Çin avtomobilləri BAHALAŞACAQ

17.08.2026

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Çinin avtomobil ixracında yaşanan sürətli artım qlobal dəniz daşımaları sektorunda ciddi gərginlik yaradıb. Avtomobil daşımaq üçün nəzərdə tutulan xüsusi gəmilərə tələbatın kəskin yüksəlməsi nəticəsində onların icarə qiymətləri ilin əvvəlindən 65 faiz artıb.
Mövcud gəmi parkının artan tələbatı qarşılamaqda çətinlik çəkməsi vəziyyəti daha da mürəkkəbləşdirib.
Avtomobil daşıyan xüsusi gəmilərin bir hissəsinin uzun müddət əvvəldən sifariş edildiyi bildirilir. İstehsalçılar çıxış yolu kimi avtomobilləri adi yük konteynerlərində Avropa, Avstraliya və Latın Amerikası bazarlarına göndərməyə başlayıblar.
 

MÖVZU İLƏ BAĞLI:
Maşın bazarında “ucuzlaşma” görüntüsü: Əslində qiymətlər demək olar dəyişməyib


Problemin miqyasını Çinin avtomobil ixracındakı artım daha aydın göstərir. “Mobility Global”ın proqnozuna əsasən, Çin 2026-cı ildə xarici bazarlara 10 milyonadək avtomobil göndərə bilər. Halbuki 2019-cu ildə ölkənin avtomobil və yüngül kommersiya nəqliyyatı ixracı 600 minə belə çatmırdı.
Son illərdə daşıma imkanlarının genişləndirilməsinə baxmayaraq, tələb yenə də təklifi üstələyir.
Qlobal avtomobil daşıyan gəmi parkının təxminən 40 faiz böyüdüyü, lakin bunun belə Çindən gələn böyük həcmli sifarişləri tam qarşılamağa kifayət etmədiyi bildirilir. Böyük avtomobil daşıyan gəmilərin orta illik icarə qiyməti ötən ilin sonunda gündə 42 500 dollar olduğu halda, iyunda 70 min dollara yüksəlib.
Norveçin “Höegh Autoliners” şirkətinin baş icraçı direktoru Andreas Enger də Çinin avtomobil sənayesindəki yüksəlişinin qlobal bazarı dəyişdirdiyinə diqqət çəkib. Onun qiymətləndirməsinə görə, Çin cəmi beş il ərzində avtomobil ixracında kiçik oyunçudan dünyanın ən böyük ixracatçısına çevrilib.
Mövcud tendensiya davam edərsə, Çin avtomobillərinə qlobal tələbatın artması yalnız avtomobil bazarına deyil, logistika sektoruna da ciddi təsir göstərəcək. Gəmi çatışmazlığı və bahalaşan daşınma xərcləri isə son nəticədə avtomobillərin xarici bazarlardakı satış qiymətlərinə əlavə təzyiq yarada bilər.
Bəs, bu prosesin Azərbaycan bazarına təsiri hansı səviyyədə ola bilər?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Natiq Cəfərli deyib ki, daşınma xərclərinin artması dünyadakı logistik böhranla əlaqəlidir:
 

“Bunun Azərbaycana da təsirləri olacaq. Çünki daşınma xərcləri artırsa, avtomobil bazarındakı qiymətlər də artacaq. Bu qiymət artımını əsasən İran istiqamətindən daşınan avtomobillərdə özünü göstərəcək. Ola bilsin ki, dəniz yolu ilə ölkəmizə avtomobil daşınmasının həcmi azalsın. Görünən odur ki, Çindən gələn avtomobillər daha uzun bir yol qət edəcəklər. Yəni Aralıq dənizindən Qara dənizə, oradan isə Gürcüstan üzərindən avtomobillər Azərbaycan gətiriləcək.


Əslində Çinlə dəmir yolu bağlantımız da var. Amma nəzərə alaq ki, Çinin avtomobil istehsalçıları əsasən Sakit okeanı sahillərindədir və oradan dəmir yoluna daşımalar da baha başa gələ bilər. İstənilən halda logistikanın bahalaşması Azərbaycan bazarına da təsir göstərəcək”.
Surxay Atakişiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью