Çin avtomobilləri digər ölkələrin məlumatlarını toplayır? AÇIQLAMA

27.01.2026

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Çin istehsalı olan "ağıllı" avtomobillərin qlobal bazarda sürətlə yayılması bir çox dövləti ciddi təhlükəsizlik tədbirləri görməyə məcbur edib. Polşa hakimiyyəti milli təhlükəsizlik risklərini əsas gətirərək, Çin istehsalı olan nəqliyyat vasitələrinin hərbi obyektlərə girişini və onların ətrafında park edilməsini rəsmən qadağan edib İsrail ordusu (IDF) da oxşar narahatlıqlar səbəbindən Çin elektromobillərinin hərbi bazalara daxil olmasına qadağa qoyub və yüksək rütbəli zabitlərin bu maşınlardan istifadəsinə məhdudiyyətlər gətirib. Ekspertlərin fikrincə, müasir Çin avtomobilləri sadəcə nəqliyyat vasitəsi deyil, ətraf mühiti davamlı skan edən, səs və video çəkilişi aparan, geolokasiya məlumatlarını dərhal xarici serverlərə ötürən "təkər üzərindəki smartfonlar"dır. ABŞ ticarət naziri Gina Raimondo da bu məsələdə kəskin mövqe nümayiş etdirərək bildirib ki, mikrofonlar və GPS sistemləri ilə təchiz olunmuş bu maşınlar xarici dövlətlərin əlinə keçərsə, şəxsi həyatın toxunulmazlığı və milli təhlükəsizlik üçün ciddi təhdid yarada bilər. Hazırda ABŞ-da Çin proqram təminatı ilə işləyən avtomobillərin 2027-ci ildən, mexaniki hissələrin isə 2030-cu ildən tam qadağan edilməsi nəzərdə tutulan qanun layihəsi üzərində iş gedir.
Avtomobil üzrə ekspert Elgiz Mehdiyev mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında bildirib ki, “Çin avtomobilləri casusluq edir” demək doğru deyil:
“Çünki cibimizdə gəzdirdiyimiz telefon da, sürdüyümüz Alman və ya Amerika avtomobili də bizdən məlumat toplayır. Sadəcə Çin avtomobilləri bunu daha ucuz qiymətə və daha açıq texnologiya ilə edir. Məsələ casusluqdan çox, bazar uğrunda savaşdır. Amma bu o demək deyil ki, risk yoxdur. Avtomobil artıq sadəcə nəqliyyat vasitəsi deyil, təkər üstündə kompüterdir. Hara getdiyinizi, necə sürdüyünüzü, nə dinlədiyinizi bilir. Əgər bu məlumatlar ölkə xaricində və nəzarətsiz serverlərdə saxlanılırsa, bu artıq milli təhlükəsizlik məsələsidir. Problem avtomobilin Çin istehsalı olmasında yox, dövlətlərin bu texnologiyanı vaxtında tənzimləməməsindədir. Qaydalar boşdursa, hər istehsalçı o boşluğu öz marağına uyğun dolduracaq. Bu gün təhlükə Çin avtomobilləridirsə, sabah bu digərlərinə də aiddir”.
Leyla Turan 
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью