Çin də qocalır

29.10.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çin hökuməti ölkədə ilk dəfə olaraq ailələrin uşaqlarla müqayisədə daha çox yaşlı insanın qayğısına qaldığını açıqlayıb.

"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki,  2025-ci ildə əmək qabiliyyətli əhaliyə nisbətdə yaşlıların payı 23 faizə çatıb. 14 yaşadək uşaqların payı isə 22 faiz təşkil edib. Beləliklə, Çində ilk dəfə olaraq yaşlıların əmək qabiliyyətli əhaliyə nisbəti uşaqların müvafiq göstəricisini üstələyib.

Çin Milli Statistika Bürosunun məlumatına əsasən, ölkədə yaşı 65 və daha yuxarı olan 223 milyondan çox insan yaşayır. Bu, ümumi əhalinin təxminən 16 faizidir. Ölkədə 14 yaşadək uşaqların sayı isə 213 milyon civarındadır.

Əhalinin yaşlanması Çinin iqtisadiyyatı üçün də ciddi çağırış yaradır. İşçi qüvvəsinin azalması iqtisadi artıma təsir göstərə, pensiya və səhiyyə xərclərini artıra bilər. Analitiklər hesab edirlər ki, bu dəyişiklik dövlət büdcəsindən ayrılan vəsaitin istiqamətinə, eləcə də ailələrin üzərinə düşən qayğı yükünə təsir edəcək.
Çində demoqrafik vəziyyətin dəyişməsinə bir sıra amillər təsir göstərir. Bunlara insanların daha uzun yaşaması, şəhərləşmə və 1980-ci ildən 2015-ci ilin sonunadək tətbiq edilən biruşaqlı ailə siyasəti daxildir. Həmin siyasət dövründə ailələrin uşaq sayına məhdudiyyət qoyulmuşdu.

Hökumət sonradan bu məhdudiyyətləri yumşaltsa da, doğum səviyyəsini yüksəltmək mümkün olmayıb. Pekin gəncləri ailə qurmağa, cütlükləri isə daha çox uşaq sahibi olmağa təşviq edir. Lakin yaşayış xərclərinin artması, dəyişən həyat tərzi və ailə qurmaqla bağlı yanaşmaların dəyişməsi bu səyləri çətinləşdirir.

Sinqapur Milli Universitetinin sosiologiya üzrə müəllimi Mu Zhengin fikrincə, yaşlı əhalinin artması ölkənin iqtisadi hədəflərinə çatmasını çətinləşdirə, insanların xərcləmə imkanlarını da məhdudlaşdıra bilər. Honkonq Elm və Texnologiya Universitetinin professoru Stüart Gitel-Basten isə demoqrafik dəyişikliklərin dövlət xərclərinin bölüşdürülməsinə təsir göstərəcəyini bildirib. Onun sözlərinə görə, gələcəkdə pensiya və səhiyyə xidmətlərinə daha çox vəsait ayrılması zərurəti yarana bilər.

Çində yaşlılara dəstək tədbirləri genişləndirilir. Hökumət yaşlı əhalinin ehtiyaclarını yeni beşillik iqtisadi planın əsas istiqamətlərindən birinə daxil edib. Rəsmi məlumatlara görə, 2025-ci ilin sonuna 53 milyondan çox yaşlı insan yaşa görə müavinət və digər dəstək ödənişləri alıb. Digər tərəfdən, əhalinin yaşlanması yeni iqtisadi imkanlar da yaradır. Yaşlı insanların ehtiyaclarına uyğun məhsul və xidmətləri əhatə edən “gümüş iqtisadiyyat”ın inkişafı bu sahələrdən biri hesab olunur.

Mütəxəssislər bildirirlər ki, yaşlı əhalinin sayını qiymətləndirərkən onları yalnız başqalarının qayğısına ehtiyacı olan insanlar kimi təqdim etmək düzgün deyil. Çünki bu yanaşma yaşlıların müstəqilliyini və cəmiyyətə töhfə vermək imkanlarını nəzərə almır. Həmçinin səhiyyə xidmətlərinin yaxşılaşması və insanların daha sağlam yaşlanması da qiymətləndirmələrdə nəzərə alınmalıdır.

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью