Icma.az bildirir, Azertag portalına istinadən.
Qahirə, 14 sentyabr, AZƏRTAC
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun himayəsi ilə VI Həcc konfransı və sərgisi keçiriləcək. Tədbir noyabrın 8-dən 11-dək Ciddə şəhərində təşkil olunacaq. Konfransda yerli və beynəlxalq səviyyədə 520-yə yaxın dövlət, özəl və qeyri-kommersiya qurumunun, eləcə də müxtəlif sektorların nümayəndələrinin iştirakı nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, tədbir qarşıdakı Həcc mövsümünə erkən hazırlıq çərçivəsində əsas platformalardan biri hesab olunur. Konfrans aidiyyəti qurumları bir araya gətirərək müqavilələrin bağlanması prosesinin tamamlanması, əməliyyat və təşkilati məsələlərin müzakirəsi, müxtəlif həll və təşəbbüslərin təqdimi, tərəfdaşlıqların qurulması və hazırlıq səviyyəsinin yüksəldilməsinə xidmət edir.
Tədbir üç əsas istiqaməti əhatə edəcək. “İnfrastruktur və əməliyyat xidmətləri” istiqamətinə nəqliyyat və loqistika xidmətləri, infrastruktur və obyektlərin idarə olunması, yaşayış və qonaqpərvərlik, ərzaq təminatı və iaşə daxildir.
“Səlahiyyətləndirmə və inteqrasiya” istiqamətində təhlükəsizlik və ictimai asayiş, səhiyyə xidmətləri, media və kommunikasiya, texnologiya və innovasiya məsələləri nəzərdən keçirilir.
“Davamlı inkişaf” istiqaməti isə üçüncü sektor, sahibkarlıq, təlim, hazırlıq və inkişaf, eləcə də zəvvarların təcrübəsinin zənginləşdirilməsi mövzularını əhatə edir.
Konfransla yanaşı, Həcc xidmətləri sisteminə həsr olunmuş ixtisaslaşmış sərgi də keçiriləcək. 67 min kvadratmetrdən çox ərazini əhatə edəcək sərgidə 150-yə yaxın ölkədən qurumların, müxtəlif xidmət sahələrinin təmsilçilərinin iştirakı gözlənilir.
Qeyd edək ki, sərginin əvvəlki buraxılışı geniş iştirakla yadda qalıb. Tədbirə 150-dən çox ölkədən 204 mindən artıq ziyarətçi və 270 sərgi iştirakçısı qatılıb. Konfrans çərçivəsində 134 ixtisaslaşmış sessiya və seminar keçirilib, təlim proqramlarından isə dünyanın müxtəlif ölkələrindən 2600-dən çox iştirakçı faydalanıb.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə