Çin Dalay Lamanın mükafatını sərt tənqid etdi

03.02.2026

Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Çin hakimiyyəti Tibet buddistlərinin mənəvi lideri Dalay-lamanın “Qremmi” mükafatı almasını kəskin şəkildə pisləyib. Pekin bu addımı “antixin siyasi manipulyasiyası” adlandıraraq, beynəlxalq mədəni mükafatların siyasi məqsədlər üçün istifadə edilməsinə qarşı olduğunu bəyan edib.

AzPost xəbər verir ki, 90 yaşlı Dalay-lama “Meditasiyalar: Onun Müqəddəsliyinin düşüncələri” adlı audiokitabına görə “Danışıq və storitellinq” nominasiyasında ilk “Qremmi” mükafatını qazanıb. Mükafat ABŞ-ın Los-Anceles şəhərində keçirilən rəsmi mərasimdə elan edilib. Dalay-lamanın özü tədbirdə iştirak etməsə də, mükafatı onun adından tanınmış musiqiçilər qəbul ediblər.

Dalay-lama mükafatdan sonra sosial şəbəkədə paylaşdığı açıqlamada bu uğuru şəxsi nailiyyət kimi deyil, bəşəri dəyərlərin tanınması kimi qiymətləndirdiyini bildirib. O qeyd edib ki, bu mükafat sülh, mərhəmət, ətraf mühitə qayğı və insanlığın birliyi kimi anlayışların əhəmiyyətinə verilən dəyərin göstəricisidir.

Lakin Pekinin reaksiyası gecikməyib. Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tsyan bildirib ki, Çin tərəfi mədəni və bədii mükafatların “antixin siyasi alətə çevrilməsini” qəti şəkildə rədd edir. Onun sözlərinə görə, Dalay-lama separatçı fəaliyyəti ilə tanınır və bu cür mükafatlar siyasi mesaj daşıyır.

Çin hakimiyyəti uzun illərdir Dalay-lamanı ölkənin ərazi bütövlüyünə təhlükə yaradan fiqur kimi təqdim edir. Rəsmi Pekin onu “separatçı” və “dissident” adlandırır. Dalay-lama isə 1959-cu ildə Tibətdə baş verən hadisələrdən sonra Hindistana mühacirət edib və hazırda Dharamsala şəhərində yaşayır.

Qeyd edək ki, tibetlilər Dalay-lamanı 1391-ci ildən bəri davam edən ruhani liderliyin 14-cü reinkarnasiyası hesab edirlər. O, indiyədək Nobel Sülh Mükafatı, ABŞ Prezidentinin Azadlıq Medalı və Qandi adına Sülh Mükafatı kimi nüfuzlu təltiflərə layiq görülüb.

Son illər Dalay-lamanın yaşı və sağlamlıq durumu onun gələcək varisi ilə bağlı müzakirələri də gündəmə gətirib. O, yaxın vaxtlarda verdiyi açıqlamada bildirib ki, ölümündən sonra reinkarnasiya ənənəsi davam edəcək, lakin yeni Dalay-lamanın kim olacağına yalnız onun yaxın ətrafı qərar verəcək. Bu mövqe isə Çin tərəfinin narahatlığını daha da artırıb.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью