Çimərliklər necə olmalıdır: pullu, yoxsa pulsuz?

30.06.2026

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Səyad Həsənli adlı vətəndaş sosial mediada yazıb ki, Monteneqroda ölkənin ən turistik və dəbdəbəli yerlərindən olan Tivatda heç bir çimərlik özəlləşdirilməmişdi, hər kəs üçün açıq idi. Bununla belə, hansı çimərliyə getsə də, hamısında şərait çox yaxşı vəziyyətdə idi:

“Ətrafa ödənişsiz şezlonqlar yerləşdirilib, sadəcə restoran kənarlarında yerləşdirilənlər ödənişlidir ki, onlar da çox minimal qiymətədir. Serbiyada isə dəniz yoxdur, amma Dunay çayı var və insanlar yay aylarında günəşlənmək və üzmək üçün onun sahillərinə üz tuturlar. Orada da eyni vəziyyətdir: hər şey tam ödənişsizdir. Üstəlik, həm su, həm də ətraf təmiz saxlanılır”.

O deyib: “Bizdə isə illərdir insanlar Xəzər sahilində baş verən problemlərdən çimərliklərin özəlləşdirilməsindən, ictimai çimərliklərdəki özbaşınalıqlardan yazırlar, amma dəyişən heç nə yoxdur. Hər il dəniz mövsümü başlayan kimi ölüm xəbərləri artır”.

Çimərliklərin özəlləşdirilməsi və ictimai çimərliklərin vəziyyəti ilə bağlı hər hansı dəyişikliklər olmalıdırmı?

Əziz Şiriyev

Bu barədə Bizimyol.info xəbər portalına danışan turizm eksperti Əziz Şiriyev bildirib ki, dünya praktikasında bunun ödənişli olan yerləri də var:

“Xalqın sərvəti kimi çimərliklərin özəlləşdirilməsinin mən də əleyhinəyəm. İstərdim ki, vətəndaşlar rahat şəkildə çimərliklərdən istifadə etsinlər. Amma dünya praktikasında bunun ödənişli olan yerləri də var. Təbii ki, bir şey ödənişsiz olanda ondan düzgün istifadə qaydaları da olmalıdır. Dənizkənarının səliqəli saxlanılması vacibdir. Bu təkcə dəniz kənarı deyil, istənilən halda hər hansı bir yer- parklar, idman alətləri olan məkanlar və digər ödənişsiz sahələr də eyni qaydada qorunmalıdır.

Məsələn, bu gün “Sea Breeze” də belə ödənişsiz çimərlik var. Yaxud İdeya İctimai Birliyinin ödənişsiz çimərlikləri var ki, insanlar orada istirahət edə bilirlər.

Amma getdikləri yer ödənişsiz olduğu üçün oranın təmiz saxlanılması, səliqəli olması və ekologiyanın qorunması vacibdir. Dəniz kənarında hər hansı meyvə qabıqları və digər ekoloji ziyan vuran tullantılardan istifadə edilməməlidir”.

Əziz Şiriyev əlavə edib: “Bu cür məkanlar qorunduğu halda, məsuliyyət daha çox dövlət səviyyəsində deyil, insanların şəxsi keyfiyyətləri əsasında həmin yerlərin ödənişsiz olması isə çox müsbət haldır. Çünki elə vaxt olur ki, bir ailədən bir neçə nəfər gedir və ödəniş etməyə imkan olmur. Üstəlik, əlavə xidmətlər, qida və başqa xərclər də ailə büdcəsinə ciddi yük yaradır və bu, ay ərzində kifayət qədər məsrəfə çevrilir.

Ona görə də mən bu cür məkanların ödənişsiz olmasının tərəfdarıyam. Ödənişsiz olsa, daha da yaxşı olar”.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью