia” arasında yaradılan, “Chevron”un 49 faiz paya sahib olduğu birgə müəssisə mövcud infrastrukturun yaxınlığında yerləşən yeni yataqları işlətməyi planlaşdırır.
Yeni layihənin həyata keçirilməsi nəticəsində “Chevron”un Venesueladakı neft hasilatının növbəti beş il ərzində əhəmiyyətli dərəcədə artaraq gündəlik təxminən 600 min barrelə çatacağı gözlənilir.
Yeni investisiya Venesuela Milli Assambleyasının müqaviləni təsdiqləməsindən qısa müddət sonra elan edilib. ABŞ-nin Energetika naziri Kris Rayt da yeni investisiyaları elan etmək üçün çərşənbə axşamı Venesuelaya səfər edib.
“Chevron” ABŞ-Venesuela neft müqaviləsindən sonra ölkədə yeni layihə elan edən ilk böyük Amerika şirkəti olub.
Qeyd edək ki, keçmiş prezident Uqo Çaves 2007-ci ildə Venesuelanın neft sənayesini milliləşdirdikdən sonra “Chevron” ölkədə fəaliyyətini davam etdirən yeganə böyük Amerika neft istehsalçısıdır. Həmin qərardan sonra “Exxon” və “ConocoPhillips” şirkətləri Venesueladan çıxıb.
Karakasa səfəri zamanı Kris Rayt jurnalistlərə bildirib ki, ölkəyə böyük investisiyaların axını yeni iş yerlərinin yaradılmasına və əməkhaqlarının artmasına şərait yaradacaq.
ABŞ-nin Energetika naziri deyib ki, ölkəyə böyük investisiyalar gəldikdə, bu, daha çox iş yeri yaradır, əməkhaqqının artmasına təkan verir və venesuelalıların rifahının yüksəldilməsi üçün imkanlar formalaşdırır.