Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Pekin, 3 fevral, AZƏRTAC
Çin Amerika Birləşmiş Ştatlarını “Yeni Strateji Silahların Azaldılması Müqaviləsi” (Yeni START) üçün sonrakı tədbirlərlə bağlı Rusiyanın təkliflərinə fəal cavab verməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmisi Lin Cien fevralın 3-də Pekində media brifinqində Çinin “Yeni START” müqaviləsinin gələcəyi ilə bağlı mövqeyinə dair suala cavabında belə deyib. “Çin Rusiyanın “Yeni START”ın sonrakı tədbirləri ilə bağlı əvvəllər irəli sürdüyü konstruktiv təklifləri qeydə alıb və ümid edir ki, ABŞ fəal şəkildə cavab verəcək, qlobal strateji sabitliyi həqiqətən qoruyacaq", - deyə Çin rəsmisi bildirib.
ABŞ Prezidenti Donald Trampın nüvə silahlarına məhdudiyyətləri qorumaq üçün Çini də nüvə silahlarına nəzarət danışıqlarına daxil etmək istədiyini bildirməsi ilə bağlı suala cavab olaraq Lin Cien deyib ki, Çin, ABŞ və Rusiya arasında üçtərəfli nüvə silahlarına nəzarət danışıqları ilə bağlı rəsmi Pekinin mövqeyi aydındır. “Çinin və ABŞ-ın nüvə qüvvələri heç də eyni səviyyədə deyil. Bu mərhələdə Çindən nüvə tərk-silahı danışıqlarına qoşulmasını istəmək nə ədalətli, nə də ağlabatandır”, - deyə Çin XİN rəsmisi əlavə edib.
Qeyd edək ki, ABŞ və Rusiya arasında 2010-cu ildə imzalanmış “Yeni START” müqaviləsinin müddəti fevralın 5-də başa çatır. Bu, planetin 2 ən böyük nüvə dövləti arasında nüvə silahlarının məhdudlaşdırılmasına dair qüvvədə olan sonuncu müqavilədir və onun gələcəyi ilə bağlı suallar yaranıb. Rusiya Prezidenti Vladimir Putin bir müddət əvvəl ölkəsinin “Yeni START” məhdudiyyətlərinə daha bir il riayət etməyə hazır olduğunu açıqlamışdı, lakin ABŞ hələ də cavab verməyib. “Yeni START” müqaviləsi strateji hücum silahlarının sayını məhdudlaşdırır. Müqaviləyə əsasən, hər bir tərəf 1550-dən çox döyüş başlığı və 700-dən çox yerləşdirilmiş raket və ağır bombardmançı təyyarə saxlaya bilməz. Müqavilənin müddətinin başa çatması tərəflərin silahlanma sahəsindəki gələcək münasibətlərini müəyyən edəcək.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin