Çin avtomobili inanılmazı bacardı

19.11.2026

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çinin BYD avtomobil istehsalçısının Böyük Britaniyadakı bölməsi hibrid mühərrikli "Denza Bao 5" yolsuzluq avtomobilinin nümayiş xarakterli sınaqlarını keçirib.

Çində "FangChengBao Leopard 5" adı ilə satılan avtomobil təxminən 180 ton ağırlığında olan, tam təchizatlı "Boeing 747-400" sərnişin təyyarəsini yerindən tərpədərək yedəyə alıb.

Sınağın son mərhələsində avtomobil yalnız sol tərəfdəki iki təkəri üzərində hərəkət edərək təyyarəni çəkməyə davam edib. Buna sağ tərəfdəki təkərlərin sökülməsi səbəb olub.

Üç cəhd ərzində - əvvəlcə dörd, sonra üç, sonda isə iki təkər üzərində hərəkət edən "Bao 5" təyyarəni ümumilikdə təxminən 1 600 metr məsafəyə çəkib.

"Denza" şirkətinin iddiasına görə, bu, seriyalı istehsal olunan avtomobilin təyyarəni iki təkər üzərində yedəyə alaraq çəkməsi üzrə dünyada ilk hadisədir. Şirkət, həmçinin bunu "Boeing 747" təyyarəsinin elektrik dartı qüvvəsindən istifadə edən avtomobillə ilk dəfə yedəyə çəkilməsi kimi təqdim edib.

Avtomobilin standart güc qurğusunda heç bir dəyişiklik edilməyib. Sistem üç elektrik mühərrikindən və 1,5 litrlik turbomühərrikdən ibarətdir. Ümumi gücü 544 at qüvvəsi təşkil edir.

Lakin mühəndislər təkərlərin yol səthi ilə lazımi ilişməsini təmin etmək üçün sərnişin oturacaqlarını sökərək salona əlavə ballast (ağırlıq) yerləşdiriblər.

Nümayiş xarakterli sınaq "Denza" markasının Böyük Britaniya bazarına çıxması ərəfəsində təşkil olunub. Artıq avtomobil üçün sifarişlərin qəbuluna başlanılıb. İlk avtomobillərin 2027-ci ilin əvvəlində müştərilərə təhvil verilməsi gözlənilir.

Eksperimentdə istifadə olunan "Bao 5" modelinin "Ultimate" versiyasının qiyməti təxminən 79 min funt sterlinqdir.

///oxu.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью