Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Çin 2030-cu ilədək tayxonavtların (Çin kosmonavtlarının) Aya enişini nəzərdə tutan pilotlu kosmik missiyanın mərhələli planını ilk dəfə ictimaiyyətə təqdim edib.
KONKRET.az xəbər verir ki, bu barədə Pekində keçirilən simpoziumda Çinin Ay proqramının baş konstruktoru Van Syan məlumat verib. Xəbəri “Sinxua” agentliyi yayıb.
Planlaşdırılan missiyanın həyata keçirilməsi üçün iki ayrı raket buraxılışı nəzərdə tutulur. “Çançjen-10” daşıyıcı raketlərindən biri üç tayxonavtın olduğu “Mençjou” kosmik gəmisini, digəri isə “Lanyue” adlı Ay eniş modulunu orbitə çıxaracaq.
Ay ətrafı orbitdə hər iki aparat bir-biri ilə birləşəcək. Daha sonra ekipajın iki üzvü Ay səthinə enmək üçün eniş moduluna keçəcək. Üçüncü tayxonavt isə kosmik gəmidə qalaraq həmkarları ilə əlaqəni təmin edəcək və missiyanın koordinasiyasında iştirak edəcək.
Ay səthində kosmonavtları “Tanso” adlı xüsusi Ay roveri gözləyəcək. Onun vasitəsilə Ay torpağından nümunələrin toplanması, elmi tədqiqatların və müxtəlif eksperimentlərin aparılması planlaşdırılır.
Pilotlu uçuşdan əvvəl Çin proqramın texniki hazırlığını yoxlamaq məqsədilə üç pilotsuz sınaq missiyası həyata keçirməyi nəzərdə tutur.
İlkin qrafikə əsasən, 2027-ci ildə “Mençjou” gəmisinin Yerətrafı orbitdə sınaqları keçiriləcək. 2028-ci ildə Ay eniş modulunun enmə və yenidən qalxma imkanları yoxlanılacaq. 2029-cu ildə isə iki ayrı buraxılış həyata keçiriləcək və kosmik aparatların Ay yaxınlığında birləşmə texnologiyası sınaqdan keçiriləcək.
Çinin Ay missiyasının təfərrüatlarını açıqlaması ABŞ-la kosmik rəqabətin intensivləşdiyi dövrə təsadüf edir. Vaşinqton “Artemis III” proqramı çərçivəsində amerikalı astronavtların 2028-ci ildə Aya endirilməsini planlaşdırır.
Beləliklə, XXI əsrdə Ay uğrunda yeni kosmik yarışın əsas iştirakçıları olan ABŞ və Çin qarşıdakı illərdə insanlı kosmik uçuşlar sahəsində öz imkanlarını nümayiş etdirməyə hazırlaşırlar.
Rəsmiyyə Şərifova,
KONKRET.az
Şəkil: Colin / Wikimedia Commons