Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Məlum olduğu kimi, hazırda Türkiyənin ana müxalifət partiyası Cümhuriyyət Xalq Partiyası daxilində siyasi böhran və partiya rəhbərliyi uğrunda gərginlik yaşanır.
“Qafqazinfo” xəbər verir ki, bu hadisələrin mərkəzində isə partiyanın hazırkı sədri Özgür Özel və keçmiş sədri Kamal Kılıçdaroğlu yer alıb.
Belə ki, Ankara Bölgə Ədliyyə Məhkəməsinin çıxardığı son qərara əsasən, Özgür Özel CHP sədrliyi vəzifəsindən kənarlaşdırılıb və partiyanın keçmiş lideri Kamal Kılıçdaroğlu yenidən sədr postuna gətirilib. Bu qərar partiya daxilində siyasi böhrana səbəb olub. Məhkəmənin qərarından sonra Kılıçdaroğlunun tərəfdarları CHP-nin Ankaradakı Baş Qərargah binasının boşaldılmasını tələb ediblər.
Kılıçdaroğluna yaxın şəxslərin binaya daxil olmaq cəhdləri zamanı tərəflər arasında qarşıdurma və gərginlik yaşanıb. Bu hadisələrlə bağlı Baş Qərargah binasının ətrafına polis qüvvələri cəlb olunub və bina əhatəyə alınıb.
Hadisədən sonra sosial şəbəkələrdə Baş Qərargahın son halına dair görüntülər yayılıb. Türkiyə mediasının məlumatına görə, ərazinin təmizlənməsi gecə saatlarına qədər davam edib. Ümumilikdə binaya ciddi maddi zərər dəydiyi bildirilir.
Hazırda təmizlik işləri davam etdirilir, ərazidə təhlükəsizlik işçiləri və polislər var.
Bütün bu hadisələr zamanı Özgür Özel tərəfdarları ilə birlikdə Türkiyə Böyük Millət Məclisinə (TBMM) doğru etiraz yürüşü keçirib. Lakin təhlükəsizlik qüvvələri onların parlamentə daxil olmasına icazə vermədiyi üçün qrup Milli Müstəqillik Parkına yönəlib.
Həm CHP binasında baş verən hadisələr, həm də yürüşlə bağlı araşdırma başladılıb.
Onu da qeyd edək ki, Kamal Kılıçdaroğlunun mayın 28-də partiyanın Baş Qərargahında partiya nümayəndələri ilə görüşəcəyi gözlənilir.
Xatırladaq ki, 51 yaşlı Ö.Özel 2023-cü ildən CHP-yə sədrlik edir. O bu postda 2010-cu ildən CHP-yə rəhbərlik edən K.Kılıçdaroğlunu əvəz edib.