Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 12 oktyabr, AZƏRTAC
Cibuti sahillərində 300-dən çox miqrantı daşıyan qayığın batması nəticəsində 139 nəfər, o cümlədən 15 uşaq həlak olub, daha 84 insan itkin düşüb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, Cibutidən Yəmənə gedən qayıq Ədən körfəzində, Cibutinin şərq sahilindəki Guhere yaxınlığında batıb. Axtarış-xilasetmə əməliyyatları zamanı Efiopiya vətəndaşı olan 80-dən çox insan xilas edilib.
BMT-nin Cibutidəki missiya rəhbəri Aleksandr Koyssak hadisəni ağır insan itkisi kimi qiymətləndirib və təşkilatın təcili yardım göstərmək üçün yerli hakimiyyət orqanları ilə əməkdaşlıq etdiyini bildirib. O qeyd edib ki, meyitlərin kimliyi müəyyən edildikcə, həlak olanların sayı arta bilər.
Faciə dünyanın ən işlək və təhlükəli miqrasiya marşrutlarından birində baş verib. Bölgədə artan qeyri-sabitliyə və Yəməndə yenidən alovlanan münaqişəyə baxmayaraq, hər il Afrika Buynuzundan minlərlə miqrant Körfəz ölkələrində iş imkanları tapmaq məqsədilə bu yolu keçməyə çalışır.
BMT-nin məlumatına görə, sentyabr ayından bəri Efiopiyadan Cibutiyə 20 mindən çox insan daxil olub, ötən il isə yarım milyondan çox miqrant bu marşrutla hərəkət edib. Təşkilat həmin dövrdə bu marşrut üzrə təxminən 900 nəfərin ölməsi və ya itkin düşməsi faktını qeydə alıb.