Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Cıdır düzündə yenə qələbəlikdir. Yamyaşıl meydandan ucalan çal-çağır səsi ziyarətinə ilk dəfə gələnlərin heyrətlə izlədikləri sıldırım qayalara qədər çatıb, əks-səda verir. Üzlərindən qürur, sevinc, bir az da kövrəklik yağan insanlar musiqi sədaları altında rəqs edirlər, yallı gedirlər.
Bir az aralıda Daşaltı çayına açılan əsrarəngiz mənzərəni, uzaqda Şuşa dağların boynuna sevgi ilə dolanmış “qolları” – “Zəfər yolu”nu və Qarabağın gözəlliklərini seyr etmək üçün qurulmuş seyrəngahda isə gənc aşıq sazı sinəsinə basıb, “Ruhani” üstə dilləndirir. Yayın son günlərinin istisinə sərinlik qatan Kirsin qarlı zirvəsindən qopub Cıdır düzünə üz tutan külək bu çal-çağırı, el təntənəsini dörd bir yana yayır. Cıdır düzü illərin ayrılığından sonra qovuşduğu əsl sahiblərinin, dost-doğmalarının bu coşqusundan, sanki, sərməst görünür:
Dan yerindən qalxan günəş
xəbər verir,
zəfər dolu bir gündüzü.
Danış, danış, Cıdır düzü!
...Əsrlərin şahidi, ərlər-ərənlər oylağı, igidlərin at çapıb, qurşaq tutduqları, qırmızı koftalı, yaşıl tumanlı, abırlı-həyalı qız-gəlinlərin onları oğrun-oğrun süzüb sevdalandıqları bu sehrli məkana təkcə ziyarətçi kimi deyil, həm də “ev sahibi”, bu yerləri görmək arzuları ilk dəfə reallaşan yazıçı dostların bələdçisi kimi gəlmək çox qürurvericidir. Onlar da insan selinə qoşulub Cıdır düzünə baxdıqca baxır, həyəcanlanır, kövrəlirlər...
Bəlkə də indi azadlığı ilə fəxr etdiyimiz Cıdır düzünün bir vaxtlar mənfur düşmənin sərxoş rəqslərindən inlədiyinə, Xarı bülbülün qəhrindən saralıb-solduğuna qəzəbləndikləri, qəhr olduqları günləri xatırlayırlar. Ancaq hər şey geridə qalıb. Bu gün zəfər tariximizin şanlı səhifələrindən, Azərbaycanı qalib ölkəyə çevirmiş müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevdən, başında dayandığımız sıldırımlarla yuxarı dırmaşaraq yalın əllə yağıları torpağımızdan qovan cəngavər oğullarımızın qəhrəmanlıqlarından danışırıq! Şirin yuxu kimidir deyilmi?
Cıdır düzü Qarabağımızın, Şərqi Zəngəzurumuzun hər bir guşəsi kimi, azaddır, firavam, qayğısız çağlarına geri dönüb, əbədi olaraq bizimdir. Bu gün, rəşadətli ordumuzun 44 günlük zəfər yürüşünün son nöqtəsini qoyduğu, qələbə simfoniyasının son akkordlarını vurduğu antiterror əməliyyatı 2023-cü il sentyabrın 19-da başlandı və cəmi 23 saat 43 dəqiqə davam etdi. Azərbaycan Ordusu yüksək peşəkarlıq, texnoloji üstünlük və strateji planlama nəticəsində qısa müddətdə bütün hədəflərə nail oldu.
Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Şuşa