Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Çində istehlakçılar getdikcə daha münasib qiymətə yüksək keyfiyyətli məhsullar təklif edən yerli brendlərə üstünlük verirlər.
Bakıvaxtı.az xəbər verir ki, “Le Monde” qəzetinin məlumatına görə, iqtisadi qeyri-müəyyənlik və mənzil bazarındakı böhran səbəbindən ölkədə lüks məhsullara tələbat 2024-cü ildən etibarən azalmağa başlayıb. İstehlakçılar xərclərinə daha diqqətlə yanaşır, brendin nüfuzundan çox məhsulun keyfiyyətinə önəm verirlər.
Yerli istehsalçıların uğuruna nümunə kimi çanta istehsalı ilə məşğul olan “Songmont” şirkəti göstərilir. Şirkətin 2025-ci ildə satış həcmi 1 milyard yuanı (təxminən 130 milyon avro) ötüb. Hazırda şirkət xarici bazarlara genişlənir və İtaliyada istehsal müəssisəsi açmağa hazırlaşır.
Çin brendlərinin populyarlığının artmasına istehlakçıların milli mədəniyyətə və estetikaya marağı da təsir göstərir. Ölkə hakimiyyəti isə 2028-ci ilədək 25 əsas milli brendin yaradılmasını hədəfləyərək yerli sənayeni dəstəkləyir.
“Le Monde” bu prosesi Çin avtomobil sənayesinin inkişafı ilə müqayisə edir. Nəşrin qənaətinə görə, Çin şirkətləri artıq avtomobil sektorunda Avropa istehsalçıları üçün ciddi rəqibə çevrilib və indi oxşar tendensiya lüks məhsullar bazarında da müşahidə olunur.