Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Son zamanlarda cib bıçaqlarına qadağa qoyulması ilə bağlı müzakirələr gedir. Ümumiyyətlə cib bıçaqlarından istifadə qanunvericilikdə necə tənzimlənib?
Məsələ ilə bağlı vəkil Elnur Məmmədov SİA-ya açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, cib bıçaqlarının gəzdirilməsi özü-özlüyündə hüquqi məsuliyyət yaratmır və bu növ bıçaqlar üçün xüsusi icazənin alınması tələb olunmur:
“Burada əsas diqqət bıçağın faktiki olaraq soyuq silah hesab edilib-edilməməsinə yönəldilir. Qanunvericilikdə qeyd olunur ki, hər hansı bir bıçağın soyuq silah kimi tanınması üçün onun konstruktiv xüsusiyyətləri, ölçüləri, istehsalında istifadə olunan materiallar, eləcə də təyinatıhəlledici əhəmiyyət daşıyır.
Belə ki, bıçaq yalnız o halda soyuq silah hesab olunur ki, o, birbaşa istehsalat, məişət və ya digər gündəlik məqsədlər üçün nəzərdə tutulmasın, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə bilavasitə fiziki təmas zamanı xəsarət yetirməyə yönəlik hazırlanmış olsun. Məhz bu əlamətlərin məcmusu mövcud olduqda bıçaq qanunvericilik baxımından soyuq silah statusu qazanır və bununla bağlı ayrıca hüquqi nəticələr yarana bilər.
Bununla belə, cib bıçağının soyuq silah sayılmaması onun hər zaman hüquqi məsuliyyətdən kənar qalması anlamına gəlmir. Cib bıçaqlarından istifadə forması xüsusi əhəmiyyət daşıyır. Belə ki, əgər cib bıçağı ilə hər hansı şəxsə qəsdən xəsarət yetirilərsə və ya bu bıçaq vasitəsilə kiməsə qarşı hədə-qorxu, təhdid və ya zor tətbiq edilərsə, bu hal artıq cinayət və ya inzibati məsuliyyətə səbəb ola bilər. Yəni məsuliyyət bıçağın daşınmasına görə deyil, onun qanunazidd istifadəsinə görə yaranır.
Eyni zamanda, qanunvericilik zəruri özünümüdafiə hüququnu da tanıyır. Əgər şəxs real təhlükə qarşısında özünü və ya başqasını qorumaq məqsədilə cib bıçağından istifadə edərək xəsarət yetirərsə və bu zaman zəruri özünümüdafiə hədləri aşılmazsa, həmin əməl cinayət tərkibi hesab olunmur. Bu kimi hallarda əsas meyar müdafiənin zəruriliyi, təhlükənin real olması və tətbiq edilən müdafiə tədbirlərinin bu təhlükə ilə mütənasibliyidir.
Beləliklə, cib bıçaqlarının hüquqi qiymətləndirilməsi onların sadəcə mövcudluğu və daşınması ilə deyil, konkret vəziyyətdə necə və hansı məqsədlə istifadə olunması ilə müəyyən edilir”.