Çin kosmosda 14 növ bitki yetişdirib

21.09.2026

Oxumeni.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Çin kosmosda 14 növ bitki yetişdirib

Çinli mütəxəssislər “Tianqonq” orbital stansiyasında 14 növə aid 20-dən çox müxtəlif bitki yetişdirərək kosmosda kənd təsərrüfatı bitkilərinin genişmiqyaslı istehsalının əsasını qoyublar.

Oxuməni.az “Jenmin jibao”ya istinadla xəbər verir ki, bu barədə Çin Astronavtların Hazırlığı Mərkəzi məlumat yayıb.

Bu texnoloji nailiyyət Şimali Çinin Tyantszin şəhərində keçirilən Birinci Ümumçin Aerokosmik Tibbi Mühəndislik Konfransında qeyd olunub. “Şençjou-21” pilotlu kosmik gəmisinin ekipaj üzvü Çjan Hunçjan Çin kosmik stansiyasındakı inkişaf edən “kosmik bağın” foto və videolarını nümayiş etdirib. Görüntülərdə kahı, yerkökü, günəbaxan, kartof və buğda da yer alıb.

“Uzunmüddətli kosmik uçuşlar Yer kürəsindən ərzaq və digər ehtiyatların çatdırılmasından asılılığımızı azaltmağı tələb edir. Buna görə də apardığımız nəzarət olunan ekoloji həyat təminatı sistemi (CELSS) üzrə təcrübələr kosmosda suyu, havanı və qidanı bərpa edə bilən ekosistem yaratmağa, Yerdən asılılığı azaltmağa və hətta özünütəminetməyə nail olmağa yönəlib”, – Çin Astronavtların Hazırlığı Elmi-Tədqiqat Mərkəzinin eksperti Byan Tsyan bildirib.

CELSS texnologiyası orbitdəki astronavtları hava, su və qidanın yüksək səmərəli şəkildə təkrar dövriyyəsi və bərpası ilə təmin etmək üçün süni şəkildə yaradılmış qapalı və nəzarət olunan ekosistemdən istifadə edir. Bu texnologiya insanların uzunmüddətli məskunlaşması üçün uyğun həyat təminatı və sağlamlığın qorunması sistemi yaratmağa imkan verir.

Byan Tsyanın sözlərinə görə, hazırda kosmik stansiyada bitki yetişdirmək üçün iki növ qurğu fasiləsiz fəaliyyət göstərir: onlardan biri substrat əsaslı becərmə üsuluna, digəri isə aeroponik üsula əsaslanır. Bu qurğular birlikdə əsasən fiziki və kimyəvi təkrar dövriyyəyə, bioloji regenerasiyaya isə köməkçi komponent kimi əsaslanan ilkin həyat təminatı sisteminin yaradılması istiqamətində tədqiqatçılara dəyərli təcrübə qazandırır.

“Daha səmərəli aeroponik qurğu 2025-ci ildə kosmik stansiyaya göndərilib. O vaxtdan bəri orbitdə buğdanın tam becərilmə dövrünü başa çatdırmışıq və onun toxumlarından istifadə etməklə ikinci becərmə mərhələsinə başlamışıq. Bitki yaxşı inkişaf edir və məhsul yığımına az qalıb”, – ekspert bildirib.

O, Çinin Ay proqramı irəlilədikcə Ayda da “tərəvəz bağı” yaradıla biləcəyini istisna etməyib.

Almaz Həsənli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью