Icma.az, 525.az portalına istinadən məlumat verir.
“Oktyabrın 26-dan 29-dək Pekində Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin 20-ci çağırışının 5-ci plenumu uğurla keçirildi. Bu gün dünyada getdikcə daha çox insan anlayır ki, Çini idarə etməyin açarı Çin Kommunist Partiyasının özünü idarə etməsindədir; müasir Çini anlamaq üçün Çin Kommunist Partiyasını anlamaq lazımdır”.
525.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının (ÇXR) Azərbaycandakı səfiri Lu Mey mətbuat konfransında deyib.
Səfir bildirib ki, plenumun Çin Kommunist Partiyasının yaradılmasının 105-ci ildönümünün qeyd olunduğu mühüm bir dövrdə və Çin xalqının böyük milli dirçəlişi prosesinin həlledici mərhələsində keçirilməsi olduqca əhəmiyyətli toplantı idi.
“Plenumda partiyanın hərtərəfli və ciddi şəkildə özünüidarəetmə prinsipinin ardıcıl həyata keçirilməsi istiqamətində işlərin sistemli şəkildə təşkili məsələlərinə diqqət yetirildi. Həmçinin Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin “Partiyanın hərtərəfli və ciddi şəkildə özünüidarəetməsinin ardıcıl təşviqinə dair bir sıra mühüm məsələlər haqqında” Qərarı nəzərdən keçirilərək qəbul edildi.
Qərarda kommunistlərin partiya prinsiplərinə sadiqliyinin gücləndirilməsinin, demokratik mərkəzləşmə prinsipinə ciddi riayət olunmasının, milli dirçəliş missiyasını üzərinə götürməyə qadir yüksək keyfiyyətli kadr potensialının formalaşdırılmasının, eləcə də qəbul edilmiş qərarların səmərəli icrasını təmin edən ciddi təşkilati sistemin yaradılmasının vacibliyi vurğulanır.
Qərarda iş üslubunun və intizamın ardıcıl şəkildə möhkəmləndirilməsi, “korrupsiyaya cəsarət etməmək, korrupsiyaya şəraitin olmaması və korrupsiyaya meyil göstərməmək” mexanizminin kompleks şəkildə və ardıcıl həyata keçirilməsi, partiyanın institusional əsaslarla və daxili norma və qaydalarına uyğun idarə olunması, partiya və dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi, habelə partiyaya rəhbərlik və onun idarə olunması üzrə məsuliyyətin ardıcıl və qətiyyətlə gücləndirilməsi zərurəti də qeyd olunur”, - səfir bildirib.
Əlavə edib ki, plenumun yekun kommunikesində Si Cinpinin partiya quruculuğu ilə bağlı ideyası rəsmi şəkildə təsbit olunub: “Bu ideya yeni dövrdə partiya quruculuğunun yeni böyük layihəsinin daha da dərinləşdirilməsinin fundamental rəhbər prinsipi və fəaliyyət istiqaməti kimi müəyyən edilib.
Baş katib Si Cinpin qeyd edib ki, Çini idarə etməyin açarı Çin Kommunist Partiyasının özünü idarə etməsində, partiya üzərində hərtərəfli və ciddi nəzarətin həyata keçirilməsindədir. Çin Kommunist Partiyası 100 ildən artıq tarixə və 100 milyondan çox üzvə malik olmaqla dünyanın ən böyük siyasi partiyasıdır. Düşüncələrdə vahidlik və fəaliyyət istiqamətində aydınlıq olmadıqda, partiyanı idarə etmək və ona rəhbərlik etmək mümkün deyil”.
Lu Mey söyləyib ki, Çin Kommunist Partiyasının XXI qurultayının 2027-ci ilin ikinci yarısında keçirilməsi barədə qərar qəbul edilib: “Bu, partiyamızın sosialist modernləşməsinin fundamental şəkildə həyata keçirilməsinin həlledici mərhələsində və ikinci yüzillik məqsədinə nail olmaq yolunda yeni mərhələdə keçirəcəyi olduqca mühüm qurultaydır. Bu tədbir partiyanın və ölkənin siyasi həyatında əlamətdar hadisə olacaqdır”.
Səfir deyub ki, son illərdə Çin Xalq Respublikasının Sədri Si Cinpinin və Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi diqqəti və dəstəyi sayəsində Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında yüksək səviyyəli, konkret məzmunlu və müxtəlif formalı fikir mübadiləsi müntəzəm xarakter alıb və Çin-Azərbaycan münasibətlərinin inkişafına səmərəli töhfə verib:
“Bu yaxınlarda Yeni Azərbaycan Partiyasının VIII qurultayı keçirilib. Çin tərəfi qurultayın uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırır və hakim partiyalar arasında institusional əlaqələrin möhkəmləndirilməsi, Si Cinpinin partiya quruculuğu ilə bağlı ideyalarının dərindən öyrənilməsi, fikir mübadiləsinin və qarşılıqlı təcrübədən bəhrələnmənin genişləndirilməsi, eləcə də partiyanın və dövlətin idarəçilik qabiliyyətinin birgə artırılması məqsədilə Azərbaycan tərəfi ilə əməkdaşlığı genişləndirməyə hazırdır”.
Pərvanə Sultanova