Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Tələbə vaxtı əlavə pul qazanmaq üçün özümüzə iş yerləri axtarırdıq. Bu, həm bizim maddi vəziyyətimizin, həm də təhsillə bağlı problemlərin həlli olunmasında ən yaxşı çıxış yolu idi. Bir dəfə Gümrah adlı tələbə yoldaşımdan Bakının Montin adlanan qəsəbəsindəki zavoda xaricdən yeni qurğuların gətirildiyini eşitdim. Hətta, bildirdi ki, onları işlətmək üçün müəyyən savada malik kardrlar yığılır. Özümə yaxın 4 nəfər adamla danışıb zavodun yerləşdiyi ünvana getdik.
Zavodun geniş həyətindən içəri daxil olduq. Bizi özünü sex rəisi kimi təqdim edən Ağarza adında yaşı 30-35 aralığında, dolu bədənli, buruqsaçlı və yanında da Alim adında bəlkə də bizim yaşda olan, boydan balaca, amma danışmaqda və dildən iti olan bir oğlanla qarşıladı. Ağarza bizi içəri dəvət edib qurğuların iş prinsipi ilə bağlı məlumat verir, arada zavodda iş vaxtı riayət edilən təhlükəsizlik qaydalarını xatırladırdı. Birdən yanımda dayanan Adil adlı tələbə Ağarzaya “müəllim” deyə müracət etdi. Ağarza danışan yerdə elə bil tutuldu. Sözünü kəsib bir anlıq dayanib:
- Mənə müəllim demə” dedi.
Sonra əlavə etdi:
- Nə sözünüz varsa bu çilingər Alimdən soruşa bilərsiniz, O, həqiqətən də "alimdir”.
Sonra Ağarza irişərək yanımızdan uzaqlaşdı.
Bir müddətdən sonra biz Alimlə yaxından tanış olduq. Dörd ildir ki, bu zavodda çilingər işində çalışır. Əslən Qazax rayonundan olduğunu bildirdi. Onun danışığndan, məzəli təsir bağışlayan sözlərindən bunu hiss etmişdim.
Məndə belə bir fikir oyandı ki, bu çilingərin ali təhsilli uşaqlarla heç də yaxşı rəftarı yoxdur. O universitetdə oxuduğumuza görə bizə gülür, özünə məxsus ironik sözlərlə sanki işimizi yaxşı bilmədiyimizə görə acıq verirdi. Mən Alimdən təhsilin hansı olduğunu soruşdum. O, orta məktəb təhsilli olduğunu bildirdi. Daha sonra dedi: Neyneyirəm ali təhsili? İşimi də yaxşı bilirəm. Bu dəfə sinəsini biraz da qabartdıb dedi:Budur eeee, əlimin altında 4 nəfər ali təhsilli işləyir.
Çarəsizlikdən müəyyən vaxtadək Alimin “əlinin altında” işlədik. Zavodda işləmək həm ayın sonunda aldığın müəyyən məbləğ əməkhaqqı, həm də görmədiyin maraqlı şeylərlə qarşılaşmaq gələcəkdə bu peşəni seçənlərə həqiqi ləzzət verirdi.
Bir dəfə işlədiyimiz sexə sahə rəisinin gəldiyini eşitdik. Hamımız işimizi buraxıb sexin ortasındakı aralığa toplaşdıq. Hündür, şux geyinmiş direktor Ağarza ilə bizə yaxınlaşıb hamımızı bir-bir nəzərdən keçirməyə başladı. Bir anlıq dayanıb “Balaca çilingərlə aranız necədi” deyib bizi süzməyə davam etdi. Sonra isə direktorlara məxsus ənənəvi sual verdi: - Hər şey yaxşıdır?
Rəis özü ilə gətirdiyi vərəği üzünə yaxınlaşdırıb soruşdu: Balayev Gümrah kimdir?
Gümrah :”Mən” deyib qabağa çıxdı.
- Mənimlə gedək…. Siz isə işinizə.
Bir neçə deqiqədən sonra Ağarza ilə Gümrah yanımıza qayıtdı. Sex rəisi bizi yanina çağırıb dedi:
- Bundan sonra sizin böyüyünüz Gümrah olacaq. Gümrah idarə heyətinin bütün suallarına yaxşı cavab verib, imtahandan keçdi. Indi siz ona tabe olacaqsınız. Bundan sonra onun göstərişlərinə əməl edin.
Sex böyüyünün bu sözündən sonra aramızda qəribə bir abu-hava yarandı. Bilmirik sevinək, yoxsa təssüflənək”.
Ağarzanın bu sözündən ən çox şok keçirən Alim idi. Bunu eşidən balaca çilingər əlindəki açarı atıb yanımızdan sürətlə uzaqlaşdı. Onu bir müddət görmədik. Sonradan onun başqa sexə keçdiyini eşitdik.
Universitetdə təhsilimizi başa vurub, zavoddan uzaqlaşdıq. Təhsil aldığımız ixtisas pedaqoji olduğuna görə Bakı şəhərinin müxtəlif məktəblərində müəllim işləyirdik. Pis- yaxşı günümüzü yola verirdik. Buna baxmayaraq biz arada görüşür, oturub keçmiş günlərdən söhbət açırdıq. Bir müddətdən sonra o zavodun bağlandığını eşitdik. Maliyyə səbəbindən zavod işini dayandırıb, işçiləri isə evə göndərmişdi. Bu vaxt məni düşündürən Alim oldu. Görəsən o nə edir? Necə yaşayır? Heç bir təhsili də yoxdur.
Bir dəfə yenə də yığışıb öz vəziyyətimizdən, dolanışığımızdan söhbət edirdik. Bu zaman yanımızdakı müəllimlərdən biri dedi:
- Bir dəfə maaşımız gecikmişdir. Mənə 100 manat pul lazım oldu. Tanıdığım yoldaşlara müraciət etdim. Heç kimdən səs çixmadı. Axırda çilingər işləyən qonşumuza müraciət etdim. O da heç nə demədən dinməz- söyləməz pulu mənə uzatdı. Bilirsiniz o kim idi? Bizim həmin o çilingər Alim... Nə qədər vaxtdır qonşuluqda yaşayır. Hec xəbərim yoxdur - deyib bizi təəccübləndirdi.
Mehman Fərmanov
Newscenter.az üçün